Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:56

Özünü yandıran əlil: «Rüşvət istədilər, dedim verməyəcəm»


Nizami Kərimov
Nizami Kərimov
-
Dünən yanvarın 27-də səhər saatlarında Yevlax rayon Sosial Müdafiə Mərkəzinin qarşısında intihara cəhd edən Nizami Kərimov deyir ki, özünü səssiz-səmirsiz benzin tökərək yandırıb. Əlilin sözlərinə görə, 4 aydır həmin binada bütün gün var-gəl edib, haqlarını tələb edib. Lakin süründürməçilikdən zara gəlib. Ən son 102 polis xidmətinə zəng edib cinayət edəcəyini bildirib. Buna da məhəl qoyulmadığını deyən 2-ci qrup əlil tək çıxış yolunu intihar etməkdə görüb.

102-Ə DEDİM Kİ, CİNAYƏT EDƏCƏM…

“Birinci dəfə sosial yardım düzəltdirəndə 2 ildən artıq get-gəl elədik. Axır düzəltdirdik. Vaxtı qurtardı, ikinci il düzəldəndə 4 ayını əvvəldən istədilər. Rüşvət istədilər, dedim verməyəcəm. Ən aşağı məbləğ yazdılar. İndi də 4 aydır süründürürlər. İlandan pis sürünürük. Get sabah gəl, bu gün gəl. Özüm 2-ci qrup əliləm, bir ayağım şikəstdir. 50 manat təqaüd alıram, onunla dolana bilmirəm. 5-ci gün idi zəng elədim, 142-ə, (Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qaynar xəttidir-G.R.) 61 dəfə zəng elədim. Sonra 102 –yə zəng elədim ki, cinayət edəcəm. Ordan da bir cavab gəlmədi. Həmin gün sənədləri qoydum evdə, sosial yardım verilən binanın önündə benzin töküb, özümü yandırdım”.

Xəstəxana
Xəstəxana
Xəstəxanaya toplanmış qohumlar da danışırdılar ki, Nizami Kərimov sosial yardımla bağlı ona edilən haqsızlığa görə neçə vaxtdır ağır stress keçirirmiş.

Qardaşının yoldaşı Reyhan Kərimova:

“1 -2 gün ondan qabaq orda hirsləndirmişdilər, əsirdi. Həmin gün də belə olub. Sosial yardımda əsəbləşdirmişdilər. Buna sosial yardım düşür, amma bunu incidirlər. Bir sənədin ardınca 5 dəfə yollayırdılar”.

ONU ÖZÜNÜ ÖLDÜRMƏ HƏDDİNƏ ÇATDIRIBLAR

Nizami Kərimovun hamamı
Nizami Kərimovun hamamı
44 yaşlı Nizami Kərimovun Yevlax şəhərində olan cəmi bircə otaqlı həyət evi ailənin dediyi kimi şəraitsizdir. Həyətdə yarımçıq qalmış vanna otağının nə qapısı var, nə pəncərəsi.

Evin uçuq damını göstərən bacısı Rəbiyyə Kərimova deyir ki, qardaşını bu həddə çatdıranlar cavab verməlidir. Heç kəs özünü boş yerə yandırmaz.

“Get-gələ çox saldılar, pul istəyiblər. Deyib 6 ay sənin, 6 ay mənim. Bu sosial bimirsən varlıya verilir, ya kasıba? Kim özünü yandırar, canına qəsd edər ki? O dərəcəyə çatdırıblar ki, özünü yandırıb”.

Nizami Kərimovun özünü yandırdığı yer
Nizami Kərimovun özünü yandırdığı yer
Yevlax rayon Sosial Müdafə Mərkəzinin qarşısında döşəmədə Nizami Kərimovun yanan bədəninin izləri qalıb. Mərkəzdən isə heç kim hadisə ilə bağlı danışmaq istəmədi. Mərkəzin rəisi Natiq Məmmədovun icra hakimiyyətində iclasda olduğu bildirildi.

Yevlax rayon Sosial Müdafiə mərkəzində süründürməçilikdən şikayətlənən başqa vətəndaşlar da var idi…

“DEYİRƏM PUL NƏ VAXT VERİLƏCƏK ,DEYİR NƏ BİLİM?”

“Oktyabrdan sənədi alıbsan ki, dekabrda verəcəm ver də…
-Nə sənədidir?
-Bax ana şikəst, bala xəstə, kirayədə yaşayır. Deyirlər get 3 sənədi yenə dəyiş, deyirəm pul nə vaxt veriləcək ,deyir nə bilim?
Sentyabrdan sənəd hazırlamışam. Deyir get yenə sənədi təzələ….Boğaza yığılmışıq daha bezmişik”.

İCRA BAŞÇISININ MÖVQEYİ...

Ayrı-ayrı KİV-lərdə bu məsələ ilə bağlı Yevlax rayon icra hakimiyyəti başçısı Qoca Səmədovun mövqeyi yayılıb. İcra başçısı Nizami Kərimovun keçən ilin oktyabrına qədər sosial müavinət aldığını təsdiqləyib. Başçının sözlərinə görə, Nizami Kərimovun sosial vəziyyəti yaxşılaşdığı üçün müavinətin verilməsi dayandırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə məsələnin araşdırıldığını bildiriblər.

ÖZÜNÜ YANDIRAN ƏLİL BAKIYA GÖNDƏRİLİB…

Yevlax rayon Xəstəxanasına yerləşdirilən Nizami Kərimova ilk yardım edilib. Xəstəxananın Travmatologiya şöbəsinin baş həkimi Hasir Abdullayev deyir ki, xəstənin vəziyyəti ağır olduğundan Respublika Yanıq Mərkəzinə göndərilib.

Əlilin bacısı Rəbiyyə Kərimova deyir ki, rentgen ediləndən sonra həkimlər onun ağır dərəcəli yanıq xəsarəti alması diaqnozunu qoyublar.

BU ÖLKƏDƏ HÖKUMƏT VAR, YA YOX?

Nizami Kərimovun həyati təhlükəsi sovuşmayıb. 4 ildir yataq xəstəsi olan, başqa bir övladı Qarabağ döyüşlərində həlak olan 90 yaşlı atası isə yaşlı gözlərini sıxıb suallar verir:

“Bircə söz deyirəm, mənə deyin görüm, bu ölkədə hökumət var, ya yox? Mən bilim. Niyə belə vicdansızlıq edirlər? Mənim nəyim var ki….”
XS
SM
MD
LG