Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:49

«Rəbiyyət Aslanovanın söylədikləri Prokurorluqdan daha sərt səslənir»


Rəşid Hacılı
Rəşid Hacılı
-
«Azərbaycanda onlarla siyasi məhbus hakimiyyəti tənqid etdiyinə, tənqidi baxışlarına, insan haqları uğrunda fəaliyyətinə görə saxta ittihamlarla həbs olunub».

Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı fevralın 13-də ATƏT Parlament Assambleyasının qış sessiyasında bu sözləri dilə gətirib.

Fevralın 13 və 14-də Vyanada keçirilən sessiyada Ukraynadakı durum, ATƏT regionunda ekstremizm, radikallıq və ksenofobiyanın («ksenofobiya» deyərkən, yad-yabançı, tanış olmayan və hələ alışılmayan gerçəklərə nifrət, çirginmə və ya dözülməzlik nəzərdə tutulur) artması müzakirə olunur.

SEÇKİNİN YERLİ MÜŞAHİDƏSİ... MÜHÜM ELEMENTDİR

Dünənki iclasda Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbsindən də danışıblar. Anar Məmmədli ötən ilin dekabrında vergidən yayınmaqda, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətini aşmaqda ittiham olunaraq həbsə atılıb. ATƏT PA-nın Demokratiya, insan haqları və humanitar məsələlər üzrə Komitəsinin rəhbəri xanım Isabel Santos (Portuqaliya) onun həbsini pisləyib:

«Bu mərkəz illərdir ATƏT-lə seçkini müşahidə sahəsində çalışıb. Seçkinin yerli müşahidəsi demokratik prosesin önəmli elementidir. ATƏT DTİHB-dən olan həmkarlarımızla birlikdə cənab Məmmədlinin saxlanmasından dərin narahatlığımızı bildirmişik».

CİNAYƏT MƏCƏLLƏSİNDƏN OPPONENTLƏRƏ QARŞI İSTİFADƏ

Anar Məmmədlinin vəkili Rəşid Hacılı hüquqlarını qoruduğu şəxsin məhz 9 oktyabr prezident seçkisini açıq tənqidə görə həbsə atıldığını söyləyib. O, jurnalistlərin və gənc fəalların, əslində, siyasi hüquqlarından yararlandıqları üçün həbsdə olduqlarını vurğulayıb:

«Hakimiyyət, bir tərəfdən qanundakı boşluqlardan, digər tərəfdən hökumət institutlarından, polis və prokurorluq işçiləri və məhkəmələrdən yararlanmaqla, cinayət qanunvericiliyindən opponentlərinə qarşı yararlanır. Narkotik maddədən istifadə, xuliqanlıq, ictimai asayişi pozmaq, qanunsuz silah daşımaq, polisə tabe olmamaq – bunlar opponentlərə və tənqidçilərə qarşı ən çox istifadə olunan ittihamlardır. Biz inanırıq ki, bütün hallarda narkotik maddələr, silahlar onların üstünə atılıb.
Rəbiyyət Aslanova
Rəbiyyət Aslanova
​Xuliqanlıq insidentlərini hüquq-mühafizə orqanlarının özü təşkil edib».

Rəşid Hacılı bütün siyasi məhbusların istintaq və məhkəmə dövründə zaminə buraxılmadığına da diqqət çəkib. Onun sözlərinə görə, prokurorluq Anar Məmmədlinin işində istintaq getdiyini bildirsə də, hər şey gizlin həyata keçirilir, yeniliklər barədə vəkillərə məlumat verilmir.

«VƏKİLLƏR İSTİNTAQIN GEDİŞİNƏ TƏSİR ETMƏYƏ ÇALIŞIR»

Rəşid Hacılının çıxışı parlamentin insan hüquqları komitəsinin rəhbəri Rəbiyyət Aslanovanın etirazını doğurub. O, oxşar cinayət işinin ATƏT məkanındakı hüquq-mühafizə orqanlarının praktikasında da mövcudluğunu, ölkəsinin ədalətsiz tənqidə tuş gəldiyini bildirib:

«Bizə nə təklif olunur? Əsas prinsiplərdən əl çəkmək və qanunsuz mühitdə yaşamaq? Onun həbsinin siyasi motivli olduğu, işin şəffaf aparılmadığı deyildi... Biz hüquqi ölkədə yaşayırıq və hər kəs qanun qarşısında məsuliyyət daşıyır. Niyə Anar Məmmədlinin vəkilləri istintaqın nəticələrini gözləmək istəmir və bütün vasitələrlə istintaqın gedişinə təsir göstərməyə çalışır?».

Rəbiyyət Aslanova deyib ki, Anar Məmmədliyə haqqında bəyanatın məqsədi ölkənin məhkəmə sisteminin işinə müdaxilədir. Deputat bunu «qəbuledilməz» adlandırıb. Siyasi məhbus məsələsinə gəlincə, o, Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbus olmadığını bildirən qətnaməsini xatırladıb və soruşub:

«ATƏT PA AŞPA-nın qətnaməsini necə şübhə altına bilər?».

Hüquq müdafiəçisi Rəsul Cəfərovun «facebook» səhifəsində yazdığına görə, Rəbiyyət Aslanova Rəşid Hacılının çıxışından sonra onu da bildirib ki, «Azərbaycanlı hüquq müdafiəçiləri ölkədən daha çox xaricdə olurlar, yəni onlara heç bir məhdudiyyət qoyulmur».

«BİZDƏ MÜLKİ CƏMİYYƏT BELƏ İŞLƏYİR»

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev də tənqidlərlə razılaşmayıb.
Azay Quliyev
Azay Quliyev
​O, cəmiyyətdə dialoqu vacib sayır, ancaq əlavə edir ki, vətəndaş cəmiyyəti qanunverici mühitlə təmin olunmalıdır. Deputat ölkədə qeydiyyata alınmayan QHT üçün heç bir sanksiyanın nəzərdə tutulmadığını da söyləyib. Azay Quliyev Şuranın nəzdində QHT qanunvericiliyinin tətbiqinə nəzarət üçün xüsusi komissiyanın yaradıldığını sözlərinə artırıb (QHT-lərin fəaliyyəti ilə bağlı qanunvericiliyə son dəyişikliklər vətəndaş cəmiyyəti üzvlərinin etirazını doğurub - A.K.):

«QHT-lərə Dövlət Dəstəyi Şurası siyasi mənsubiyyətindən, gündəmdən asılı olmayaraq qeyri-hökumət təşkilatlarını dəstəkləyir. Hökumət əleyhinə olan QHT-lərə göstərdiyimiz dəstəyə misallar gətirə bilərəm. Mülki cəmiyyət bizdə belə işləyir».

PROKURORLUQDAN DAHA SƏRT

Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı diqqəti parlamentin insan hüquqları komitəsinin rəhbəri Rəbiyyət Aslanovanın sözlərinə yönəldib:

«Onun dedikləri Anar Məmmədlinin işi barədə prokurorluqdan daha sərt səslənir. Mən Bakıya qayıdandan sonra parlament üzvləri ilə görüşə, detallı informasiya verə, işi anlamaqda onlara yardım göstərə bilərəm».

Azərbaycanda siyasi məhbusların olub-olmaması məsələsinə gəlincə, Rəşid Hacılı xatırladıb ki, AŞPA-nın 2013-cü il yanvar sessiyasında qəbul etdiyi qətnamədə 26 siyasi məhbus barədə məlumat verilib.

Həmin qətnamə Azərbaycanın AŞ qarşısındakı öhdəlikləri necə yerinə yetirməsi barədə idi.
XS
SM
MD
LG