Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:08

Tələbə etirazçılara BDU professurasından cavab gəldi...


Abel Məhərrəmov tələbəni belə cəzalandırdı (Geniş reportaj)
Gözlə

No media source currently available

0:00 0:03:50 0:00

Abel Məhərrəmov tələbəni belə cəzalandırdı (Geniş reportaj)

-
«Regionun sabit ölkəsi kimi gündən-günə inkişaf edən respublikamızın uğurları, möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında əldə edilən nailiyyətlər bədxahlarımızı narahat edir. Bundan ötrü xalqımızın milli qürur mənbəyi olan Bakı Dövlət Universitetindən istifadə etməkdən də çəkinmirlər. Sosial şəbəkələrdə yayılan məlumatlardan görünür ki, müxtəlif qüvvələr tələbələrdən sui-istifadə edərək respublikada siyasi sabitliyi pozmaq məqsədini güdürlər».

«BİZ AĞSAQQALLAR BELƏ DÜŞÜNÜRÜK Kİ, BUNLARI KİMSƏ TƏŞKİL EDİB»

Bu cümlələr Bakı Dövlət Universitetinin (BDU) tələbələrinin son etiraz aksiyasından sonra ali məktəbi təmsil edən bir qrup elm adamı və pedaqoqun Azərbaycan gənclərinə müraciətindəndir.

Müraciətdə tələbələrin akademik borcları üçün pul ödənməsindən bəhs olunur və deyilir ki, bu ödəmə tələbələrdə müəyyən məsuliyyət hissi yaratmağı hədəfləyib.

Müraciəti imzalayan 63 nəfərdən biri, BDU-nun kafedra müdiri prof. Abuzər Xələfov təşəbbüs onlardan gəldiyini deyir:

«Biz ağsaqqallar belə düşünürük ki, bunları kimsə təşkil edib. O qayda-qanunu biz verməmişik. O pul məsələsi Nazirlər Sovetinin qərarıdır. Universitet tələbələrdən pul almır, bir şey eləmir. Onu demək istəyirəm ki, burda universitetin, rektorun heç bir qüsuru yoxdur. Rektor həmişə tələbələrin tərəfini saxlayan adamdır. Bunları təşkil edənlər universitet tələbələri deyil. Qıraqdan gəlib yığılıb hay-küy salıblar».

Müraciəti imzalayanlar deyirlər ki, bu məsələ «ölkədəki sabitliyi, əmin-amanlığı gözü götürməyən bəzi bədxahlar üçün bəhanəyə çevrilib». Sosial şəbəkələrdə yayılan «tələbələrin cibinə girmək», «gənclərə sayqısızlıq» və s. bənzər fikirləri müraciət müəllifləri «cəfəng iddialar» adlandırır.

«ABEL MÜƏLLİM... HƏMİŞƏ «HƏ» DEYİR»

Müraciəti imzalayanların, əsasən, BDU-da çalışdıqları nəzərə alınsa, gənclərə müraciəti rektor Abel Məhərrəmovun müdafiə kampaniyası kimi də dəyərləndirmək olarmı? AzadlıqRadiosunun bu sualını Abuzər Xələfov belə cavablandırır:
Abuzər Xələfov
Abuzər Xələfov

«Əsla. Abel Məhərrəmovu müdafiə deyəndə, sualı düz qoymursunuz. Bu müraciət gənclərədir ki, belə xırda şeylərlə məşğul olmasınlar, təsir altına düşməsinlər. Biz ümumi işimizi müdafiə edirik. Abel Məhərrəmov gələndən sonra həmişə tələbələrin tərəfində olub. Həmişə deyir ki, pis tələbə yoxdur, pis müəllim var. Tələbələrə kömək edir, onları qəbul edir. Hansı predmeti, hansı müəllimi seçirlər, Abel müəllim onlara həmişə «hə» deyir. Onun tələbələrə münasibəti yüksəkdir. Respublikamızda bu cür inkişaf var. Beynəlxalq nüfuzumuz artır. Ona görə biz tələbələrə müraciət edirik ki, bizim dövlətimizin siyasətinə, ümumi inkişaf prosesinə kömək eləmək lazımdır».

«BİZ HEÇ BİR SİYASİ PARTİYANIN ÜZVÜ DEYİLİK»

Bu gün BDU-nun tələbələri Nazirlər Kabinetinin qərarına etiraz edən yoldaşlarının müxtəlif təzyiqlərə məruz qalması, Tələbə Həmkarlar İttifaqı rəhbərliyinin onlara qarşı fiziki güc tətbiq etməsi ilə bağlı bəyanat hazırlayıblar. BDU-nun Jurnalistika fakültəsinin tələbəsi Almaz Akif deyir ki, tələbələr bu bəyanatda tələblərini dilə gətiriblər. Onlar akademik borca görə ödəniş qərarının ləğvini, tələbələrə qarşı güc tətbiq edənlərin cəzalandırılmasını, etiraz aksiyasına qatılan tələbələrə və onların valideynlərinə təzyiqlərin dayandırılmasını:

«Bəyannamədə onu göstərmişik ki, bizə qarşı zorakılıq olub. Tələbələrdən Hüseyn döyülüb. Tələbə heç kimin köləsi deyil ki, hər gələn ona bir qapaz vursun. Biz buna etirazımızı bildirmişik. Sonra Nazirlər Kabinetinin bütün bu məsələləri müzakirə etməsini xahiş etmişik. Həmkarlar Komitəsinin buraxılıb, yenidən tələbələr tərəfindən seçilməsini istəyirik. Burda heç bir siyasi qüvvələrin iştirakı yoxdur. Burda ancaq tələbələrdir. Biz də heç bir siyasi partiyanın üzvü deyilik. İstəyimiz ancaq odur ki, Nazirlər Kabineti bu məsələyə yenidən baxsın, kreditin pullu olmasını ləğv eləsin».

Hüseyn Novruzov
Hüseyn Novruzov
Almaz Akif deyir ki, universitetdəki aksiyalardan sonra tələbələrə təzyiqlər var:

«Hamini çağırıb deyirlər ki, nəsə eləsəniz, sizi universitetdən qovacağıq. Bu, hər fakültədə var. Bütün fakültələrdə tələbələrə belə təzyiqlər edilir».

«TEZ-TEZ UNİVERSİTETDƏN ATAMA ZƏNG EDİRLƏR»

BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin 3-cü kurs tələbəsi Hüseyn Novruzov bu gün Yasamal rayon polis bölməsinə çağırılıb. Ondan bir neçə gün əvvəl universitetdə baş vermiş insidentə görə izahat alınıb:

«Mənim haqqımda şikayət ediblər. Guya mən onların mühafizəçilərindən birini vurmuşam, onlara xəsarət yetirmişəm. Əksinə, onlar 4-5 nəfər üstümə tökülmüşdülər. Mən müsahibə verən zaman mühafizəçilər kobudluqla dedilər ki, gəl, aşağı düş. Qalmaqal oldu, düşdülər üstümə. Tez-tez universitetdən atama zəng edirlər, deyirlər oğlunu bu yoldan çəkindir, aksiyaya-zada qoşulmasın».

Gənclərə müraciəti imzalayanlarsa hazırda BDU-da narazılıq doğuracaq heç bir problemin olmadığını deyirlər.

Bu gün BDU-nun giriş-çıxış qapıları tələbə və müəllimlərə bağlanıb. Universitetin inzibati-təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlının sözlərinə görə, universitetin Azərbaycan Milli Elmlər Akademiyası tərəfdən olan girişi təmir işlərinə görə bağlanıb. İndən belə BDU-ya giriş Azərbaycan Memarlıq və İnşaat Universiteti səmtindən, çıxış – Mətbuat prospekti yönündəki yuxarı qapılardan olacaq. Bu da giriş-çıxışdakı qarışıqlığın qarşını almaq üçündür. Prorektor universitetdə vəziyyətin normal olduğunu da sözlərinə artırıb.

Fevralın 20 və 21-də BDU tələbələri aksiya keçirmişdilər. Onlar akademik borcların verilməsinə görə ödəniş istənməsinə etiraz ediblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG