Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 05:41

Anar Məmmədli hələ də ailəsi ilə görüşə bilməyib...


Anar Məmmədli
Anar Məmmədli
-
2013-cü il dekabrın 16-da həbs olunan Seçkilərin Monitorinqi və Demokratiya Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli ilə bağlı istintaq hərəkəti aparılmır.

Bunu vəkili Elçin Sadıqov AzadlıqRadiosuna deyib:

«Hələ heç bir istintaq hərəkəti aparılmır. Yalnız bircə dəfə imza nümunələri götürülüb. Başqa heç nə».

«BİR DƏFƏ UZAQDAN GÖRMÜŞƏM»

Anar Məmmədli Bakı İstintaq Təcridxanasında saxlanır. Həyat yoldaşı Vəfa Sübhani deyir ki, ailə üzvləri ilə ona görüş verilmir:

«Bir dəfə Nəsimi rayon Məhkəməsində gətirilib-aparılarkən uzaaqdan görmüşəm. Əl salladıq. Təcridxanada görüşməmişik. Orada görüşməyə icazə verilmir. Hələ ki, «yox» deyirlər. Rəsmi müraciət olmalıdır, Anar da rəsmi müraciət edib. Ancaq bir cavab yoxdur».

Vəkil Elçin Sadıqov deyir ki, qanuna görə, təqsirləndirilən şəxsin həftədə bir dəfə ailə üzvləri ilə görüşmək hüququ var. Müstəsna hallarda 2 ay ərzində görüşə icazə verilməyə bilər. O da əsaslandırılmalıdır:

«Görüşə məhdudiyyət qoyulması üçün əsaslar olmalıdır. Qanunla müəyyən olunmuş əsaslar var. Anar Məmmədlinin işində o əsasların heç biri yoxdur. Ona görə hesab edirəm ki, görüşə icazə verilməməsi qanunsuzdur. Onunla ailəsinə görüş verilməlidir».

PENİTENSİAR XİDMƏT: ANAR MƏMMƏDLİ AİLƏ ÜZVLƏRİ İLƏ HƏFTƏDƏ 1 DƏFƏ GÖRÜŞƏ BİLƏR

Penitensiat Xidmət İdarəsinin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov da AzadlıqRadiosna bildirir ki, yeni qanunvericiliyə görə, Anar Məmmədli ailə üzvləri ilə həftədə bir dəfə görüşə bilər. Yeni qanunvericiliyə əsasən, təqsirləndirilən şəxslərə ailə üzvləri və yaxın qohumları ilə ayda dörd dəfə 4 saata qədər görüş verilir:
Mehman Sadıqov
Mehman Sadıqov

«İstənilən vaxt həftədə bir dəfə ona görüş təqdim oluna bilər. Burda heç bir problem yoxdur. Müraciət eləsinlər, görüş verilsin. Həyat yoldaşı görüşmək istəyirsə, müəssisənin rəisinə müraciət etsin, ona görüş veriləcək».

Seçkilərin Monitorinqi və Demokratiya Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli 2013-cü il dekabrın 16-da həbs olunub. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.

Nəsimi rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. O, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda, vergidən yayınmada, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir. Dekabrın 25-də Bakı Apellyasiya Məhkəməsi vəkillərin birinci instansiya məhkəməsinin qərarından verdiyi şikayəti rədd edib, həbs qərarını qüvvədə saxlayıb.

VƏKİLLƏR AVROPA İNSAN HAQLARI MƏHKƏMƏSİNƏ MÜRACİƏT DƏ HAZIRLAYIR

Müdafiə tərəfi Anar Məmmədli ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət də hazırlayır. Müraciətdə Anar Məmmədlinin Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsi ilə tanınan azadlıq və toxunulmazlıq hüququnun pozulduğu, onun qanunsuz həbs olunması, girov qarşılığında azad olunması və ya ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinin qanunsuz olaraq təmin edilmədiyi qeyd olunub.

ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar da Anar Məmmədli həbsi ilə bağlı bəyanat vermişdi. Bəyanatda səfir A.Məmmədlinin həbsindən narahatlığını bildirərək, onun dərhal azad edilməsinə çağırmışdı.
XS
SM
MD
LG