Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:56

"Ukrayna AB-nin üzvü olacaq"


Viktor Yanukovych
Viktor Yanukovych
-
Ukrayna parlamenti Birləşmiş Ştatlar, Böyük Britaniya və Rusiyanı ölkənin suverenliyini təmin etməyə çağırıb.

Parlament Moskvadan xahiş edib ki, ölkənin ərazi bütövlüyünü zərbə altına alacaq istənilən addımı dayandırsın.

Reuters xəbər verir ki, parlament BMT-nin Təhlükəsizlik Şurasından böhranın müzakirəsi üçün sessiya çağırmağı xahiş edib.

18 UKRAYNALININ PULLARI DONDURULUB

İnsan haqlarını pozmaqda və korrupsiyaya bulaşmaqda ittiham olunan 18 ukraynalının sərvətləri dondurulub. Bunu Avstriyanın Xarici İşlər Nazirliyi bildirir. Ancaq nazirlik həmin şəxslərin adlarını açıqlamayıb.

Nazirlik bunu Avropa Birliyinin sanksiyası qüvvəyə minməzdən öncə qabaqlayıcı addım adlandırıb.

AB ötən həftə “əlləri qanlı” ukraynalılara səyahət qadağası və sərvətini dondurmağa razılaşıb, ancaq bu qadağanın kimə təsir edəcəyi açıqlanmayıb.

İsveçrə də cümə axşamı bəyan edib ki, Ukraynanın devrilmiş prezidenti Viktor Yanukovych və onun müttəfiqlərinin ölkə banklarındakı pulları dondurulacaq.


SİLAHLILAR SİMFEROPOL AEROPORTUNU TUTUB

Rusiya hərbçiləri Krımın Sevastopol aeroportunu bağlayıb. Bunu Ukraynanın yeni daxili işlər naziri Arsen Avakov deyib. Nazir silahlıların başqa bir aeroportda da keşik çəkdiyini bildirib. O, bü məlumatları “facebook”da yazıb.

“Bunu ancaq hərbi müdaxilə, bütün beynəlxalq müqavilə və normaların pozulması adlandıra bilərəm”. Avakovun sözlərinə görə, Sevastopoldakı aeroportu Rusiya donanmasının hərbi birləşmələri tutub.

Rusiya, hələlik, məsələyə şərh verməyib.

İnterfaks agentliyi də aeroportu Rusiya hərbçilərinin tutduğunu xəbərləyib. Agentlik hərbi qaynaqlara dayanaraq bildirib ki, əsgərlər aeroporta “yaraqlıların” qarşısını almaq üçün giriblər.

Rusiya prezidenti Vladimir Putin Ukraynanın yeni hökuməti ilə bağlı bəzi sərəncamlar verib. “Kremlin.ru”da yerləşdirilən bəyanata görə, hökumətə Kiyevlə iqtisadi və ticarət danışıqlarını davam etdirmək, eləcə də “Krım rəsmilərinin humanitar yardım xahişi” nəzərə almaq tapşırılıb.
_

Aeroport normal işləyib, ancaq hərbi geyimdə olanlar gözə dəyib

Silahlılar Krım paytaxtı Simferopoldakı aeroportu tutublar. İnterfax Ukrayna xəbər verir ki, ötən gecə hərbi geyimdə olan təxminən 50 nəfər yük maşınlarında aeroporta gəlib və nəzarəti ələ keçirib.

Frans Pres-in məlumatına görə, aeroport normal işləyib, ancaq hərbi geyimdə olanlar gözə dəyib.

Bir gün əvvəl isə silahlılar Krım parlamentini və regional binaları zəbt edib.

YANUKOVYCH DANIŞACAQ

Fevralın 28-də Viktor Yanukovych prezidentlikdən gedəndən sonra ilk mətbuat konfransını keçirəcək. Rusiya xəbər agentlikləri onun Bakı vaxtıyla 5-də Rusiyanın Rostov şəhərində çıxış edəcəyi gözlənir.

Cümə axşamı yaydığı bəyanatda Yanukovych bildirib ki, Rusiyadan onu ekstremistlərdən qorumasını xahiş edib. O, həmçinin Ukrayna parlamentinin qəbul etdiyi qərarları qanunsuz adlandırıb.

Parlament Yanukovych-in yerinə yeni keçid prezidenti təyin edib. Yanukovych-in həbsi üçün order də verilib.

Anti- Yanukovych hərəkatının liderlərindən olan Arseniy Yatsenyuk yeni baş nazir təyin olunub.



70 MİLYARD DOLLAR OFFŞOR HESABLARA KÖÇÜRÜLÜB

ABŞ-ın vitse prezidenti Joe Biden cümə axşamı Yatsenyuka zəng edərək onun hökumətinə Vaşinqtonun dəstəyini boyun olub. O, Yatsenyuk hökumətinin formalaşmasını alqışladığını da sözlərinə əlavə edib.

Yatsenyuk cümə axşamı bildirib ki, Yanukovych-in dövründə 37 milyard dollarlıq kreditin hara xərcləndiyi bəlli deyil və 70 milyard dollar offşor hesablara köçürülüb.

Beynəlxalq Valyuta Fondu milyardlarla dollarlıq mümkün yardımı müzakirə etmək üçün gələn həftə Kiyevə nümayəndə heyəti göndərəcək.

Bundan əvvəl Rusiya dekabrda Yanukovych hökumətilə razılaşdırdığı 15 milyard dollarlıq yardımın taleyini şübhə altına alıb.

Yatsenyuk Ukrayna xəzinəsinin “talan edilib və boşdur”. O, iqtisadi tənəzzülü əngəlləmək üçün qeyri-populyar tədbirlərin gərəkliyi barədə xəbərdarlıq edib.

Ukraynada etirazlara Yanukovych-in Avropa Birliyi ilə əməkdaşlıq sazişini imzalamaqdan imtinası olub.

“UKRAYNA AB-NİN ÜZVÜ OLACAQ”

Yatsenyuk deyib:

“Ukrayna hökumətinin əsas vəzifəsi Avropaya inteqrasiyadır. Bu, Ukrayna vətəndaşları üçün vizasız rejim, AB ilə siyasi və iqtisadi inteqrasiya, tam azad iqtisadi zona barədə razılaşmalar deməkdir. Ukraynanın gələcəyi Avropadadır və Ukrayna AB-nin üzvü olacaq”.

İsveçrə hökuməti bildirib ki, banklarından Yanukovych-ə aid hesabları dondurmağı xahiş edəcək.

Avropa Parlamenti də Yanukovych-ə məxsus sərvətlərin dondurulmasına çağırıb.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov ötən həftə Yanukovych-lə keçmiş müxalifət liderləri arasında imzalanmış sazişin yerinə yetirilməsinə çağırıb. Sazişdə Yanukovych-in prezident qalması, erkən prezident seçkisinin təyinatı, birgə hökumətin təşkili nəzərdə tutulurdu.

Rusiya xarici işlər naziri bəyan edib ki, Moskva Ukrayna böhranının həlli üçün xarici tərəfdaşlarla əməkdaşlığa hazırdır.
XS
SM
MD
LG