Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:42

«2 min vermədim, evimi şumladılar»


Arxiv - foto
Arxiv - foto
-
“Dünən gəldilər. Qapıları bağlamışdıq ki, içəri daxil ola bilməsinlər. Dəmir qapını bir anda sındırıb atdılar kənara. Sonra da bizi tökdülər çölə. Gözümüzün qarşısında traktorları salıb evimizi şumladılar. Şokdayıq”.

AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət edən Arif Babayev martın 6-dək Hövsan qəsəbəsindəki Dənizkənarı küçəsində yaşayıb. İndi konkret yaşayış ünvanı yoxdur. Martın 6-da Suraxanı rayon icra hakimiyyətinin işçiləri ərazi polisinin müşaiyəti ilə onun evini söküb:

"HƏMİN VAXT DƏYİB DOLAŞMADILAR"

“Bir otaqlı ev tikmişdim. 2 min pul boyun olmuşdum. Elə oldu ki, pulu verə bilmədim. Hədələdilər ki, pulu verməsən, evini sökəcəyik. Həmin vaxt ora-bura şikayət yazdım ki, məndən rüşvət istəyirlər, evimi sökməklə hədələyirlər. Hara şikayət yazırdımsa, qayıdıb icra hakimiyyətinə gəlirdi. Həmin vaxt dəyib dolaşmadılar”.

Arif Babayev deyir, yazıb-pozandan sonra bir müddət sakitlik oldu. Daha qapısına gələn, narahat edən yox imiş. Martın 6-da qəflətən qapı döyülüb:

“Qəsəbə nümayəndəsi, polis gəlmişdi. Bir də yanlarında pulyığanlar gəlmişdi. Hansı ki, sən torpaqda tikirsən, onlara pul verirsən, üzlərini o tərəfə çevirirlər ki, guya görmürlər. İcra hakimiyyətinin işçiləridir.

- Sizcə, niyə indiyə qədər gəlib sökmürdülər?

- 2 min manat söz vermişdim. İndi neyləyim ki, olmadı. Özüm işsizəm, yoldaşım analıq məzuniyyətindədir. 2 yaşı tamam olmayan bir qızım da var. Gəlir yerimiz yoxdur. Zorla bir otağı tikib sığınmışdıq. Əvvəllər arxayın edirdim ki, istədikləri pulu tapıb verəcəm. Ona görə də sökmürdülər. Sonra bildirdim ki, əl çəkin, yoxumdur. Onda hədələməyə başladılar, mən də ora-bura yazdım, əl çəkdilər. Sən demə, mən elə bilmişəm əl çəkiblər, ancaq məqam gözləyirlərmiş. Şikayət söhbəti köhnələn kimi şığıdılar üstümüzə. İnanın ki, küçələrdə qaldıq.

- Evə dair hansısa sənədiniz var idi?

- Bir MMC var, 50 manat ödəyirsən, evin çertyojunu çəkir, onun əsasında gedib qaz, su, işıq idarələrinə təqdim edirsən. gətirib qazı, işığı, suyu qoşurlar. Mən də belə etmişdim. İşıq, su, qaz qoşulmuşdu, sayğaclarımız da vardı. Başqa heç bir sənədimiz yox idi. Çünki bu sənədləri düzəltmək çox baha başa gəlir. Pulsa yoxdur”.

"TİKİLİ QANUNSUZ İDİ"

Suraxanı rayon İcra Hakimiyyətindən deyirlər ki, Arif Babayev torpağı zəbt edib, qanunsuz ev tikib. Ona dəfələrlə xəbərdarlıq olunsa da, zəbt etdiyi torpağı boşaltmayıb. Martın 6-da icra hakimiyyəti özü “əncam çəkməli” olub.

Arif Babayevsə razılaşmır. Deyir, icra hakimiyyəti evini məhkəmə qərarı olmadan söküb.

Şikayətçi onu da bildirib ki, bir neçə il əvvəl valideynlərinə Hövsan qəsəbəsində torpaq sahəsi ayrılıb. Ancaq kanalizasiya suları axıdılan iri qovşağa yaxın olduğuna görə həmin torpaqdan istifadə edə bilməyiblər. İcra hakimiyyəti söz verib ki, onları başqa yerdə torpaqla təmin edəcək. Ancaq sonradan boş torpaq sahəsi olmadığını səbəb gətirərək torpaq ayırmaqdan imtina edib.

Hüquqşünas Namizəd Səfərov bildirir ki, icra hakimiyyətinin hərəkətləri qanunsuz olub:

“Əvvəla, hansısa ərazidə daşı-daş üstə qoyan kimi icra hakimiyyətindən tutmuş sahə müvəkkilinə qədər hamı tökülüşüb gəlir. Təbii ki, əgər 2 il əvvəl icra hakimiyyəti o boyda ev tikintisinə göz yumubsa, burada məqsəd olub. O ki qaldı söküntüyə, istənilən qanunsuz tikili yalnız məhkəmə qərarı ilə sökülə bilər”.

Hüquqşünas bildirir ki, prezident 2 il əvvəl qanunsuz tikililərin sənədləşdirilməsi üçün göstəriş verib. Arif Babayevin tikdiyi ev mühafizə zolağına düşmürdüsə, yerli icra hakimiyyəti onu sökə bilməzdi. O, Arif Babayevə məsləhət görür ki, dəymiş zərərə görə yerli icra hakimiyyətini məhkəməyə versin.
XS
SM
MD
LG