Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:43

Qarlı-şaxtalı hava hansı problemləri üzə çıxardı? [Video]


-


Ekspertlər Abil Bayramov və Aytəkin İmranova qarlı-şaxtalı havanın gətirdiyi problemlər və onların həlli yollarından danışıblar.

Aytəkin İmranova deyir ki, qar Bakıya yenə problemlər gətirib:

«Sanki bütün təmir işləri qışı gözləyirmiş. Hələ dekabr ayından bəzi yerlərdə bir neçə gün ərzində qaz verilməsi dayandırılıb, səbəb təmirlə əlaqələndirilib. Qazın, işığın davamlı ardıcıl verilməsi pozulur. Sistem normal işləmir. Yolların vəziyyəti də yaxşı deyil. Asfalt örtüyünün keyfiyyətsizliyi, kanalizasiya sisteminin işləməməsi problemlər yaradır. Halbuki, ən çox vəsait qoyulan sahələrdən biri yol təsərrüfatıdır».

Abil Bayramov problemlərin kökünü şəhər idarəçiliyinin olmamağında görür:

«Bütün Bakı sakinlərinin yaşadığı problemlər oxşardır. Problemlərin kökündə şəhər idarəçiliyinin olmaması durur. İdarəetmədə vahidlik olmadıqda xaos yaranır. Nə qədər ki, bütün Bakını əhatə edən seçkili qurumlar yaradılmayıb problemlər olacaq, davam edəcək. Söhbət şəhərin vahid orqanizm kimi uyğun idarəetmə sisteminin qurulmağından gedir. Bu sahədə beynəlxalq sənədlər var. Avropa Şurasının «Paytaxt şəhərlərinin idarə olunması haqqında» 133 saylı tövsiyəsinə əsasən, paytaxt şəhərlərinə elə şərait yaradılmalı və elə səviyyədə resurslar təqdim olunmalıdır ki, onlar öz administrativ funksiyalarını müstəqil həyata keçirə bilsinlər. Öz növbəsində tövsiyə sənədinin 12-ci bəndinə görə, istənilən paytaxt şəhərinin idarə olunmasının əsas şərtlərdən biri vətəndaşların qərar qəbulunda iştirakının təmin olunmasıdır. Vətəndaşlar qarşısında idarəedici qurumların hesabatları olmayanda ictimai vəsaitlərin sərf olunmasına nəzarət də itir. Qarın yağmasıyla daha qabarıq şəkildə özünü göstərən bütün problemlər bununla bağlıdır».
XS
SM
MD
LG