Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:47

«Əgər «Qurani-Kərim»dən ayələr öz dilimizdə oxunsa...»


«Qurani-Kərim»
«Qurani-Kərim»
-
Suriyada döyüşən Azərbaycan vətəndaşlarının məsələsi parlamentdə də dartışıldı. Deputatlar radikal dini qrupların bəzi gəncləri Suriyaya göndərməsindən narahatlıqlarını dilə gətirdilər. Daha öncə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası fitva vermişdi ki, Suriyada döyüşməyin «cihad və şəhid»liyə aidiyyəti yoxdur. Fitvada bəzi təriqətlərin də adı çəkilmiş və bildirilmişdi ki, Qazılar Şurası «xalqın milli-mənəvi dəyərləriylə bir araya sığmayan məzhəb ayrıseçkiliyinə şərait yaradan... dini cərəyanları radikal şəkildə təbliğ edənlərin təsirinə düşərək» həm dinə, həm də xalqa, dövlətçiliyə xələl gətirən addımları qınayır.

Bu ərəfədə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov hökumətin də Suriyada döyüşən Azərbaycan vətəndaşlarıyla məşğul olduğunu açıqlayıb. Ancaq o, «hökumətin məşğulluğunun» detallarını açıqlamayıb.

«MOLLALAR AYƏLƏRİ AZƏRBAYCANCA OXUSUNLAR»

Parlamentin son iclasında sözügedən mövzusunun müzakirəsi zamanı spiker Oqtay Əsədov yas mərasimlərində «Qurani-Kərim»dən olan ayələrin Azərbaycan dilində oxunmasını məqsədəuyğun saydığını bildirib. Onun fikrincə, bu halda insanlar duaların mahiyyətini daha yaxşı anlayarlar:

«Dinimizin əsas kitabı «Qurani-Kərim»dir. Bu kitab Azərbaycan dilinə tam tərcümə olunub. Ərəb dilində dua oxunanda onu çox adam anlamır. Bu məsələyə də diqqət yetirmək lazımdır. Əgər bu kəlamlar bizə lazımdırsa, qoy öz dilimizdə deyək ki, hamı başa düşsün... «Qurani-Kərim»dən ayələr öz dilimizdə oxunsa, daha yaxşı olar».

TÜRKİYƏ TƏCRÜBƏSİ

«Qurani-Kərim»dəki ayələrin Azərbaycan dilində səslənməsi ilə bağlı bir zamanlar fikir dartışması aparılmışdı. Elə qonşu Türkiyədə də ötən əsrin 1930-50-ci illərində azan belə türkcə səslənirmiş. Amma ayələrin, azanın ərəbcə oxunması güclü dini ənənəyə söykəndiyindən bu təcrübə uğur qazanmayıb.

Bəs indi «Qurani-Kərim»in ana dilində oxunması təklifi niyə yenidən gündəmə gətirilir? Bunun arxasında nə durur: Suriyada döyüşən azərbaycanlılarla, müxtəlif dini təriqətlərlə bağlı söz-söhbəti arxa plana atmaq, yoxsa əksinə, «anlamaq, başa düşmək» yolu ilə inanclı kəsimi radikallardan qorumaq?
Hacı Qamət Süleymanov
Hacı Qamət Süleymanov

RADİKALLARA BƏHANƏMİ?

Artıq fəaliyyəti dayandırılan «Əbu-Bəkr» məscidinin imamı Hacı Qamət Süleymanov spikerin bu təklifini gecikmiş sayır. Onun fikrincə, ayələrin ərəbcə oxunuşu saxlanılmaqla Azərbaycan dilində izahı mütləq verilməlidir:

«Güman etmirəm ki, spiker ibadətdə azərbaycanca oxunuşu təklif edir, ola bilsin, mollalara tövsiyə edib ki, «Quran»ı oxuyandan sonra mənasını azərbaycanca deyin. Mən də bunun tərəfdarıyam. Əslində, «Quran»ın yas məclislərində oxunması şəriət baxımından düzgün deyil. Amma oxuyurlarsa, tərəfdarıyam ki, heç olmasa, mənasını açıqlasınlar».

Hacı Qamət Süleymanovun fikrincə, «Qurani-Kərim»in tamamilə azərbaycanca oxunması radikalların əlinə yeni bir bəhanə verə bilər.

HƏR MOLLA TƏRCÜMƏNİ BACARARMI?

Bəs hər mollanın ayəni özü tərcümə etməsi sonradan məna təhrifinə yol açmazmı? Hacı Qamətin fikrincə, bu, hər mollanın işi deyil və bu zaman elmli din xadimlərinə ehtiyac var.

Hacı Qamətin sözlərinə görə, «Qurani-Kərim»in azərbaycanca açıqlaması inanclı adamların radikallara qoşulmasının, cüzi də olsa, qarşısını ala bilər, amma bu, əsas çıxış yolu deyil.

«AYƏLƏR YALNIZ ƏRƏBCƏ OXUNMALIDIR»

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu azərbaycanca ibadəti qəbul etmir. Onun fikrincə, elə spiker Oqtay Əsədov da bu fikirləri təsadüfən səsləndirib:
Hacı İlqar İbrahimoğlu
Hacı İlqar İbrahimoğlu

«Öncə onu deyim ki, bu mövzunun sistemli və xüsusi hazırlıqlı ev tapşırığı olduğunu düşünmürəm. Adətən din haqqında danışılanda Azərbaycan insanları eyni zamanda bütün mətləblərdən, dinlə bağlı bütün problemlərdən danışırlar. Bu, bizim cəmiyyət üçün xarakterik yanaşmadır. Bunun əsas səbəbi odur ki, cəmiyyət üzvlərinin dinlə bağlı akademik və fundamental tanışlığı yoxdur. Görünən odur ki, parlamentdə dinlə bağlı situasiya müzakirə ediləndə spikerin də yadına yas yerlərində «Quran» oxunması düşüb. Bu fikrin xüsusi hazırlıqla ortaya çıxmasını ehtimal etmirəm».

«MƏMURLAR DİN MƏSƏLƏSİNDƏ EHTİYATLI DAVRANMALIDIRLAR»

Hacı İlqar İbrahimoğlu deyir ki, Azərbaycanda bir neçə ildir dini durumda gərginlik var. O xatırladır ki, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sabiq rəhbərliyinin zamanında «lüzumsuz eksperimentlər» aparılıb:

«Düşünürəm ki, məmurlar din məsələsində maksimum ehtiyatlı davranmalıdırlar. Dinlə bağlı hər hansı təklif səsləndirəndə, təşəbbüsdə bulunanda onlar emosional davranmamalı, yüz ölçüb bir biçəndən sonra danışmalıdırlar. Onsuz da inanclı insanlar bu məsələlərə çox həssas yanaşırlar. Bəzən ehtiyatsız, qəfil söylənmiş fikir insanlarda narahatlıq yaradır».

««QURAN»IN AHƏNGİNDƏ ECAZKARLIQ VAR»

Müsahibimiz Türkiyə təcrübəsinə toxunub deyir ki, «Mənasının tam orijinallığının qorunması üçün Allahın kitabı nazil olduğu dildə oxunmalıdır». İlqar İbrahimoğlunun fikrincə, ilahiyyatçılar orijinalda səslənən kəlamları ana dilinə çevirə bilərlər:

«Amma «Quran»ın nazil olduğu dildə oxunması onun möcüzəvi xüsusiyyətlərindən biridir. Onun ahəngində bir ecazkarlıq var və heç bir tərcümə ilə bunu çatdırmaq mümkün deyil. Onu da vurğulayım ki dünyanın hər yerində bu belədir. Ona görə də bu sahədə hansısa improvizələrə, eksperimentlərə ehtiyac yoxdur».

Elşad Miri
Elşad Miri
««QURAN» AVAZLA OXUMAQ ÜÇÜN NAZİL OLMAYIB»

İlahiyyatçı Elşad Miri «Qurani-Kərim»in avazla oxunmaq üçün nazil olmadığını deyir. Onun fikrincə, «Quran» insanlara həyat həqiqətlərini çatdırmaq üçün «göndərilib»:

«Yox, dərk eləməyib yalnız avazla oxumaqdırsa, bunun sənə faydası ancaq savab qazanmaq olar. Bu savabla siz neynəyə biləcəksiniz? «Qurani-Kərim»i bütün ərəblər başa düşsəydi, zamanında peyğəmbərimizə etiraz edən ərəblər olmazdı. Söhbət ərəb dilindən getmir ki. Bu gün ölüyə «Yasin» surəsi oxuyurlar. Açsınlar «Yasin» surəsinin 70-ci ayəsini... Allah buyurur ki, ««Quran» diriləri çəkindirməyiniz üçündür». Görəcək ki, bu kitab ölülər üçün deyilmiş, bizim üçünmüş. Sonra baxacaq ki, Allah peyğəmbərinə deyir: «Sən qəbirdəkilərə eşitdirə bilməzsən... Sən ölülərə eşitdirə bilməzsən». Fikirləşəcək ki, bəs bizim mollalar ölülərə necə eşitdirir?».

O, duaların yalnız ərəb dilində söylənməsi kimi bir şərtin olmadığını vurğulayır:

«Dua nədir? Allahdan istəmək? Allahdan öz dilimizdə istəyə bilmərikmi? Allah bizim dili başa düşmür, ərəb dilini başa düşür? Bu nə qədər doğru məntiqdir?».

Elşad Mirinin fikrincə, spiker nəzərdə tutub ki, ayələr azərbaycanca oxunsa, adamların dini biliyi də artar və radikal qruplara qoşulub Suriyaya döyüşməyə getməzlər. Amma o, belə hesab edir ki, «Quran» ayələrinin azərbaycanca oxunmasına radikal dini qrupların fəaliyyətini zəiflədən güclü amil kimi baxmaq düz deyil, bunun üçün çoxtərəfli tədbirlər görülməlidir. Bununla belə o ümid edir ki, spikerin təklifi söz olaraq qalmayacaq, «Quran»ın azərbaycancaya izahlı tərcümələrinin təbliği sahəsində geniş işlər aparılacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG