Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:28

«Şərq Tərəfdaşlığı» Proqramı: «Demokratiya və insan haqlarında Azərbaycan az irəliləyib»


Prezident İlham Əliyev Vilnüs sammitində - 29 noyabr 2013
Prezident İlham Əliyev Vilnüs sammitində - 29 noyabr 2013
-
Martın 27-də Avropa Komissiyası «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində ölkələrə dair hesabat açıqlayıb. Hesabatda altı Şərq qonşusunun – Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynanın uğurları, eləcə də çatışmazlıqlar olan sahələr göstərilib.

AzadlıqRadiosunun Brüssel müxbiri xəbər verir ki, hesabatda Avropa Komissiyasının gələcək addımları, Avropa Birliyinin növbəti 7 ildə 15.4 milyard avronu necə xərcləyəcəyi müəyyənləşdirilib.

HƏLLEDİCİ İL, ANCAQ...

2013-cü il AB-Azərbaycan ikitərəfli münasibətlərində həlledici il olub. Azərbaycanın Vilnüsdə sammitində iştirakı AB-Azərbaycan münasibətlərinin gələcək inkişafı üçün potensialı üzə çıxarıb. Assosiasiya Sazişi və Strateji Modernizasiya Tərəfdaşlığı üzrə danışıqlar, eləcə də enerji məsələlərində əməkdaşlıq davam edib. Azərbaycanla Strateji Enerji Tərəfdaşlığı gücləndirilib; Avropa enerji təhlükəsizliyini artıracaq «Cənub Qaz Dəhlizi»nin tikintisinə dair addımlar atılıb.

Ancaq demokratik idarəçilik və insan haqları islahatları baxımından çox az irəliləyiş əldə olunub. Prezident seçkisinin təşkili narahatlıq yaradıb. Mühüm problemlər üzə çıxıb, ifadə, toplaşma və birləşmə azadlıqlarına məhdudiyyətlər namizədlər üçün bərabər şərait yaradılmasına əngəl törədib.

2012-ci ilin Fəaliyyət Planındakı tövsiyələrdən sonra Azərbaycan ictimai vəsaitlərin idarəolunması məsələlərini qismən həll edib, uyğun olaraq korrupsiya ilə mübarizə sahəsində bəzi addımlar atıb. Ancaq seçki qanunvericiliyinin ATƏT/DTİHB-nin tövsiyələrinə uyğunlaşdırılması üçün əsas tövsiyələrə əməl olunmayıb. Defamasiya və rəqabətlilik qanunvericiliyinə dair qanunlara dəyişiklik olunmayıb. Bu ilin hesabatı və 2014-cü ildə «Şərq Tərəfdaşlığı» Fəaliyyət Planının davamlı həyata keçirilməsi üçün Azərbaycana aşağıdakı tövsiyələr irəli sürülür:

TÖVSİYƏLƏR

- Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın öhdəliklərinə dair 2013-cü il yanvar qətnaməsinin səmərəli və tam icrası təmin edilsin;

- 2011-ci ilin dekabrında qəbul olunmuş insan haqları Milli Fəaliyyət Planının icrası davam etsin;

- Seçki qanunvericiliyi ATƏT/DTİHB-nin tövsiyələrinə uyğunlaşdırılsın. Gələcək bələdiyyə və parlament seçkilərindən öncə səmərəli icrası təmin olunsun;
9 oktyabr prezident seçkisi
9 oktyabr prezident seçkisi
- Ədliyyə sistemində islahatlar davam etsin və 2014-2020-ci illər üzrə Ədliyyə İslahatı Proqramı qəbul olunsun. Məhkəmənin tam müstəqilliyi təmin edilsin. Məhkəmə Hüquq Şurasının roluna dair qanun qüvvəyə minsin. Bütün hakimlər üçün bəlli istefa yaşı müəyyənləşsin.

- Böhtana görə cəzanın dekriminallaşdırılması üçün defamasiya qanunu qəbul olunsun.

- Jurnalistlərin, fəalların təhdidi və qətli hallarının araşdırılması üçün tədbirlər sürətləndirilsin;

- 2012-2015-ci illər Korrupsiyaya qarşı Milli Fəaliyyət Planı yerinə yetirilsin;

- İctimai vəsaitlər və maliyyə şəffaflığının dəyərləndirilməsi aparılsın və dərc olunsun. Tapıntılara əsaslanaraq bitkin ictimai maliyyə idarəçiliyinə dair siyasi islahatlar həyata keçirilsin;

- İqtisadi şaxələndirmə və regionların inkişafı siyasəti, özəlliklə bazarda daha çox proqnozlaşdırma və şəffaflıq, investorlar üçün bərabər mühit yaradacaq rəqabət qanununun qəbulu və icrası davam etsin;

- Enerji sahəsində Anlaşma Memorandumuna uyğun olaraq 2013-2014-cü illər üçün tədbirlər həyata keçirilsin;

- Azərbaycanda yerli özünüidarənin siyasi, qanunverici və institusional çərçivəsi Avropa Yerli Özünüidarə Xartiyasına uyğunlaşdırılsın;

- Azərbaycan və Ermənistan prezidentlərinin Minsk qrupu çərçivəsində öhdəliklərinə uyğun olaraq sülh üçün əsas kimi «Madrid Prinsipləri» razılaşmasına doğru addımlar atılsın. Gərginliyi artıracaq və sülh prosesini zədələyəcək hərəkət və bəyanatlardan çəkinilsin;

- Münaqişənin həllinə doğru mühit yaratmaq, müvafiq sülhyaratma tədbirləri həvəsləndirilsin və dəstəklənsin;

- AB təmsilçilərinin Dağlıq Qarabağ və ətraf regionlara maneəsiz çıxışı təmin olunsun.
Bakıda etiraz aksiyası - 12 oktyabr 2013
Bakıda etiraz aksiyası - 12 oktyabr 2013
İllik hesabatda AB ilə Azərbaycan arasında 2013-cü ildə əməkdaşlığın müxtəlif sahələrində irəli sürülən, həyata keçirilən, yaxud yubadılan islahatlar qeyd olunub. Onlardan bəzilərinə özəl diqqət yetirməyə dəyər.

İCRA OLUNAN, YUBADILAN.... İSLAHATLAR

2011-ci ildə İnsan Hüquqlarına dair Milli Fəaliyyət Planının qəbuluna baxmayaraq, onun bəzi maddələri kağız üzərində qalıb. Seçkiöncəsi bütün sahələrdə siyasi azadlıqlar əsaslı sərtləşdirilib: ifadə azadlığı pisləşib, jurnalistlər və fəallara təzyiqlər artıb, toplaşmaz azadlığı məhdudlaşdırılıb, QHT qanunvericiliyi məhdudlaşıb. Korrupsiyaya qarşı mübarizə sistematik xarakter daşımayıb. 2013-cü ildə məhkəmə sistemində müstəqillik çatışmayıb.

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyündə ciddi irəliləyiş olmayıb.

Viza rejiminin sadələşdirilməsi və Readmissiya Sazişlərinə dair AB-Azərbaycan danışıqları 2013-cü ilin martında yekunlaşıb. Viza sazişi noyabrda Vilnüs samitində imzalanıb. AB-Azərbaycan Mobil Tərəfdaşlığı dekabrın 5-də imzalanıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Minsk prosesində çıxılmaz durum 2013-cü ildə davam edib. İki ölkə prezidenti 2013-cü ilin noyabrında görüşüb. Onlar gələn aylarda yenidən görüşməyə razılaşıblar. 2014-cü ildə də təmas xəttində zorakılıqlar artıb. AB davamlı həlli asanlaşdırmaq üçün ATƏT-in Minsk qrupu həmsədrlərinə tam dəstək verməkdə davam edib.

Avropa Qonşuluq Siyasəti AB ilə Azərbaycan arasında münasibətləri tənzimləyir.

TƏNQİD DOĞURAN MƏQAMLARA RƏSMİ İZAHLAR

Rəsmilər adətən ölkədə bütün zümrələrin hüquqlarının təmin olunduğunu bildirirlər. Parlamentin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bir müddət əvvəl «Milli Fəaliyyət Planı»yla bağlı son bir ildə qəbul olunmuş sənədlər toplusuna baxmağı məsləhət görürdü:

«Nazirlər Kabinetinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, ayrı-ayrı strukturlara administrasiya tapşırıqları, Milli Məclisin üzərinə düşən vəzifələr və onların gerçəkləşməsi yolunda atılan addımlarla əlaqədar bütün sənədlər toplusunu sizə göndərim. Bir daha əmin olasınız ki, nə qədər böyük işlər görülüb».
Əli Hüseynli
Əli Hüseynli
Hesabatda korrupsiya ilə mübarizənin sistematik aparılmadığı bildirilir. Ancaq Korrupsiya ilə Mübarizə Komissiyasının üzvü Əli Hüseynli AzadlıqRadiosuna müsahibəsində ölkədə korrupsiya ilə mübarizədə irəliləyişləri vurğulayır:

«Korrupsiya ilə mübarizədə məqsəd heç də reytinqlərdə durumu yaxşılaşdırmaq deyil. Gürcüstanın vəziyyəti bir neçə il əvvəl «Transparency International»ın reytinqində çox yaxşı idi. Ancaq hakimiyyət dəyişdi, keçmiş hakimiyyətin dövrü araşdırıldı, çox acınacaqlı hallar üzə çıxdı. Piar məsələsini kənara qoyaq. Bizim ölkədə korrupsiya ilə mübarizə heç vaxt kampaniya xarakteri daşımayıb. Ancaq iqtisadi baxımdan sürətlə inkişaf edən ölkələrdə korrupsiya ilə mübarizənin spesifikliyi olur, onunla mübarizə də elə də asan deyil. Ancaq son siyasət effekt verməyə başlayıb».

DİGƏR ÖLKƏLƏR


Gürcüstan və Moldova ötən noyabrda AB-nin Vilnüs samitində Assosiasiya Sazişlərini paraflayıb və bu il imzalaya bilər.

Yerevan 2013-cü ilin sentyabrında Rusiyanın rəhbərlik etdiyi Gömrük İttifaqına qoşulmaq üçün AB ilə Assosiasiya Sazişini paraflamaqdan imtina edib. Ancaq Brüssel Ermənistanla gələcək əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu bəyan edib.

Dağlıq Qarabağa dair AB vurğulayır ki, Ermənistan münaqişə zonasına AB təmsilçilərinin maneəsiz çıxışını təmin etməli, gərginliyi artıran hərəkət və bəyanatları dayandırmalıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG