Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:44

İqbal Ağazadə: «Deputatın jurnalistin səs yazısını prokurorluğa verməsi eybəcər tendensiyadır»


İqbal Ağazadə
İqbal Ağazadə
-
İqbal Ağazadə həmkarı Ceyhun Osmanlının bir jurnalistin səs yazısını prokurorluq orqanlarına təhvil verməsi məsələsinə toxundu. “Bu, Azərbaycan Konstitusiyasına, qanunlara ciddi həqarətdir. O ki ola, belə əməl Milli Məclis üzvü tərəfindən həyata keçirilə. Bu, nəinki hüquq normaları, heç mənəvi normalara da uyğun deyil, bu, eybəcər tendensiyadır. Ya millət vəkili səs yazısını prokurorluğa verməsini təkzib etməlidir. Yaxud da, Azərbaycan Konstitusiyasını pozduğuna görə məsuliyyətini çəkməlidir”.

Oqtay Əsədov məsələyə münasibətini belə açıqlayıb: “ Millət vəkilisiniz, hakim deyilsiniz, əlinizdə sübut varmı ki, kiməsə telefon verilib? Sübutu olmayan məsələləri Milli Məclisə gətirmək səviyyəmizə uyğun deyil. Biz Xocalıdan danışırıq. Hərə özünə xal qazanmaq üçün nələrəsə əl atır”.

Fəzail Ağamalı isə əksinə, Ceyhun Osmalının düzgün hərəkət etdiyini bildirib:
“Ceyhun Osmanlı jurnalistin şəxsi həyatına müdaxilə etməyib, onun evində video çəkməyib, sevgi məcaralarının audiosunu aparmayıb. Azərbaycan dövləti üçün əhəmiyyətli olan əhəmiyyətli danışığın şahidi olub. Səs yazısını yazıb, düz edib. Hər bir Azərbaycan vətəndaşı onun kimi hərəkət etməlidir”.

Oqtay Əsədov: “Siz qəzetlərdə debat aparmırsınız. İndi bunu yenidən Xocalı günündə parlamentə gətirməyin”.

BƏXTİYAR ƏLİYEVDƏN FƏRQLİ MÖVQE

Millət vəkili Bəxtiyar Əliyev Milli Məclisin iclasında növbəti dəfə Dövlət Gömrük Komitəsi ilə bağlı məsələni qaldırıb. Ötən dəfəki çıxışında Gömrük Komitəsinin işini tənqid edən deputat bu dəfə fərqli mövqedən çıxış edib. Dediyinə görə, onun fikirlərinə rəsmi şəxslər tərəfindən aydınlıq gətirib, sorğusuna cavab göndərilib:

“Dövlət Gömrük Komitəsinin saytındakı rəqəmlər hər kəsə açıqdır. Burada xarici ticarət dövriyyəsi, malların strukturu haqqında məlumatlar verilib. İndiyə kimi heç bir dövlətin rəsmi təşkilatından ordakı rəqəmlərin qeyri-dəqiq olması ilə bağlı irad daxil olmayıb. Deməli, bu rəqəmlər həqiqəti əks etdirir. Kimlərinsə bu məsələ ilə bağlı manipulyasiya etmək istəyi düzgün deyil”.

Bəxtiyar Əliyev qeyd edib ki, Gömrük Komitəsi öz hesablamalarını xüsusi metodologiya əsasında aparır. Və bu əməliyyatlar dövlətin siyasətinə, onun tərəfdar çıxdığı, qoşulduğu konvensiyalarla müəyyənləşir:

“Bu məsələlərlə bağlı yanlış fikirlərə yer vermək olmaz. İqtisadiyyatımız günü-gündən inkişaf edir. İş olan yerdə, ona fərqli gözlə baxanlar da olacaq. Amma ən obyektiv olanı işin ən düz tərəfidir”.

“AZƏRBAYCAN UKRAYNAYA ÖZ DƏSTƏYİNİ GÖSTƏRMƏLİDİR”

“Biz Xocalıya ədalət istəyəndə, beynəlxalq tribunalın hökmünü istəyirik”.
Bunu Milli Məclisdəki çıxışında deputat Asim Mollazadə bildirdi. Onun sözlərinə görə, “Xocalı qırğınlarını törədənlərin siyahısı İnterpola verilməlidir. Bundan başqa, BMT-də Xocalı ilə bağlı beynəlxalq tribunalın yaradılmasına nail olmaq gərəkdir. Xocalı soyqırımı ilk növbədə siyasi yox, hüquqi qiymətini tapmalıdır”.

A.Mollazadə həmçinin Ukraynadakı vəziyyətlə balı fikirlərini bölüşüb. Onun fikrincə, Azərbaycan GUAM üzvü olaraq Ukraynaya ərazi bütövlüyünün qorunması istiqamətində öz dəstəyini göstərməlidir.

Millət vəkili Qüdrət Həsənquliyev Azərbaycanın hüquq-mühafizə orqanlarını Qarabağda cinayətlər törətmiş şəxslərə qarşı konkret hərəkətə çağırdı. Onun sözlərinə görə, ABŞ və İsrailin belə bir təcrübəsi var:

“Əgər kimsə bu ölkələrin maraqlarına toxunubsa, bu fonda hansısa cinayət törədibsə, ABŞ və İsrail həmin cinayətkarları dünyanın hər yerində təqib edir, məsuliyyətə cəlb etmək üçün bütün vasitələrdən istifadə edirlər. Əgər bu, mümkün olmursa, həmin cinayətkarları dünyanın harasında olursa-olsun, onları fiziki cəhətdən məhv edirlər. Azərbaycan da belə etməlidir. Hesab edirəm ki, Azərbaycanın buna imkanı və gücü çatar, sadəcə daha ciddi mövqe və siyasi iradə nümayiş etdirmək lazımdır”.


****
Fevralın 25-də Azərbaycan Milli Məclisinin növbəti plenar iclası öz işinə başlayıb. AzadlıqRadiosunun müxbiri xəbər verir ki, Milli Məclisin bugünkü iclası Xocalı hadisə qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Spiker Oqtay Əsədov öz çıxışında Xocalını “Ötən əsrdə insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biri” kimi qiymətləndirib.

Milli Məclis sədri bildirib ki, Azərbaycan dövləti Xocalı hadisəsini soyqırım kimi dəyərləndirir:

“Bu hadisənin dünyada tanınması üçün aparılan işlər son illər daha mütəşəkkil xarakter alıb. Bu məsələdə Azərbaycana verilən beynəlxalq dəstək gündən-günə genişlənir”.

Oqtay Əsədovun sözlərinə görə, artıq bir çox ölkə parlamentləri, ABŞ-ın 20-ə yaxın ştatında Xocalı faciəsi rəsmən tanınıb. Bununla yanaşı, “Xocalıya ədalət” kampaniyası da real və konkret nəticələrini verməkdədir:

“Heç bir cinayət cəzasız qalmayacaq, həmçinin Xocalı qətliamını törədənlər öz layiqli cəzasını alacaq. Gündən-günə siyasi, iqtisadi çəkisi artan Azərbaycan Dağlıq Qarabağ və ətraf 7 rayonu azad edəcək”.

İclası açıq elan edən spiker Oqtay Əsədov gündəliyi təqdim edib. İclasın gündəliyində 12 məsələ var.

“GÜLƏNLƏ BAĞLI PROBLEMLƏRİ AZƏRBAYCANA DA KEÇİRMƏK İSTƏYİRLƏR”

Milli Məclis üzvü Zahid Oruc bu gün parlamentdəki çıxışında son günlər Fətullah Gülənlə bağlı mediada yayılan məsələlərdən danışıb. Onun sözlərinə görə, Gülənlə əlaqədar problemləri Azərbaycana da keçirmək istəyənlər var:

“Guya parlament üzvləri arasında da kimlərsə Fətullah Gülənlə əlaqədardır, onların “qara mühasibatlıqdan” ödənişlər alır. 20-dən artıq parlament üzvünü bu cür əsassız ittiham etmək, gülənçiləri guya təşkilatlanmış qüvvə kimi qələmə vermək düzgün deyil. Mən bunu şər-böhtan hesab edeirəm. Əslində onların Azərbaycan insanına layiqli təhsil verməsindən savayı xüsusi iddiaları yoxdur. Süni quraşdırılmış məsələni Azərbaycana gətirib gərginlik yaratmağın əleyhinəyəm”.

Spiker Oqtay Əsədov deputatın sözlərinə “özünüz deyirsiz ki, sünidir, şərdir, onda niyə bunu parlament müstəvisində qaldırırsınız” deməklə şərh verdi. Sədr bildirdi ki, bu, heç parlamentdə danışılası məsələ deyil.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG