Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:26

Lökbatanda insanlar nədən zəhərlənib? [Video]


-


Lökbatan qəsəbəsində qazdan kütləvi zəhərlənmə baş verib. Martın 6-na keçən gecə zəhərli qazdan eyni vaxtda bir neçə binanın onlarla sakini zərər çəkib, bir nəfər ölüb.

«İşdən sonra» verilişində Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov, NHMK sədri Mirvari Qəhrəmanlı və «Azəriqaz» İstehsalat Birliyinin mətbuat katibi Araz Ağayev baş verən kütləvi zəhərlənmənin səbəbləri haqda danışıblar.


«SƏBƏB ODORANTDIRSA, ELƏ DÖRD BİNAYA GEDƏN QAZA VURULUB?»

Mirvari Qəhrəmanlı zəhərlənməyə səbəbin qaza vurulan odorant maddəsi olmadığını düşünür:

«İki-üç ildir ki, Azərbaycanda qazdan zəhərlənmədən, partlayışdan ölənlərin sayı artıb. Qaz qurbanlarının səbəbləri araşdırılmır. Heç kəs cəzalandırılmır. Bu hadisə baş verən kimi deyildi ki, səbəb qaza vurulan odorant maddəsi ola bilər. Bu maddə qazpaylayıcı stansiyada qatılır. Ən azı bütün rayonu əhatə edir. Səbəb odorantdırsa, elə dörd binaya gedən qaza vurulub?..».

«MƏSULİYYƏT OLMAYANDA MÜTLƏQ CİNAYƏT OLUR»

Eyyub Hüseynov bu cür hadisələrin təchizatçının məsuliyyətsizliyindən baş verdiyini deyir:

«Qazdan istifadə edən şəxslər də istehlakçıdır. Bu sahədə narahatlıq həmişə var. Bizə hər gün qazın keyfiyyətsizliyi, təzyiqinin aşağı olması, işlədicilərə uyğun olmaması barədə şikayətlər gəlir. Dəfələrlə dövlət orqanları qarşısında problemləri səsləndirsək də, elementar məsələlərin belə həllinə nail ola bilmirik. Əsas məsələlərdən biri qaz təchizatçısı ilə abonent arasında bağlanan müqavilənin şərtlərinin balanslaşdırılmasıdır. Müqavilə şərtlərində təchizatçının, demək olar ki, məsuliyyəti yoxdur. Məsuliyyət olmayanda isə mütləq cinayət olur. Biz dəfələrlə bunu təklif etmişik. Təchizatçı vətəndaşa ölümə səbəb olan keyfiyyətsiz qaz verib...».

«ODORANT İLKİN VERSİYADIR»

«Azəriqaz» İstehsalat Birliyinin mətbuat katibi Araz Ağayev hadisənin səbəblərinin komissiya tərəfindən araşdırıldığını deyir:

«Həmin ərazidə təmir işləri başa çatandan sonra xəttə təbii qazın verilişi bərpa olunub. İlkin versiyaya görə, kütləvi zəhərlənmə qaza vurulan odorant maddəsi ilə bağlıdır. Bu maddənin xüsusi iyi var, sızmaların qarşısını almaq, onu təyin etmək üçün bu maddə qaza vurulur. Ola bilər ki, odorantın miqdarı normadan artıq olub və elə bir kəskin iy yaranıb. ARDNŞ tərəfindən komissiya yaradılıb və məsələ araşdırılır. Yekun rəy hazır olandan sonra cəmiyyətə açıqlanacaq...».
XS
SM
MD
LG