Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:51

VARİSin yeni romanından parça


-

Qəribə bir hissdir. Heç vaxt öz içini görə bilməyən insan rəngli dünyada yaşayaraq rəngli fotoların arasında olanda sanır ki, içi də rəngarəngdir...


VARİS


SON MƏKTUB

(Romandan parça)


Məni günahlarıma bağışlama, Tanrım...
Günahlarımı mənə bağışla!



Həmişə özümü uçuşu təxirə salınan təyyarənin pilotu kimi hiss etmişəm.

Bu gözlənti bir anlıq, bir müddətlik olur. Ünvana, məqsədə çatmaq sevinci təxirəsalınma vaxtı qurtarıncaya qədər yubansa da, içində bir əminlik olur ki, bu üzücü müddət tezliklə bitəcək... Və sən mavi səmalara - öz xoşbəxtliyinə qovuşacaqsan...

Amma indi uçuşu ləğv edilən təyyarənin pilotu kimiyəm...


Gələndə özümlə cəmi iki foto gətirmişəm. İkisi də ağ-qaradır. İkisində də təkəm. Hər ikisində zamanın üstümə atdığı çirkaba hələ bulaşmamışam, uşağam. Birincidə beş yaşım var, əynimə ağ mayka geyinmişəm, yaxasında da "Moskva-1980" yazılıb. O il SSRİ adlı keçmiş ölkəmizin paytaxtı Moskvada ilk dəfə olimpiya oyunları keçirilmişdi, talismanı da, üzü indiki kimi yadımdadır, xoş simalı ayı idi. Televizorda o qədər ayı göstərirdilər ki, ayağımı yerə döyüb mən də sinəsində beş olimpiya halqası olan böyük oyuncaq ayı istəyirdim evdəkilərdən.

Məcbur olub mənə ayı aldılar, ancaq böyüyünü yox, bapbalacasını.

Bu biri foto isə birinci sinfə getdiyim günlərin yadigarıdır. Əlimdə çanta, ağ köynək, qara ətək geyinmişəm, başımda da qoşa bant.

Dərsdən qayıdırdım. Qonşumuz Qızbəs xalanın böyük oğlu, adı, gərək ki, Tural idi, ya Tofiq, dəqiq xatırlaya bilmirəm, Rusiyadan gəlmişdi, iri bir fotoaparat gətirmişdi özüylə, həyətdə kimi görürdüsə, şəklini çəkir, "Sabah çıxarıb verəcəyəm" deyirdi. Onun fotokamerasına xüsusi səylə poz vermişdim. Ertəsi gün şəklim gəlib çıxmayanda evdə bir vay-şivən qoparmışdım, gəl görəsən. Anamı şəklin dalınca Qızbəs xalagilə göndərmişdim...

Sonrakı dönəmimin bütün şəkillərini qeydlər apardığım dəftərçələrlə birgə bura gələndə yandırmışam.

Burada - İstanbulda yalnız bu son iki-üç ildə şəkil çəkdirməyə başlamışam.
İlk dəfə şəkil çəkdirəndə bomboz bir qış günü idi. İliyədək işləyən şaxtada evdə ürəyim necə darıxmışdısa, paltomu geyinib özümü küçəyə atmışdım. Özləm də dalımca çıxmışdı. Körfəzə doğru yol almışdıq. Qəfildən ətrafdakı bozluqda rəngbərəng bir kloun peyda olmuş, öz qiyafəsiylə üzümü güldürmüşdü. Şəkil çəkdirməyi də israrla o xahiş etmişdi. Demişdi, müsbət energetikam var, beş-on dəqiqə yanınızda oldum, bu gün işləriniz yaxşı gedəcək. Şəkil çəkdirin ki, həmişə yanınızda olum və həmişə işləriniz yaxşı getsin...

Növbəti dəfələrdə də Özləm məcbur edir, çəkdiririk, amma heç bu rəngli şəkillərlə maraqlanıb onları toplamıram. İndi axtarsam, heç yerlərini də bilmirəm. Bəlkə heç tapmaram da.

Hərdənbir, bax elə bugünkü kimi, bu iki fotonu əlimdən yerə qoymuram. Uşaqlığıma - o saflıq dönəmimə qayıtmaqla azacıq ovunuram.

Rəngli fotolar ağ-qaralar qədər xoşuma gəlmir. Məncə, yerdən göyədək fərq var ilk baxışda yalnız rənglərlə bağlı fərqi duyulan onların arasında. Rəngli fotolardakı sən realdakı sənin kağıza köçürülmüş, ancaq canlı reallıqla cansız kağız arasında az qala bütün sərhədlərin itməsinə göz yumulmuş inikasısan. Burada çəkildiyin fonun, əyin-başın, hətta sifətinin rəngləri birə-bir qalıb. Hər şey yerindədir, dəyişilməz, toxunulmaz...

Ağ-qara fotolarda isə sən bəzəkli-düzəkli dünyadan, al-əlvanlıq illüziyalarından qopmuş, fon, pal-paltar rəngləri, göz, dodaq, yanaq boyaları silinmiş, yüzlərlə müxtəlifliyin alınaraq ağ-qara-boz çərçivəsinə gömülmüş birisən.
Rəngli fotolardakı sən sən özünsən.

Ağ-qara fotolardakı sən isə sənin fotondur...

Göy, qırmızı, yaşıl, sarı, qəhvəyi, narıncı, bənövşəyi...

Və bir də qara, açıq-qara, qapqara, açıq-boz, tünd-boz, ağ, ağappaq...

Birincidə heç bir variasiyaya, improvizasiyaya ehtiyac qalmır. Hər şeyi təbiət və texnika özu yerbəyer edib. İkincidə isə əksinə, hər şey çalarların inhisarındadır...

Qış günlərinin alatoranında İstanbul məhz ağ-qara fotolara bənzəyir. Binalar qara, ağaclar qaramtıl, səma boz, buludlar bozumtul, maşınlar qara, boz... Adamlar qaramtıl və bozumtul...

Uzaqlarda görünən camelər qara, yaxınlıqdakılar boz...

Dəniz bozumtul...

Amma təsəllin o olur ki, bir yaz səhərində bu şəhərlər şəhərinin rəngli fotoya dönüşü gözlənilir...

Səmanın maviliyiylə körfəzin zümrüd gözəlliyinin ağac yaşıllığına, çiçək, avtomobil və libas rəngarəngliyinə qarışması gözəlliyi gözlənilir...
Bir yaz səhərində bu gözəlim şəhərin fotokadrın çərçivəsindən qoparaq özləşməsi gözlənilir...

Və bu ümidlə də əlinə yığdığın şəkil topasını döşəməyə dağıdıb səpələyərək zaman adlı müsafirin tozlu çəkmələri altında əzilməsini sakitcə seyr etməyə özündə güc tapırsan...

Qəribə bir hissdir. Heç vaxt öz içini görə bilməyən insan rəngli dünyada yaşayaraq rəngli fotoların arasında olanda sanır ki, içi də rəngarəngdir. Qanı qırmızı, ürəyi çəhrayı, qaraciyəri albalı rəngində... Toxumaları ağ, vətərləri sarımtıl...

Ağ-qara fotoların əsirliyində olanda isə sifətinə qonmuş kədərindən, addımbaşı təkrarlanan ah-ufundan, daxilindəki hər bir əzandan ağ-qara-boz rənglər süzülür...

Necə ki ürəyini qara rəngdə görən insan sevinəmməz, eləcə də onu qırmızı rəngdə görən insan dərdlənəmməz...

İçinin ağ-qara fotolarıyla baş-başa qalıb küçələri ölçmək, gözlərinin hər qırpılmasıyla ətrafın bir ağ-qara fotosunu çəkib yaddaşa ötürmək məşğuliyyəti səni necə aludə eləyərsə, dəyişilən zaman və məkan hüdudsuzluğundan xəbərin olmaz...

Qış günlərinin alatoranındakı İstanbulda azan səslərinin ağ rəngdə olmasının da fərqinə varmışam. Musiqi ağappaq olur. Şübhə və nigarançılıqlar tünd-boz, qayğı və narahatlıqlar boz, ümid və arzular bozumtul olur.
Qorxular qara olur burada...

Ayrılıqlarsa qapqara...

Amma indi yaydır. Və nə yaxşı da ki, yaydır. İyulun 17-sidir. Qış qorxusu hələ uzaqdadır.

Məni məndən alıb aparan günlərin sürətini məhdudlaşdıracağı və əyləcini basacağı anını, dayanacağı anını gözləyirəm ki, sonradan da geriyə dönüşü gözləyim.

Özümə qayıdışımı gözləyirəm...

Əlimdəki bu iki fotonu sinəmə sıxmışam.

Ağ-qara fotoların rəngli fotolardan bir üstünlüyü də var, deməyi unutdum. Onlar heç vaxt solmur. Saralır, ancaq solmur...

***

Çox süst, yorğun və azacıq qüssəli bazar günü səhəri... Bütün gecəni yuxumu qarışdırmışam, əcaib-qəraib varlıqlar görmüşəm.

Yatağımdayam. "İlqardan niyə cavab gəlmir?", "Görən niyə yazmır o?" fikirlərini beynimdən qopara bilmirəm. Demək, durmam, nəyləsə başımı qatmam lazımdır.

Pəncərəmdən boylanan kimi hotelin giriş qapısının yanındakı skamya gözümə sataşır, orada əyləşmiş yaşlı qadın gözlərimdə Qloriya xanıma - mənim 81 yaşlı müsafir tanışıma dönür.

Qırış içində itib-batmış sifətinə, məchulluğa qərq olmuş xırda, düymə gözlərinə baxıram. Damarları çıxmış əllərini əllərimin arasına alıram.

Qəfildən Qloriya kiçilir, balacalaşır, uşaqlaşır, 6 yaşlı, iri gözlərində təşviş və qorxu olan zənci qıza çevrilir...

Mən bu zənci qızı dərhal tanıyıram. Fatimədir. Həzin səslə zümzümə edərək yalvarır, aclıqdan və ağrılardan qovrularaq ölmək istəmədiyini, yaşamaq arzusunu dilə gətirir...

Bədənimi soyuq tər basır. Ürəyim yerindən çıxmaq istəyir... Ağırlıqdan qopmaqçün, xilas olmaqçün Ayişə ablanın səhər qəhvəaltısı eləmək tələblərinə məhəl qoymadan yenə də xilaskarımın yanına - Yunus xocagilə qaçıram.
İlk dəfədir ki "Necəsiniz" sualıma bu cür bədbin cavab alıram: "Qocalıq - ən pis yol yoldaşıdır. Səni daim büdrədir, dizlərinin taqətini, gözünün nurunu alır".
Təbii ki, ona yenə də heç kəsdən, heç kəs deyəndə ki, Günseldən zəng gəlməyib... Zəng gəlsəydi, belə qüssəli olmazdı, büsbütün dəyişərdi, sifəti gülərdi.

Ona bir müddət öncəki qarabasmamdan - Qloriyadan, balaca Fatimədən danışıram. Sonra Səmranı da xatırladıram, uşaqlara əzab yaşadanların bunu nədən etdiklərinin səbəbini soruşuram.

Və elə bu yerdə hələ də içimdə gəzdirdiyim saf, təmiz bir qızcığaz barədə söz açıram. Hər gün eyvana çıxıb dənizə boylanan, onları atıb getmiş atasının ağappaq gəmi ilə geri dönəcəyinə sadəlövhcəsinə inanan qoşa bantlı, duyğusal qızcığazın surətini yaradıram...

Soruşuram, niyə dünyanı idarə edən böyük siyasətçilər, var-dövləti, sərvəti əllərində cəmləmiş imkanlılar əzilən, tapdanan, haray qopararaq kömək uman uşaqların harayına yetmirlər? Soruşuram, niyə atalar dünyaya övlad gətirdikdən sonra o övladı xoşbəxt etmək kimi böyük bir məsuliyyətin anlamını dərk edə bilmirlər?

Atəş açmazdan öncə "Sən Allah, məni bağışla!" söyləyir, atəş açdıqdan sonra "Allah rəhmət eləsin!" deyirik. Ancaq tətiyi çəkən barmağımızın qətiyyətinə bu xahiş və təəssüf xələl gətirə bilmir.

Bizim öldürmək hissimiz mərhəmət hissimizdən, təəssüf hissimizdən qat-qat güclü çıxır.

Yunus xoca üzünü taraş edib, saçlarını səliqəylə arxaya darayıb. Amma nəsə bir xəstəhallıq, yorğunluq var simasında. Əlindəki təsbehin dənələrini aramla çəkir. Gözləri televizordadır, ancaq fikrinin çox-çox uzaqlarda olduğu asanca sezilir.

Nəhayət söyləyir:

- Adəm övladının bu dünyada yaşamağı şipşirin balın başına hərlənə-hərlənə bir dəfə də dolaşıb içinə düşən milçəyin uçuşuna bənzəmirmi?
Davam edir:

- Onlar elə bilirlər Allahı aldadırlar. Amma Allah hər şeydən agah olduğundan o kəslər bilməlidirlər ki, əslində, özləri özlərini aldadırlar.

Və birdən Yunus xocanın əvvəlki sakitliyi yox olur. O, coşub kükrəməyə başlayır. Dövlətlər arasındakı müharibələrin və insanlar arasındakı mübarizələrin daha da kəskinləşdiyi hazırkı dönəmdə şeytanın daha fəal olduğunu dilə gətirir. Deyir, öncələr az qisim insanın içində şeytan var idi, onların da çox cüzi hissəsi oyaq idi. İndi əksər insanın içində şeytan var, onların da böyük çoxluğu oyanıb. Sabahsa hamının içində şeytan olacaq və hamısı da oyanacaq...

Sakitləşir, gözlərini yumub "Hədisül-Qüds"dən parça söyləyir:

- Siz Allahdan Qiyamət günü üçün - həmin o Böyük Dirilmə günü, fəlakətlər və bədbəxtliklər günü, "müddəti - əlli min il uzanan gün", "onların öz müdafiələri üçün xeyirlərinə heç nə deyə bilməyəcəkləri və onlara danışmağa belə icazə verilməyəcək gün" üçün qorxun! Bu, böyük fəlakətlər gətirəcəyi, dəhşətli fəryadların göylərə ucalacağı, üzlərin büzüşüb yığışacağı, alınların dərin qırışlar bağlayacağı gündür... Bir insanın o biri insana nə əl tuta, nə də pislik edə biləcəyi, bütün qərarların və hökmlərin tək bir Allahın əlində olacağı gündür. Bu, dəhşətli zəlzələlər, qorxunc məhkəmələr günüdür, dağların lərzəyə gəldiyi, vaxtın sürətləndiyi, ağır cəzaların kəsildiyi, sonuncu qışqırığın göyə dağılacağı, körpə uşaqların saçlarının ağaracağı fəlakət günüdür...

Tanrım, yenə də gözümün qabağına qupquru qurumuş, ayaq üstə güclə dayanan Fatimə gəlir, əllərini yana açaraq dayanıb. Əsmər bənizli bir qız da yaxınlaşaraq onun sağ əlindən yapışır. Bu, Səmradır. Qoşa bantlı başqa bir qız yaxınlaşıb onun sol əlindən yapışır... İlahi, bu ki mənim uşaqlığımdır...
Və qəfildən hər üç uşağın saçları ağarır...

Yunus xoca öskürməyə başlayır. Öskürtüsü get-gedə şiddətlənir. Qaçıb mətbəxdən onunçün su gətirirəm. İçirirəm.

Masasının üstündəki toz qatı gözümə sataşır. Quru əsgi gətirib tozu silirəm.
Qəhərdən boğulsam da, içimə evi yır-yığış etmək həvəsi gəlir. Onun etirazına baxmadan döşəməni süpürüb-silirəm, kitablarını, üst-üstə qalaqlanmış vərəqlərini səliqəyə salıram.

Narahat olur ki, birdən vərəqləri alt-üst edərəm, nəyisə axtaranda tapa bilməz. Onu arxayın edirəm ki, sıralanmanı pozan deyiləm, qorxmasın. Şərti adını "Ömrümün kitabı" qoyduğu kitabdan xeyli yazıb. Son səhifənin rəqəmlənməsinə baxıram: 682. Demək, bitirməyinə cəmi 18 səhifə qalıb. Sevinc içində deyirəm:

- Deyəsən, tamamlamaq üzrəsiniz kitabı? Az qalıb, cəmi 18 səhifə. Sizin son səhifədə nə yazacağınız dəhşətli dərəcədə marağıma səbəb olub.
Məni tam məyus edir:

- Ola da bilər tamamlanmamış qalsın... Həyat filmim artıq bitib, "The end" sözü də yazılıb. İndi, sadəcə, heyət barədə titrlər gedir...

Onunla bir az mübahisə edir, bu cür bədbinliyin ona yaraşmadığını bildirirəm.

Arabir də telefonuma mesaj gəlib-gəlmədiyini yoxlayıram.

Bu otaqda təmizlik işlərini yekunlaşdırıb qonşu otağa keçirəm...

Və tayı olmayan ayaqqabıları görcək, həmişə olduğu kimi, yenə də yerimdə donub qalıram... Bir insan həyatının gödəkliyinin və ötəriliyinin, məncə, bu ayaqqabı tayları qədər ifadəçisi ola bilməz...

Sanki halımı duyubmuş kimi məni səsləyir:

- Oranı təmizləməyə lüzum yoxdur, gəl bu tərəfə.

Sakitcə qapını çəkib bağlayır, mətbəxə keçirəm. Səslənirəm ki, xocam, sizə nahar hazırlayımmı?

"Yox", - söyləyir.

Mətbəx səliqəlidir, bulaşıq qab-qacaq yoxdur.

Yunus xocanın səhər yeməyi bir dilim ağ çörəklə baldan, yaxud cemdən ibarət olur, günorta paket şorba tozunu qaynar suda həll edib yeyir, axşam isə süd, ya yoğurt içir, ya da meyvə yeyir - alma, portağal, hansından olsa...

İllərdir ki, onun qida rasionu dəyişmir...

Hə, yadıma düşdü. Mən axı ona bizim Qadın dərnəyində ilahiyyat üzrə mühazirə söyləməyi təklif edəcəkdim... Hər dəfə onunla bu barədə danışmaq yadımdan çıxır...

Əminliklə yaxınlaşır, təklifi söyləyirəm. Kitab yazmadığı, mütaliə etmədiyi saatlarda evdə darıxır, həm darıxmaqdan qurtular, həm də pul qazanar. Artıq pul kimin cibini dəlir ki?!

Düşünmədən "yox" deyir, səhhətinin buna imkan verməyəcəyini söyləyir. Ayın tarixini soruşur, təqaüd alacağı günün belə gec yetişməsinə lap səbirsizlənir.

Deyir:

- Sən o zənci qızın ünvanını bilirsən?

Fatiməni soruşur əlbət.

- Neynirsiz ki?

- Ona sovqat göndərmək istəyirəm.

Təəssüf edirəm ki, bilmirəm. Kaş o vaxt Qloriya xanımdan bir ünvan götürəydim... O zavallı qıza nəsə bir kömək etmək barədə fikirlər məni də rahat buraxmır...

Yunus xoca: "Pul verərəm, bir gəlincik alıb Səmraya apararsan", - söyləyir. And-aman eləyirəm ki, ehtiyac yoxdur, Səmraya hər gedişimdə özüm bir gəlincik alıb aparıram.

"Solmazın uşaqları da gözəldirlər - Dənizlə Damla. Görən uşaqlara bir şey alsam, Solmazın xətrinə dəyməz ki?" - soruşur.

Qəfildən atamın yerini-yuvasını öyrənmək istəyir. Deyir, ona deyiləcək sözlərim var.

İçimi çəkib nədənsə atamın rəhmətə getdiyini bildirirəm...

Gözləmədiyim halda xocam qəhərli səslə deyir:

- Əslində, məni də uşaq qənimləri sırasına sala bilərsən.

- Niyə?! - deyə heyrətlə soruşuram.

Cavabını azacıq yubadır:

- Ailə qurmadan tək yaşadığım, ən azı bir uşağın dünyaya gəlməsinə imkan vermədiyimçün uşaq qatiliyəm mən də.

Axı, nə olub bu gün sizə, Yunus xoca?! - deyərək qeyzlənirəm. "Heç əvvəlki adam deyilsiz sanki. Yaraşmır sizə bu halınız", - söyləyib söhbəti yenidən Qadın dərnəyimizə tərəf aparır, həm onun fikrini yayındırmaq, həm də işləməsinə çalışıb bu ağır durumdan qopmasını təmin etmək istəyirəm.
Təbii ki, alınmır. Kəskin şəkildə işə düzəlməsinə etiraz edir, yenidən öskürməyə başlayır...

Su içirib onu sakitləşdirirəm. Gözüm divar saatına dəyir. Artıq günortadır, saat 2-yə qalıb. Özləmlə bu gün sonuncu bazar gəzintisinə çıxasıyıq, Taksimi doyunca gəzəsi, şam yeməyinə də orada mantı yeyəsiyik. Sağollaşıb yanından çıxıram. Yenə səsi gəlir. Bu dəfə, deyəsən, öz-özünə danışır:

- Hamıdan Uca Allah buyurur ki, ey Adəm övladı, həqiqətən, şeytan sizin düşməninizdir. Ona düşməninizə yanaşan təki yanaşın.

Qapının arxasında dayanıb sözlərinin sonunu eşitmək istəyirəm.

- ...Uca Rəhimlinin qarşısında kütlələrlə dayanacağımız günümüzü yadımıza salaq. Onun qarşısında, əllərimizdə əməllərimizin hərfbəhərf yazıldığı kitabları oxuya-oxuya, cərgələrlə dayanacağımız, gizlidə və aşkarda elədiklərimizə görə sorğu-suala çəkiləcəyimiz günümüzü unutmayaq...

Ani bir hiss keçir içimdən, geri qayıdıb bu müdrik və məğrur insanı qucaqlayım, ona olan hədsiz hörmət, istək və ehtiramımı bildirim. İçində öləziməkdə olan həyat eşqini oyadım, deyim, həyat filminiz heç də bitməyib. Siz hələ çox-çox illər yaşayacaq, insanlara fayda verəcəksiniz. Kitabınızı da yazıb tamamlayacaqsınız...

Amma nədənsə bunları növbəti görüşədək təxirə salmağı qərarlaşdırıram...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG