Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:29

"Kim ki, azərbaycanlıların kitab oxumadığını deyir, yanılır bu sözündə"


sağdan sola: Aqşin Muxtarov və Fərid Eyyubov
sağdan sola: Aqşin Muxtarov və Fərid Eyyubov
-

Ömər Məmmədov

- Onların öz adamları, təşkilatları var. Dəstəyi də onlara verirlər. əkləyirlər. Məncə onlar yeni nəsilləri dəstəkləməyəcəklər.

Fərid Eyyubov.

- Razı deyiləm, “dövlət bizə dəstək verməyəcək, onların dəstək verdiyi qurumları var” – deyib silib atmaq düzgün deyil...



Kitab oxuyana dəli kimi baxırlar? Olsun...Onlar həm özləri oxuyur, həm başqalarının oxumasına çalışır.

Azərbaycanda kitab hərəkatının önündə gedənləri siz də yaxından tanıyın.

AzadlıqRadiosunun «Pen klub» proqramının qonaqları Yenisey Bilik Evinin və idecafe.az saytının təşkilatçılarından biri Aqşin Muxtarov, «Axın» hərəkatının yaradıcısı Ömər Məmmədov«Küçə Kitab Hərəkatı»nın ideya müəlliflərindən biri Fərid Eyyubovdur.


Səadət Akifqızı

- Siz çox gəncsiz, kitabı təbliğ etmək ideyası hardan yarandı?


Aqşin Muxtarov

- Bir gənc kimi deyə bilərəm ki, kitab oxumaqla bağlı çox böyük problemlərimiz var. Gəncliyin böyük əksəriyyəti kitabdan uzaq qaçır. Problemdən uzaq olanlar deyil də, o problemi yaşayan insanlar onu daha yaxşı görürlər. Düşündük ki, bir gənc kimi üzərimizə düşən borclardan biri də kitab təbliğatının aparılmasıdır. Məsələ sırf bədii kitablarda deyil, bu yolda insanın düşüncəsinə təsir edəcək hər vasitədən istifadə etmək lazımdır. Artıq elə bil hal yaranıb ki, kitab oxunması üçün onu təbliğ etmək lazımdır.

Türkiyədə aparılan kiçik bir statistikadan misal gətirim, orda insanlardan soruşurlar ki, nəyə görə kitab oxumursunuz, onlar əsas səbəb kimi bu vərdişin yaranmamasını gətirirlər. Rəyi soruşanların əlli faizi kitab oxuma vərdişlərinin olmamasını, digərləri isə vaxtlarının olmamasını və başqa səbəblər göstərirlər. Bəlkə də bu gün o vərdişlər olsaydı, Azərbaycan gəncliyinin böyük hissəsi kitab oxuyardı. Biz də bu vərdişin yaranması üçün müəyyən yardımlar etməyə çalışırıq.

Fərid Eyyubov

- İlk öncə onu deyə bilərəm ki, kitab oxumağın nəyə görə vacib olduğunu mən əsgərlikdə anlamışam. Kitab oxuyan insanla oxumayan insanın fərqini görəndən sonra anlamışam. Mən özüm həmin dövrdə kitab oxumurdum, lakin əsgərlik yoldaşlarımın arasında bir neçə ali təhsilli vardı ki, onların düşüncəsi, həyat tərzləri haqqında məlumat alanda mənə maraqlı gəldi və özüm-özümdə kitab oxuyan gənclə oxumayan gəncin dünyagörüşü haqqında bir müqayisə apardım. Daha sonra mən də kitab oxumağa başladım.

Təbii ki, cəmiyyətdə kitab oxuyanların az olması bir çox fərdlər kimi bizi də üzür. Ona görə biz də əlimizdən gələn qədər bu sahədə nələrsə etməyə çalışdıq. Fəaliyyətimizi Qubadan başlamışıq. Orda bir çox işlər görmüşük, fərqli fləşmoblar keçirmişik. Hətta bizim ən kreativ aksiyamız məktəblərin qarşısında keçirdiyimiz kitab oxuma aksiyasıdır. Biz orda vərəqələr paylamışdıq ki, vərəqələrdə yazılmışdı: “kitab oxuma - kitab oxumaq intellektual bazanı gücləndirir”, “kitab oxuma – kitab oxumaq sənin dünya görüşünü artırır”. Bu yolla əks təsir etməyə çalışmışdıq.

Bir xeyli də nəticələr alınmışdı.
Səadət Akifqızı
Səadət Akifqızı

Bundan əlavə biz “Küçə kitab hərəkatı”nın yaranmasını bir həftə əvvəl bəyan etdik və kitabların toplanmasına start verdik. Siz bundan sonra, ölkə ərazisində heç ummadığınız bir yerdə kitab görə bilərsiniz, ara məhəllələrdə xüsusi stendlər görə bilərsiniz. Bu, yeni bir mədəniyyətin formalaşmasına təkan verəcək. Biz kitabları satmırıq. Kitabları bizə gətirirlər, biz onları xüsusi formada kodlaşdırırıq və ölkənin hər hansı bir yerində yerləşdiririk. Kitabın içində “Küçə kitab hərəkatı” haqqında məlumat veririk və adamın bu kitabı necə əldə edəcəyi haqda məlumat veririk. Bundan sonra ilk oxucudan başlayaraq, oxucular öz adlarını, soyadlarını qeyd edəcəklər. Beləliklə, kitab oxucular arasında yayılacaq. Daha sonra insanlar bizimlə görüşmədən, internet üzərindən əlaqə saxlayıb, “Küçə kitab hərəkatı”nın kitablarını təhvil verə biləcəklər.

Səadət A.

- Aqşin bəy, bəs siz özünüzdə hansı kitabları toplayırsınız?

Aqşin M

- Bizim işimiz kitab toplamaq deyil, daha çox elektron kitabları virtual olaraq təqdim etməyə çalışırıq. Biz ilk dəfə olaraq, Ömər Faiq Nemanzadənin kitablarını elektron hala salıb, saytımızda paylaşmışıq. Özəlliyimiz ondadır ki, janr fərqi qoymadan kitabları sevdirməyə çalışaq. Çalışırıq bütün Azərbaycan gəncliyini əhatə edə biləcək işlər görək. Bizim saytımız kitablar, araşdırmalar, tərcümələr və audio kitablardan ibarətdir. Bazamızda hələlik Azərbaycan dilində kitablar çox azdır. Səhv etmirəmsə iki kitabımız var. Bundan əlavə xeyli tərcümə ədəbiyyatı toplamışıq. Ən böyük problemimiz elə öz dilimizdə kitablar tapmaqdır. Biz də çalışdığımız qədər bu kitabları Azərbaycan dilinə çevirib insanlara yayırıq. Həmçinin, bizim məqsədimiz sırf kitabları tərcümə etmək deyil, kitabları sevdirməkdir. Bir çox kitablar var ki, onların Azərbaycan dilində olması mütləqdir. Biz də bunun üçün çalışırıq.

Səadət A.

- Gördüyünüz bu işlər üçün hökümətdən qrant alırsınızmı? Hansı yolla maliyyələşirsiniz?

Aqşin Muxtarov

- Maliyyəmiz öz aramızda yığdığımız pullardan ibarətdir. Ola bilsin ki, gələcəkdə bunun üçün hökümətə müraciət etdik.

Səadət A.

- Düzdür, bədii ədəbiyyatdan danışırıq, amma çox maraqlı qonaq seçimimiz olub. Biriniz kitabları kağız üzərində, digəriniz elektron olaraq yaymaq istəyirsiniz. Sizin hədəfiniz kimlərdir? Bu kağız üzərində olan kitabları kimlərə vermək istəyirsiniz.

Fərid Eyyubov

- Mən ixtisasca informasiya texnologiyaları və sistemləri mühəndisiyəm və həm də proqramlaşdırmayla məşğulam. Düzü sırf elektron kitabların təbliği haqda mən də düşünmüşəm. Ancaq insanların artıq avtomatlaşdırılmış sistemdə ilişib qalmasına üzülürəm. Çünki insanlar hər gün sosial şəbəkələrə saatlarını verirlər, real həyatdan qopmalar baş verir. Elektron kitablar maddi tərəfdən daha ucuz başa gəlir, ancaq kağız kitabların zövqü tam bir başqadır. Biz hər şey üçün ekrana baxırıq, kitab oxumaq üçün də ekrana baxırıq, bir müddət sonra insanlar təbii şeylərdən qopurlar. Mən deyə bilmərəm ki, elektron kitablar bizim üçün mənfi bir şeydir, amma hazırki zamanda kağız üzərindəki kitablarla iş görsək daha keyfiyyətli olar.
idecafe.az
idecafe.az

Səadət A.

- Telefon xəttində digər qonağımız “Axın” hərəkatından Ömər Məmmədov var. Ömər bəy, siz də kitab təbliğatı ilə məşğulsunuz, bəs təbliğatın hansı formasından yararlanırsınız?

Ömər Məmmədov

- Bizim hərəkat yeni yarandığından hələlik tərcümələr edib, məqalələr hazırlayıb saytımızda yerləşdiririk. “Axın” hərəkatının əsas məqsədi insanları maarifləndirmək, kitaba marağı artırmaqdır. Hələlik kitabla bağlı bir planımız yoxdur, amma gələcəkdə kitablar çap etmək istəyirik. Hal-hazırda “Axın” hərəkatının 16 üzvü var. Üzvlərimizin çoxu xaricdə yaşayan gənclərdir. Cəmi dörd nəfər üzvümüz Bakıda, dörd nəfərimiz Gəncədə yaşayır. Həm Gəncə, həm Bakıda fəaliyyət göstəririk. Üzvlərimiz illərdir müxtəlif xarici dillərdə təhsil alır və tərcümələrimizi ancaq özümüz edirik.

Səadət A.

- Ömər bəy, bəs bu işinizə kömək etməsi üçün hökümətdən yardım istəmisinizmi? Bilirsiniz ki, Mədəniyyət və Turizm nazirliyi var, digər humanitar idarələr var.

Ömər M.

- Böyük ehtimalla onlar bizə dəstək verməyəcəklər, düzdür, müraciət etməmişik, məncə etməyə ehtiyac da yoxdur, çünki onların xüsusi adamları var, təşkilatları var ki, özləri özlərini dəstəkləyirlər. Məncə onlar yeni nəsilləri dəstəkləməyəcəklər.

Fərid E.

- Mən Ömərin dediyi bəzi cümlələrlə razıyam, bəziləri ilə isə razı deyiləm, sırf “dövlət bizə dəstək verməyəcək, onların dəstək verdiyi qurumları var” – deyib silib atmaq düzgün deyil. Biz Gənclər Fonduna müraciət etmişik, mənim bir neçə dostum da onlara layihə vermişdi onların layihəsi keçdi, ancaq bizim layihə keçmədi. Mən əminəm ki, növbəti layihəni daha gözəl şəkildə yazsam, Gənclər Fondu bunu maliyyələşdirəcək. Bu gün bizim, “Dalğa gənclər hərəkatı” olaraq yaratdığımız kitabxanada bütün çevrələrdən insanlar var. Bizim məqsədimiz kitab oxumağı təbliğ etməkdir. Biz həm də gəncləri kitab oxumağa məktəb vaxtından alışdırmaq istəyirik. Hədəflərimizdən biri də, internat məktəblərində, uşaq evlərində uşaqlar üçün kitablar seçib, ordaca kitabların müzakirəsini keçirməkdir.
Etibar Salmanlı
Etibar Salmanlı

Səadət A.

- İndi telefon xəttində Etibar Salmanlıdır. O, kitab təbliğatı ilə bir neçə il əvvəldən məşğul olmağa başlayıb. Etibar bəy, bir şey alındımı sizdə?

Etibar S.

- Mən üç il, dörd il qabaqkı vaxtla indikini müqayisə edib deyə bilərəm ki, kitab oxumaq bir kəsim gənclər tərəfindən dəb halına salındı. Düzdür, deyə bilmərik ki, doqquz milyonluq xalqın beş milyonu kitab oxuyur. Mənim kitab sahəsində üç ildən çoxdur təcrübəm var, kim ki, azərbaycanlıların kitab oxumadığını deyir, yanılır bu sözündə. Mən sizə deyirəm ki, bizdə çox normal şəkildə kitab oxuyan təbəqə var, sadəcə olaraq o təbəqəyə kitabı çatdırmaq məsələsi var. Mən dəfələrlə bizim kitab mağazamızda görürdüm ki, təsadüfü adamlar gəlib kitabla maraqlanırdılar ki, burda nə satırsınız. Mən düşünürəm ki, kitab işinə can qoyularsa, kitabı satmaq istəyərsənsə, mütləq satacaqsan. Bu, dəqiqdir, bunun heç bir əks arqumenti yoxdur. Bilirsininz, insanlarda vərdişlər yaranıb, oxuduqca oxuyurlar. Sadəcə olaraq, hər kəs Dostoyevski, Tolstoy oxumur, hər kəs ağır ədəbiyyatı qəbul edə bilmir. Bizdə ən əsas məsələ düzgün təbliğ məsələsidir.

Səadət A.

- Bu işi kim aparmalı, kim qurmalıdır?

Etibar S.

- Bilirsiniz, mən bəzən yazıçılarla söhbət edirəm, onlar deyirlər ki, dövlət kitaba qayğı göstərməlidir. Düzdür dövlət bəzi hallarda kitaba zərbə də vurur. Məsəlçün metrolardan kitabların yığışdırılması addımını hələ də heç bir məntiqlə izah edə bilmirəm. Axı nəyə görə qara camaatın, tələbələrin gedib-gəldiyi yerdən kitabları yığışdırdılar, yerinə oyuncaq, alt paltarları qoydular. Yadınıza gəlirsə Varis və Elxan Elatlı həmişə metrolarda olurdu və insanlar onların kitablarını oralardan alırdılar. Bizə bu gün kitab təcrübəsi olan gənclər lazımdır və onlar müəyyən nəşriyyatlardan kitabları götürüb evlərə çatdırmalı, satışdan faiz almalıdırlar. Sizi inandırım ki, o bir böyük, 20 mərtəbəli binaya girsə, ən azı 20 kitab satacaq. Mən dəfələrlə belə etmişəm, çox da kitab satmışam bu yolla. Burda əsas məsələ odur ki, gənclərin bu işə həvəsi olsun və həvəsi də stimullaşdıran olsun.

Proqramı tam izlə

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG