Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:33

Həbs və hesabat [Video]


-


ABŞ Dövlət Departamenti insan haqları hesabatını yayıb. Hesabata əsasən, 2013-cü il Azərbaycanda ifadə, toplaşma və birləşmə azadlıqlarına «artan məhdudiyyətlər» ən ciddi insan haqları pozuntuları sırasında olub.

«İşdən sonra» verilişində bu hesabat və müxalif fəalların həbsləri müzakirə olunub.

«HƏBSLƏRİN MƏQSƏDİ ÖLKƏDƏ QORXU MÜHİTİNİ SAXLAMAQDIR»

Hüquq müdafiəçisi Rəsul Cəfərov hesab edir ki, ABŞ Dövlət Departamentin hesabatı Azərbaycanla bağlı bütün reallıqları əks etdirir:

«Hesabatda Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması, eləcə də digər məsələlərlə bağlı məlumatlar geniş əks olunub. Bir sözlə, ölkədəki real vəziyyət hesabatda yer alıb. Hesabat hazırlanarkən istər yerli, istərsə də beynəlxalq təşkilatların hesabatlarına, o cümlədən ABŞ Dövlət Departamentinin öz mənbələrinə əsaslanılıb».

Hüquq müdafiəçisi həbslərdə məqsədin ölkədə qorxu mühiti yaratmaq olduğunu deyir:

«Qısamüddətli həbslər hər il demək olar ki, müxtəlif aksiyalar zamanı baş verir. Həbslərdə məqsəd insanların gözünü qorxutmaq, onları nəzarətdə saxlamaqdır. İnzibati qaydada həbs olunmuş şəxslərə bu müddətdən sonra hansısa iddialarla cinayət işi açılması da artıq qaçılmaz olub. Elə buna görə də, inzibati həbslərdən sonra azadlığa çıxa bilirsə, bunu xoşbəxtlik sayır...».

«HAKİMİYYƏT SİYASİ CƏHƏTDƏN GÜCLÜ OLSA, SİYASİ MƏHBUS OLMAZ»

«Azadlıq» qəzetinin yazarı Seymur Həzi deyir ki, illərlə bu hesabatlar təkrarlansa da, ölkədə dəyişiklik yoxdur:

«İllər öncə də analoji hesabatlar hazırlanıb. Eyni tənqidlər səsləndirilib. Ancaq heç bir dəyişiklik yoxdur. Azərbaycan hökuməti repressiv siyasətini davam etdirir. Son günlərin həbsləri də hökumətin siyasi iradəsinin göstəricisidir. Sivil mübarizə metodu seçmiş insanlara qarşı hökumət daha aqressiv münasibət göstərir. Anlaya bilmirəm ki, Azərbaycan hakimiyyəti bu addımlarla nə etmək istəyir. Çox təəssüf edirəm ki. ölkədə bu cür hakimiyyət var».

Seymur Həzi son həbsləri hakimiyyətin siyasi iradəsinin nəticəsi sayır:

«Son günlər AXCP Gənclər Təşkilatının üzvləri təqiblərə, həbslərə məruz qalır. 26 fevralda «Xocalıya ədalət» şüarı ilə etdiyimiz yürüşə də hakimiyyət mane olmağa çalışdı. Bu həbslərdə birinci məqsəd cəmiyyətin, gənclərin gözünü qorxutmaqdır. Digər tərəfdən bu həbslər 26 fevralda keçirilən aksiyaya hakimiyyətin cavabıdır. Azərbaycanda siyasi məhbus məsələsi hakimiyyətinin siyasi cəhətdən güclü olduğu vaxt həllini tapa bilər. Nə qədər ki, hakimiyyət xalqdan qorxur, bu cür həbslər davam edəcək».
XS
SM
MD
LG