Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:01

Ülvü Bünyadzadənin ata evində. Və yaxud 40-dan sonra 41 gəlir...


20 yaşında «And»ını yazıb bir neçə ay sonra həlak olan Ülvi Bünyadzadə...
20 yaşında «And»ını yazıb bir neçə ay sonra həlak olan Ülvi Bünyadzadə...
-
Yusif Bünyadzadə yeni ünvanlarını belə anladır: ««Salyan» kazarmasının yanı, tank heykəlinin qarşısındakı bina, 40-cı mənzil».

Bu həmin «Salyan» kazarmasıdır ki, 24 il əvvəl orda xidmət edən sovet qoşunu kazarmadan çıxıb Bakı küçələrini faciəyə qərq etmişdi. O faciədə həlak olan 130-dan çox mülki şəxsin arasında Yusif Bünyadzadənin tələbə oğlu da vardı. 20 yaşında «And»ını yazıb bir neçə ay sonra həlak olan Ülvi Bünyadzadə...

AzadlqRadiosunun müxbirləri 20 Yanvar günündə Ülvi Bünyadzadənin ailəsinin yaşadığı mənzilin qapısını döyür. Yeni tikilmiş çoxmərtəbəli binaların birində yaşayırlar. 6 aydır bura daşınıblar. Əvvəlki mənzilləri metronun «Elmlər Akademiyası» stansiyası yaxınlığında yerləşən beşmərtəbəli binalardan birində olub. İndi oranı söküb əvəzində buranı veriblər.

40-CI QAPI...

Mənzilin 40-cı olması diqqət çəkir, Ülvinin də Şəhidlər Xiyabanında qəbir yeri 40-cı olmalıdır... Təsadüfdümü? Sualı sonraya saxlayırıq. Yusif kişi, qızı Könül bizi qapıda qarşılayıb otaqlardan birinə yönəldirlər. Qonaq otağında kişilər oturub. Bünyadzadələr 24 ildir ki, hər il 20 Yanvar günü Ülvü Bünyadzadənin ölümünün ildönümünü keçirirlər:

«Artıq bir ənənəyə çevrilib. 24 ildə gələnlərin sayı seyrəlib. Kimisi rəhmətə gedib, kimisi ölkədən köçüb, ünvanı bilməyənlər də var. Yoxsa əvvəllər o qədər adam gəlirdi ki, biz ayrıca bir yer tuturduq», - Yusif Bünyadzadə deyir.

«TƏSƏLLİ ARTIQ İŞƏ YARAMIR»

O, gələnlərin ona təsəlli verdiyini söyləyir. Onunsa təsəlliyə ehtiyacı yoxdu:

- Gələnlər simsar adamlardır, təsəlli verirlər, hərçənd bu təsəlli artıq öz funksiyasını itirib. Mənim umduğum odur ki, bu gün görüm ki yanımda kimsə var. Məni yada salan var ki, bir dərd çəkən var, gedək onu görək.

- Yusif dayı, 20 Yanvar oğlunuzu əlinizdən almaqla bərabər başqa nəyi dəyişdi həyatınızda?

- İlk dəfədir mənə belə sual verirlər. Bu dünyaya baxışımı kökündən dəyişdi. Əvvəllər deyib-gülməyim də, söhbətlərim də ayrı biçimdə olurdu, o hadisədən sonra başqa cür oldu. O hadisədən sonra məndə ehtiyatlılıq yarandı. Dediyim hər sözə, hərəkətə qarşı ehtiyatlı oldum. Gəncliyimdə inqilabçı ruhda olmuşam. Şıxəli Qurbanovun Novruz bayramı ilə, Cənubi Azərbaycanla bağlı dərnəklərin fəal üzvü idim. İclaslarda tənqidi çıxışlar edirdim, amma o hadisədən sonra dəyişdim. Qorxdum ki, deyələr, bu vəziyyətindən istifadə edib bizdən nəyisə tələb edir. Mübarizliyimi sarsıtdı.
Yusif Bünyadzadə
Yusif Bünyadzadə
Qorxdum ki, deyələr oğlu həlak olub deyə, bundan istifadə etmək istəyir.

- Ülvinin həlak olmasından sonra şeir kitabları çap olundu, adını Bakıda küçələrdən birinə verdilər. Oxuduğu indiki Dillər Universitetində adına muzey yaradıldı. Bütün bunlar, az da olsa, yaranıza məlhəm oldu?

- Allah heç kəsə belə dağ göstərməsin. Desəm ki, bunların heç biri mənə təsəlli olmadı, bəlkə də məni nankorluqda günahlandırarsız. Ancaq bunu başına gələn adamlar dərk eləyərlər ki, bunların heç biri sənin dərdinə dərman deyil.

-Bəs 40? Mənzilin nömrəsi, Ülvinin məzarlıqdakı qəbir yeri?

Yusif Bünyadzadə təəccüblənir, «elə bil ürəyimi oxumusuz» deyir. Rəqəmlərin üst-üstə düşməsi sadəcə təsadüfmüş və Ülvinin Şəhidlər Xiyabanındakı məzarlıqda qəbir yeri 41-ci imiş. Elə bu 1 fərqi də Yusif kişiyə rahatlıq verib, nədən, səbəbini söyləmir: «Özüm bildiyim sirlərdəndir deyir».

«ÜLVÜ ÖZ MİSSİYASINI YERİNƏ YETİRDİ»

Söhbətimiz boyu verilən hər suala geniş, ətraflı cavab verən Yusif Bünyadzadə dağı arana, aranı dağa daşıyır, tarixdən misallar gətirir, qızı, fəlsəfə elmləri doktoru Könüldən danışır, söz arası onun «Gəncliyin fəlsəfəsi» kitabına toxunur. Bu kitabı oxuyandan sonra Yusif kişidə bir qənaət yaranıb ki, heç kəs həyatdan nakam getmir: «Ülvi də nakam getməyib, o öz missiyasını yerinə yetirdi», - deyir.

Söhbət hərlənib-fırlanıb 20 Yanvar hadisələrinin müstəqilliyə təsirinə dayanır. Yusif Bünyadzadə deyir ki, hər azadlıq hərəkatının, müstəqilliyinin möhkəm fundamenti olmalıdır:

«Fundamenti şəhid qanı ilə qoyulmuş divar daha möhkəm olur. Bu gün o şəhid qanlarını çox ucuzlaşdırıblar. Görürsən ki, bu şəhid ailələri bir idarəyə gedəndə, adi bir xahişini yerinə yetirməyəndə, o da məcbur qalıb imtiyazı xatırladır. Bu zaman ona deyirlər ki, ağlı vardı getməyəydi, ölməyəydi. Bax, onlar bu sözlə bu qanın tərkibindəki qeyrət, yaddaş, qürur zərrəciklərini öldürürlər. Və qan tədricən dönüb olur adicə suya. Bu suyun üstündə ucalan divar möhkəm ola bilməz axı...».
XS
SM
MD
LG