Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:08

Seçki 2013: ATƏT-in yekun rəyi [Video]


-


«İşdən Sonra» verilişində seçki ekspertləri Hafiz Həsənov və Akif Qurbanov prezident seçkisi barədə ATƏT-in yekun rəyini dəyərləndiriblər.

Akif Qurbanov ATƏT-in yekun rəyini əsaslı sayır:

«Bu hesabat gözlənilən hesabatdır. ATƏT-in həm seçkiöncəsi, həm də seçkidən sonra verilən bəyanatlarında göstərilən problemlər reallıqdan doğurdu. Hesabat təkcə qurumun öz müşahidələrinə deyil, seçkidə iştirak edən bütün tərəflərin rəylərinə, yerli müşahidəçilərin mövqeyinə, mediadakı duruma, namizədlərin fikirlərinə əsaslanmışdır. Hesab edirəm ki, yekun rəy hərtərəfli və real vəziyyəti əks etdirir. Azərbaycan hökuməti bu hesabatdan ciddi nəticələr çıxarmalıdır. Mərkəzi Seçki Komissiyası da bundan sonrakı prosesdə beynəlxalq qurumların müsbət rəyini qazanmağa çalışmalıdır...».

Hafiz Həsənov da hesabatın obyektiv olduğunu düşünür:

«Əvvəlki hesabatlarda olduğu kimi, bu hesabat da seçki prosesinin obyektiv mənzərəsini yaradır. Bu hesabat qurumun ilkin rəyinin daha geniş formasıdır. Seçki prosesi ilə bağlı təkliflər, qiymətləndirmələr daha geniş əks olunub. Təkliflər daha konkretdir və seçki islahatlarını, seçki qanunvericiliyinin dəyişdirilməsini zəruri edir...».

Hafiz Həsənov seçki prosesinin ümumi müddətinin çox qısa olduğunu deyir:

«Seçkilərin ümumi müddəti uzadılmalıdır. 60 gün çox azdır. Seçkiylə bağlı şikayətlər səthi araşdırıldı. Geniş araşdırma tələb edən şikayətlər ən yaxşı halda 30-40 dəqiqəyə yekunlaşdırılırdı. MSK-nın son şikayətləri araşdırmaq üçün vaxtı olsa da, yekun protokolu tələsik təsdiqlədi. Konstitusiya Məhkəməsi də qısa müddətdə nəticələri təsdiqlədi və andiçmə mərasimi keçirildi. Seçkilərlə bağlı bütün şikayətlər araşdırılmamış nəticələr təsdiqlənməməliydi. Problemlər qanunvericilikdən irəli gəlir. ATƏT-in təklifləri nəzərə alınsa, seçki qanunvericiliyində, seçki komissiyalarının tərkibində ciddi dəyişikliklər edilməlidir...».
XS
SM
MD
LG