Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 05:37

«Azərbaycanda bu maddə qaza primitiv üsulla vurulur»


Nüsrət Qasımov
Nüsrət Qasımov
-
«Lökbatanda 100-dən çox adamın odorant maddəsindən zəhərlənməsini uzun-uzadı araşdırmağa ehtiyac yoxdur. Bu, aydın məsələdir. Bilinən məsələnin araşdırılmasına nə ehtiyac var?».

Bunu «Azəriqaz» Səhmdar Cəmiyyətinin sabiq idarə rəisi Nüsrət Qasımov AzadlıqRadiosuna müsahibəsində deyib:

«İndi kiminsə inkar etməsi ilə deyil ki? Odorant zəhərli maddədir və Lökbatanda adamların zəhərlənməsi də onun normadan artıq olması ilə bağlıdır. 1882-ci ildə İngiltərədə həmin maddədən bomba kimi istifadə olunub. İngilislər o bombanı qəsdən hazırlamışdılar, Lökbatandakı hadisə isə naşılıqdan baş verib. Eşitdiyimə görə, qaz kəməri təmirə dayandırılanda qaz kranı bağlanıb, odorantın ventili açıq qalıb və bu maddə qaz borusuna dolub. Təmirdən sonra qaz veriləndə həmin maddə yüksək doza ilə evlərə daxil olub. Borularda sızmalar olduğundan adamlar arasında ürəkbulanma, başgicəllənmə olub».

Nüsrət Qasımovun dediyinə görə, qış aylarında 1000 kubmetr qaza 16, yay aylarında isə 8 milliqram odorant vurulmalıdır. Bu normada olan maddə insanlar üçün təhlükəli deyil:

«Azərbaycanda bu maddə qaza primitiv üsulla vurulur. Bu elə bir maddədir ki, onu gözəyarı vurmaq olmaz. Bu, təhlükəlidir».

Nüsrət Qasımov bir dəfə belə bir hadisənin sovet dövründə Yasamal rayonunda da baş verdiyini deyir.

O hesab edir ki, hadisəyə görə ən azı qazpaylayıcı stansiyanın operatoru və rəisi cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Martın 6-na keçən gecə Lökbatan qəsəbəsində məişət qazından kütləvi zəhərlənmə olub, 1 nəfər ölüb. Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, 115 nəfərə qazdan zəhərlənmə diaqnozu qoyulub.

Cinayət Məcəlləsinin «səhlənkarlıq» maddəsi ilə iş açılıb.

Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb, araşdırmalara başlanılıb.
XS
SM
MD
LG