Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:30

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov vəzifəsindən uzaqlaşdırılıb


Bakı Metropoliteninin inkişaf planının müzakirəsinə həsr olunan iclas - 2010
Bakı Metropoliteninin inkişaf planının müzakirəsinə həsr olunan iclas - 2010
-
Fevralın 27-də prezident İlham Əliyev «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin yaradılması barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı Metropoliteni və «Azərtunel-metro-tikinti» Səhmdar Cəmiyyətinin hüquq və əmlakı yeni yaradılan cəmiyyətə keçib.

Dövlət başçısının başqa bir sərəncamı ilə Zaur Hüseynov«Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. Beləcə, 1998-ci ildən Bakı Metropoliteninə rəhbərlik edən Tağı Əhmədovun səlahiyyətinə son verilib.

TAĞI ƏHMƏDOV ƏLAVƏ SUALLARA CAVAB VERMƏYİB

Tağı Əhmədov əvvəlcə bu məsələdən xəbərsiz olduğunu deyib. Amma bir qədər sonra mətbuata açıqlamasında prezidentin qərarına hörmətlə yanaşdığını bildirib. Əlavə suallara cavab vermək istəməyən eks-rəis yalnız bunu deyib ki, dövlət başçısı bundan sonra haranı məsləhət bilsə, orada da çalışacaq.

Bu təyinatadək «Bakıelektrikşəbəkə» ASC sədrinin 1-ci müavini çalışan Zaur Hüseynov sərəncamdan fevralın 27-də səhər saatlarında xəbər tutduğunu bildirib. O, metroda hər hansı kadr dəyişikliyinin olub-olmayacağı barədə suala «işlər yaxşılığa doğru gedəcək» cavabını verib.

«METRO NƏQLİYYATINA MÜNASİBƏT DƏYİŞSƏYDİ...»

İqtisadçı Zöhrab İsmayıl Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun vəzifədən uzaqlaşdırılmasını onun ictimaiyyətə və jurnalistlərə vaxtaşırı sayqısız münasibətinə görə ictimaiyyətin qələbəsi sayır. O, yeni təyinata da toxunub:
Zöhrab İsmayıl
Zöhrab İsmayıl

«Yeni təyin olunan adamı tanımıram, amma o, nəqliyyat sektorunun deyil, enerji sektorunun adamıdır. Bilmirəm onu bir menecer kimi təyin ediblər, yoxsa başqa bir məqsədlə. Bütün hallarda metro nəqliyyatına münasibət dəyişsəydi, nəsə demək olardı. Mən hesab edirəm ki, metro da ümumi ictimai nəqliyyatın bir parçası olmalıdır. Kart sistemi də istər metroda, istərsə avtobuslarda işləməlidir».

Metro nəqliyyatında sistemsizliyin olduğunu deyən ekspert bunun məhz keçmiş rəisdən qaynaqlanmadığını da sözlərinə artırır:

«Ümumi sistemsizlik var və düşünmürəm ki, bu məsələ yalnız Tağı Əhmədovla bağlıdır. Adam dəyişikliyi ilə bu problemləri həll etmək mümkün deyil, gərək yanaşma dəyişə».

SOSİAL ŞƏBƏKƏLƏR «Ə, BİR-BİR»İ XATIRLATDI

Yeraltı nəqliyyata 16 il rəhbərlik edən Tağı Əhmədovun işdən çıxarılması sosial şəbəkələrdə də geniş müzakirə olunub. Onun jurnalistlərə «Ə, bir-bir» dediyini xatırladan da var, «Tağı Əhmədov yığdığını yığdı, övladlarını da yerləşdirib, səssizcə canını qurtardı» deyə yazan da.

Sosial şəbəkələrdə yayılan daha bir statusdan misal: «Tağı müəllim gözəl insandır. Mən onun kabinetində 2 saat müsahibə almışam. Onu danışdıra bilənlə danışırdı....
Bakı Metropoliteninin «Dərnəgül» stansiyasının açılışı - 2011
Bakı Metropoliteninin «Dərnəgül» stansiyasının açılışı - 2011
Hüseyn Cavid yaradıcılığı üçün etdikləri unudulmazdır. Cavid Bağı və dahi şairin heykəli onun sayəsində var».

«ONUN KİFAYƏT QƏDƏR YAŞI VƏ DÜNYAGÖRÜŞÜ VAR...»

Tağı Əhmədovun ömür yoldaşı – xanımı da onun işdən çıxarılmasına münasibət bildirib. Vəzifənin müvəqqəti olduğunu dilə gətirən Salatın Əhmədova publika.az-a açıqlamasında belə deyib:

«Hələ onu görməmişəm. Mənə elə gəlir ki, vəzifədən getmək Tağı Əhmədova pis təsir etməyib. Onun kifayət qədər yaşı və dünyagörüşü var. Əgər prezidentimiz belə məsləhət görübsə, deməli, bu, ən yaxşı yoldur».

Tağı Əhmədovun vəzifədən uzaqlaşdırılmasına onun üzvü olduğu hakim Yeni Azərbaycan Partiyasından da reaksiya verilib. Partiyanın icra katibinin müavini Siyavuş Novruzov onu işgüzar və peşəkar bir şəxs kimi tanıdığını vurğulayıb.

Tağı Əhmədovun vəzifədən çıxarılması üçün ciddi əsasların olub-olmadığına gəlincə, YAP icra katibinin müavini deyib ki, bu, prezidentin səlahiyyətinə aid məsələdir:

«Qərarlar hər bir məsələ araşdırılandan sonra qəbul edilir».
XS
SM
MD
LG