Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:03

Sumqayıt hadisələri yenidən araşdırılacaq


Sumqayıt poqromları
Sumqayıt poqromları
-
«Mənim yadıma gəlir, Sumqayıtda hadisələr 3-cü mikrorayonda başladı. Orada sovet xalqlarının beynəlmiləlçiliyinə həsr olunmuş bir abidə vardı. Bir də adamlar 41 və 42-ci məhəllələrə çox gedirdilər. Orada mitinqlər gedirdi. Evlərə girir, dağıdırdılar. Həmin adamlar içkili idilər, öyrədilmiş adamlara oxşayırdılar. Sanki onlara xüsusi bir dərman vermişdilər. Çoxu gənclər idi. Sonradan məlum oldu ki, bu işin başında duran Qriqoryanmış...».

Sumqayıt sakini, jurnalist Natiq Cavadlı 1988-ci ilin 28 fevral gününü belə xatırlayır. Deyir, həmin günlər kütlə hara aparılırdısa, o da oraya gedirdi. Ancaq həmin günlər erməni qonşularına qahmar çıxan çox azərbaycanlı ailə olub:

«İki erməni qonşumuz vardı – dərzi Artuş dayı, şirniyyat fabrikində çalışan Georgi dayı. Artuş dayının həyat yoldaşı Anya xala da dərzi idi. Çox yaxşı insanlardılar. Qonşular yığışdı, onları gizlətdi. Kişilər blokun ağzında dayanıb məhəlləyə gələnlərin qarşısını aldılar. O günlər hüquq-mühafizə orqanları çox zəif işləyirdi. Hadisələrin idarə olunduğu görünürdü. Necə olurdu ki, mitinqlər 27-si gecədən başladı, 28-si qızışdı, amma şəhərə ordu çox gec girdi? Ordu şəhərə martın ya 1-də, ya da 2-də girdi. Halbuki «Nasosnı»da ordu qüvvələri vardı. Onları vaxtında gətirib məsələni həll edə bilərdilər».

Sumqayıt hadisələrinin gizli qalan məqamları

Sumqayıt hadisələrinin gizli qalan məqamları

«RESPUBLİKA PROKURORU GƏLİB GÖRÜB Kİ...»

O dönəmlər Azərbaycan prokuroru vəzifəsini daşıyan İlyas İsmayılov hadisələr baş verəndə ölkədə olmayıb. Qayıdıb gələndə olub-bitənlərlə üz-üzə qalıb:

«Mən SSRİ nümayəndə heyətinin tərkibində insan hüquqları komitəsinin növbəti konfransında iştirak etmək üçün Cenevrədə idim. Gəldim gördüm, hadisə baş verib. Moskvadan da SSRİ prokurorunun, Daxili İşlər Nazirliyinin, güc strukturlarının adamları gəliblər, işi icraata götürüblər. İşi apardılar, ermənilərin şikayətinə görə bizi məşğul olmağa da qoymadılar. Sonrakı mərhələdə də işlərin bir hissəsini apardılar Moskvada SSRİ Ali Məhkəməsi baxdı. Əhməd Əhmədov vardı, ona güllələnmə verdilər. İşlərin bir hissəsini də Rusiyanın vilayət məhkəmələrinə göndərdilər. Bəzi işlərə də burda baxırdılar...».

Aslan İsmayılov
Aslan İsmayılov
Sumqayıt hadisələri ilə bağlı işdə dövlət ittihamçısı olmuş hüquqşünas Aslan İsmayılov deyir ki, bu hadisə heç də iki millət arasında baş verən bir olay deyildi. Belə toqquşma bəzi güclərə lazım idi.

Aslan İsmayılov iğtişaşlara görə ittiham olunmuş Eduard Qriqoryana, Vaqif Hüseynova güllələnmə cəzası istəyib. Ancaq məhkəmə Qriqoryana 12 il, digərlərinə 7-8 il cəza verib. Sonradan Qriqoryan Azərbaycandan çıxarılıb. Aslan İsmayılov məhkəmə materialları əsasında hazırladığı kitabında yazır ki, Sumqayıt hadisələrində zərərçəkənlər - Lyudmila və Karina Melkumyan bacıları Yerevanda keçirilən məhkəmə prosesində Eduard Qriqoryanın iğtişaşçıların önündə getdiyini deyiblər:

«Cinayət törətməkdə şübhəli bilinənlərin hamısının şəkillərini zərərçəkənlərə göstəriblər, o cümlədən Melkumyan bacılarına. Həmin bacılar onlarla adamın fotosuna baxıb bəzilərini tanıdıqlarını deyiblər, amma Eduard Qriqoryanın fotosunu görüncə, qəzəblə qışqıraraq, bütün hadisələrin başında onun durduğunu bildiriblər».

Rüstəm Usubov
Rüstəm Usubov
SUMQAYIT İĞTİŞAŞLARI YENİDƏN ARAŞDIRILACAQ

«26 il əvvəl baş vermiş Sumqayıt iğtişaşları hərtərəfli və obyektiv araşdırılmayıb. Əsl təşkilatçılar məsuliyyətdən kənarda qalıblar. Buna görə Sumqayıt hadisələrinin yenidən araşdırılması zərurəti yaranıb» – Fevralın 28-də baş prokurorun birinci müavini Rüstəm Usubov «Sumqayıt, 1988. Cinayət və cəza» kitabının təqdimat mərasimində belə deyib. Onun sözlərinə görə, baş prokuror Zakir Qaralovun əmri ilə SSRİ Baş Prokurorluğu istintaq qrupunun aparmış olduğu və icraatlarını dayandırdığı cinayət işlərinin öyrənilməsi üçün prokurorluğun təcrübəli işçilərindən ibarət komissiya yaradılıb. Komissiya həmin işlərin icraatlarının təzələnərək yenidən istintaq aparılmasını tövsiyə edib.

«Sumqayıt, 1988. Cinayət və cəza» kitabının təqdimat mərasimindəki çıxışında Rüstəm Usubov onu da deyib ki, vaxtilə baş verənlər sovet rəhbərliyinin hansısa məkrli planlarından və xüsusi xidmət orqanlarının fəaliyyətindən qaynaqlanıb. İğtişaşların qarşısını almaq üçün dövlət rəhbərliyi səviyyəsində tədbir görülməyib.

Aslan İsmayılov
Aslan İsmayılov
YENİDƏN ARAŞDIRMA NƏ VƏD EDİR?

Sovet Azərbaycanının prokuroru olmuş İlyas İsmayılovun fikrincə, 26 il öncə Sumqayıtda baş verənlərin yenidən araşdırılması elə də asan olmayacaq:

«...Çünki o dövrün cinayət işlərinin əksəriyyəti Moskvadadır. İndi gedib oradakı insanları danışdıra biləcəklər, bilməyəcəklər? Bir halda ki, məşğul olmaq istəyirlər, uğurlar arzulamalıyıq, başqa fikir söyləmək istəmirəm».

Hüquqşünas Aslan İsmayılov deyir ki, bu işin yenidən araşdırılmasını ən çox istəyən adamlardan biri də odur:

«O vaxt mənim məhkəmə nitqim günyarım çəkdi. Bu günyarımın bir hissəsi ayrı-ayrı dustaqların törətdiyi cinayətlərin və bunlara uyğun cəzanın sadalanmasına getdi. Əsas hissə – SSRİ DTK-sının hadisələri necə təşkil etməsi idi. Yadımda deyil, proses dövrü, ya da ondan əvvəl ikinci hissə idi. Mən bu gün istəyirəm ki, Sumqayıt hadisələri ilə bağlı iş öyrənilsin, müzakirə olunsun. Parlamentdə müzakirəyə çıxarılsın. Çünki ermənilər bütün dünyada «Sumqayıt soyqırımı» məsələsini başlayıblar».

Sözügedən iğtişaşların gedişində 32 nəfər öldürülmüşdü. Onlardan 6 nəfəri azərbaycanlı, qalanları erməni olub. İğtişaş və talanlardan sonra şəhərdə komendant saatı elan edilmişdi.
XS
SM
MD
LG