Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:47

İsmayıllıda köçkünlər üçün tikilən şəhərcikdə nə hamam var, nə kanalizasiya...


qaçqınlar üçün salınmış şəhərcik
qaçqınlar üçün salınmış şəhərcik
-
İsmayıllıda məskunlaşmış qaçqın və məcburi köçkünlər ötən il noyabrın 5-də onlar üçün yeni tikilmiş şəhərciyə köçürüldülər. Şəhərcik İsmayıllının təqribən 3 klometirliyində salınıb. Həmin vaxt bu olay televiziyalarla işıqlandırıldı və hazırlanan reportajlarda köçkünlərin şadyanalıqları əks edildi. Ancaq indi köçkünlərin dilindən narazılıq əksik olmur.

“BƏYƏM BİZ QIRMIZI KİTABA DÜŞMÜŞ VƏHŞİLƏRİK?”

Ağdam rayonundan köçkün düşmüş, Səhrad Əliyevin dedikləri:

“Bizlər öz arzumuzla bura gəlməmişik. Həyətlərimizə baxın, paltarlara baxın, məmurlar razılaşarlarmı ki, onların ailəsi açıq yerdə paltar yuyub sərsin? Bura elə bil ki, heyvanxanadır, zooparka oxşayır. Hər yer setka, həyətə düşüb qalxa bilmirsən. Hərənin bir cür xasiyyəti var. Şükür müsəlmanıq. İstilik sistemimiz yoxdur. Bütün evlər yarı-yarımçıq, qapılar keyfiyyətsiz, açılıb-bağlanmır. Kanalizasiya olmadığına görə, ayaqyolu qrunt suları ilə dolub. Hər həftə, on gündən bir, 30 manat verib suyu çəkdiririk. Yuxarı baxın, məmur evinə, özünə hasar çəkdirib ki, həyət görünməsin. Bəyəm biz qırmızı kitaba düşmüş vəhşilərik?”

“ŞƏXSƏN ÖZÜM KREDİT ALIB EVƏ İSTİLİK SİSTEMİ ÇƏKDİRMİŞƏM”

Səhrad Əliyev qeyd edir ki, onlar köçürüləndə, şəhərcikdə istilik sistemi, qaz, işıq olmayıb:

“Sonradan dörd göz pilətəsinə yetəcək qaz verildi. Şəxsən özüm kredit alıb evə istilik sistemi çəkdirmişəm. Nə edim, məcbur idim, çünki övladım asma xəstəsidir. Hanı buranın hamamı? 21- ci əsdə yaşayırıq...Nizami Ələkbərov getdi, ancaq onun adamları hələ də İsmayıllıda vəzifə başındadırlar. Heydər Əliyev fondu Həştərxanda vəhşi qu quşlarına yuva tikir, dünyanın başqa- başqa yerlərində məktəblər, uşaq bağçaları tikir. Mərhum H.Əliyev özü deyirdi ki, o vaxtlar onun neft lampasının şüşəsi olmayıb. Bəs indi nə olub? Bu qədər pullar hara xərclənir? Gəl öz vətəndaşına sahib çıx da, dövlət vətəndaşına sahib çıxmalıdır”.

“HANI BURANIN UŞAQ BAĞÇASI?”

Narazı sakinlər
Narazı sakinlər
Səhrad Əliyev deyir ki, dəfələrlə Ağdama icra başçısı ilə görüşməyə gedib. Ancaq onun sözlərinə görə, hər dəfə də deyiblər ki, başçı burada yoxdur, istirahətdədir:
“Başım çıxmır o, nə işlə məşğuldur? Baxın, qoy cavab versinlər də, poliklinika tikiblər, istiliyi yoxdur. Ümumiyyətlə nə həkim gəlir, nə xəstə, boş maketdir. Məktəb tikiblər, idman zalı yoxdur. Deyirlər ki, sağlam bədəndə sağlam ruh olar, hanı? İdman zalsız məktəb olar? Cavab verin də? Hanı buranın uşaq bağçası? Dərdimizi kimə deyək, bilmirik”.

“İNTİHAR ETMƏRƏM, ÇÜNKİ GÜNAHDIR”

Səhrad Əliyev daha sonra deyir:

“Mən intihar etməyəcəm, günahdır. Ancaq belə getsə başqa yollara əl atmaq məcburiyyətində qalacağam. Daha bezmişik, canımız boğazımıza yığılıb. Yetər artıq”.

“EVLƏRİ PAYLAYANDA ÇOX ƏYRİLİYƏ YOL VERDİLƏR”

Füzuli rayonundan köçkün düşən Ramiz Kərimov isə deyir ki, evlərin paylaşması prosesində məmurlar çox əyriliyə yol veriblər:

“Bu evlər konkret şəxslər üçün tikilmişdi. Kimə ki, 3 otaq düşürdü, sonda ona 2 otaq düşdü. Kimə ki, 2 otaq düşür, 1 otaq düşdü. Məktəbdə, uşaq bağçalarında yaşamayan adamlar burada 3- 4 otaqlı evlərə yiyələndi. Hansı ki, indi burada yaşamır. Çünki başqa yerlərdə evləri var. Sadəcə alıb qoyub, nə bilim satacaqmı, yoxsa kiməsə verəcək? Hazırda bura 45 ailə üçün nəzərdə tutulub. Hər ev üçün 55 min manat pul silinib. “Qaçkınkomun” yerli şöbəsinin sədri Tahir Əliyev heç vaxt məktəbdə yaşamayıb. Özünün də, 2 oğlunun da evi var. Ancaq burda yenə 3 otaqlı evi götürdü. Bax bunlara aydınlıq gətirsinlər, boş-boş danışmasınlar”.

“DÖVLƏTİMİZƏ AYIBDIR, BU DÖVRDƏ BİZ EVDƏ LƏYƏNDƏ ÇİMİRİK”

Ağdam rayonundan köçkün düşmüş Mürşüd Məmmədov isə hamamlarının olmamasından şikayətlənir:

“Evləri elə keyfiyyətsiz tikiblər ki, altdan hava girməyə yer qoymayıblar. O üzdən evlərin divarları nəmlənir, iki-üç ilə döşəmə çürüyəcək. Kanalizasiya yoxdur, indi bir təhər keçinmək olur, yayda burada üfunət iyindən yaşamaq olmayacaq. Hamam yoxdur, ibtidai icma quruluşundakı kimi evdə ləyəndə çimirik. Axı bu gün müasir dövrümüzdə respublikamızın inkişaf tempi ilə bu düz gəlmir? Dövlətimiz üçün ayıbdır”.

“ƏVVƏLLƏR HANSI KƏNDDƏ, QƏSƏBƏDƏ HAMAM OLUB?”

Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin İsmayıllı rayon şöbəsinin sədri Tahir Əliyevin ittihamlara cavabı:

“Nə fərqi var ki, verilən evlər köçkünlərə verilib də, istər məktəbdə, istər bağçada yaşadı...Evlər satılmayıb ki, hədiyyə edilməyib ki, köçkünlərə verilib. Elə dövlətimizin də istədiyi budur ki, qaçqın və məcburi köçkünlər evlə təmin olunsunlar və bu üzdən milyonlarla xərc çəkib. Dövlətimiz onlara ən müasir, Avropa səviyyəsində olan evlər tikib verib”.

Tahir Əliyev daha sonra deyir:

“Bilirsiniz belə götürək də, əvvəllər hansı kənddə, qəsəbədə hamam, kanalizasiya olub? Həmin ərazi yaşayış massivinə yaxın olmadığı üçün ora hələlik kanalizasiya çəkilməyib, hamam tikilməyib. İndiki mərhələdə dövlət proqramında nə göstərilibsə hamısı yerinə yetirilib. Yaxın vaxtlarda ya dövlət büdcəsi hesabına, ya həmin əraziyə cavabdeh olan rayonun köməkliyi ilə hamam da tikiləcək, kanalizasiya da olacaq. Narahat olmağa dəyməz. İndi deyirsiniz bu cür gözəl evlər tikən hökumət digər məsələləri unutdu? Əsla belə deyil, hamısı yoluna qoyulacaq.

Tahir Əliyev qeyd edir ki, şəhərcikdə evlərin hamısı püşkatma ilə paylanıb:

“Deyilənlər yalandır, xahiş edirəm obyektivliyi qoruyaq. Lazımdırsa birlikdə araşdıraq, burada elə adamlar var ki, onlara 3 otaqlı ev təklif olundu, özləri imtina etdilər. Səhv məlumat vermək olmaz axı. Bu işə İsmayıllı icra hakimiyyəti nə qarışmayıb, nə də ki, bu onlara aid iş deyil. Bir az heç olmasa real danışaq. Havadan danışmaq lazım deyil, qoy o adamlar göstərsinlər görək mənim övladlarımın harada evi var? Bu evi dövlət mənə verib və çox razıyam....”
XS
SM
MD
LG