Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 22:54

Manat da tenge kimi devalvasiya oluna bilərmi?


-
Azərbaycan da manatı devalvasiya edəcəkmi? Neft ölkəsi, nəhəng valyuta ehtiyatı olan Qazaxıstan öz pulunu devalvasiya edəndən sonra bu sual artıq bir çox ölkələri, daha doğrusu, onların vətəndaşlarını narahat edir.

1 DOLLARA 220 TENGE VERİRLƏR

Qazaxıstanın Milli Bankı milli valyuta tengeni 19 faiz dəyərdən salandan sonra rəsmi məzənnə 1 ABŞ dollarına 155 tengedən 185 tengeyə qalxıb.

Azadlıq Radiosunun müxbirləri xəbər verir ki, Almatı regionunda 1 dollara hətta 220 tenge verirlər. Hamı çalışır ki, əlindəki tengesini dollara dəyişsin. Çünki tengenin ucuzlaşmasının dayanacağına ümid etmirlər.

Əmanətçilərin banklarda tengedə saxladıqları pullar bir günün içində 19 faiz ucuzlaşıb.
Halbuki Milli Bank sədri Qairat Kelimbetov cəmi bir neçə ay qabaq qazaxıstanlıları öz pullarını tengedə saxlamağa çağırırdı.

QAZAXISTAN NİYƏ BELƏ ETDİ?


Milli Bank qarşısında etiraz
Milli Bank qarşısında etiraz
Qazaxıstan Milli Bankın bəyanatında deyilir ki, ABŞ-ın Federal Rezerv Sistemi, yəni ABŞ Mərkəzi Bankının əlavə pul çapını azaltması kapitalın inkişaf etməkdə olan ölkə iqtisadiyyatlarından inkişaf etmiş - güclü ölkələrə axmasına aparır. Yəni Bankın izahı budur ki, 155 tengenin yerinə 185 tenge verəndə dollar Qazaxıstandan qırağa az gedəcək.

Economist İntelligence Unitin Mərkəzi Asiya üzrə eksperti Alex Nice Azadlıq Radiosuna Qazaxıstanın qərarının səbəbini belə izah edir:

“Yanvar ayından inkişaf etməkdə olan ölkələrin milli valyutaları dollara nisbətən düşməkdədir. Yerli pulu dəyərdən salan digər amillər isə neftin ucuzlaşması, ixracın zəifləməsi, idxalın isə kəskin şəkildə bahalanmasıdır”.

Qazaxıstanın Milli Bankı sonuncu dəfə 2009-cu ildə milli pulun məzənnəsini 1 dollara 117 tengedən 150 tengeyə salmışdı.

Qazaxıstanın indiki addımından sonra nə olacaq?

Qazaxıstanda 3 ən böyük avtomiobil satışı şirkəti elan edib ki, satışları müvəqqəti dayandırırlar. Çünki qiymətlə bağlı sabitliyi gözləyirlər.

Tenge devalvasiya edilən kimi Qazaxıstanda dükanlar, mağazalar bağlandı. Çünki burdakı malların əksəriyyəti xaricdən gətirilir, dükan sahibləri sərfəsiz qiymətə satmaqdan qorxur, almaq istəyən isə çoxdur.

Nice: “İstehlak mallarının çoxu xaricdən gəlir, onların qiyməti artacaq. Qiymətin qalxmağı inflyasiyanı artıracaq. Uzun müddəti götürəndə, ucuz tenge daxili istehsalçılara kömək edə bilər və ola bilsin, yerli əhalini həvəsləndirsin ki, yerli mal alsınlar. İstənilən halda, inflyasiya artacaq və bu, real problemdir. Mənim fikrimcə, bu, sıravi qazaxları əsəbiləşdirəcək”.

Qazaxıstanda işləyən özbək, qırğız, tacik miqrantlar da narahatdır. Onlar maaşı tenge ilə alırlar. Sonra dollara ya avroya çevirib, evə göndərirlər. Indi onların evə göndərdiyi 19 faiz az olur.

ÖZBƏKİSTAN, TÜRKMƏNİSTAN....

Regionun o biri ölkələrinin milli pulunu nə gözləyir?

Nice: “ Özbəkistanda onsuz da iki məzənnə var. Qeyri-rəsmi məzənnədə milli pul somun qiyməti rəsmi dəyərdən 30 faiz ucuzdur və bu məzənnə real vəziyyəti göstərir.

Keçən il somun məzənnəsi düşə-düşə gedirdi, bu il bu eniş sürətlənəcək”.

Nice: “Türkmənistan Qazaxıstanla oxşar vəziyyətlə qarşılaşıb. İdxalı ixracından çox olan Qırğızıstan və Tacikistan xaricdə işləyənlərin evə göndərdiyi puldan asılıdır. Rusiyada da rubl dəyərdən düşür. Xaricdəkilərin evə göndərdiyi pul azalır. Bu da sonda Qırğızstanın və Tacikistanın milli valyutalarını təzyiq altında saxlayacaq”.

AZƏRBAYCAN

Azərbaycanda Qazaxıstandakı kimi devalvasiya ola bilərmi?

Vugar Bayramov
Vugar Bayramov
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov hesab edir ki, manatın devalvasiyası nəinki mümkündür, hətta vacibdir:

“Azərbaycan qeyri-neft sektorunu, daxili istehsalı inkişaf edirmək istəyirsə, manatı devalvasiya etməlidir. Bundan başqa güclü yerli valyuta məlum Holland sindromunun səbəblərindən biridir”.

Ancaq Vüqar Bayramov yumşaq devalvasiyanın tərəfdarıdır. Yəni şok yaratmamaq üçün tədrici devalvasiyaya gedilməlidir.

“Yumşaq devalvasiya” deyəndə nə qədər devalvasiya nəzərdə tutulur? İqtisadçının fikrincə, ildə 6 faizlik devalvasiya manat üçün kifayətdir.

Bəs manatın devalvasiyası qaçılmazdırmı?

Vüqar Bayaramov hesab edir ki, “qaçılmazdır” , - demək düzgün olmazdı. Hələlik Milli Bank devalvasiyaya getmir və bunu etmək üçün əlində vasitələr var. Sadəcə olaraq bu, getdikcə çətin olacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG