Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:26

UNESCO İçərişəhərin mühafizəsini gücləndirir


İçərişəhər
İçərişəhər
-
Dekabrın 8-dən 19-dək Parisdə UNESCO-nun Silahlı Münaqişə Zamanı Mədəni Sərvətlərin Qorunması üzrə Komitəsinin növbəti, 8-ci sessiyası keçirilib.

«İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaydığı xəbərə görə, gündəlikdə duran bir sıra məsələlər içərisində İçəri Şəhər üçün xüsusi əhəmiyyət daşıyan - gücləndirilmiş mühafizə statusunun verilməsi məsələsi də vardı.

İçərişəhərə gücləndirilmiş mühafizə statusunun verilməsi ilə bağlı sorğuya dekabrın 19-da baxılıb və bununla bağlı müsbət qərar qəbul edilib.

Müraciətin təqdimatı «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin iclasda iştirak edən nümayəndə heyəti tərəfindən qaldırılıb.

Bu statusa malik mədəni obyektlər Konvensiya və onun İkinci Protokoluna qoşulmuş ölkələrin silahlı qüvvələri tərəfindən tanınan xüsusi emblemlə nişanlanır və gücləndirilmiş mühafizə ilə təmin olunur.

Xəbərdə vurğulanır ki, İçərişəhərə Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə gücləndirilmiş mühafizə statusunun verilməsi ilə bağlı sorğu «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən ilk dəfə 2010-cu ildə UNESCO-nun Silahlı Münaqişə Zamanı Mədəni Sərvətlərin Qorunması üzrə Komitəyə təqdim olunub.

Ötən müddət ərzində Komitənin tövsiyələrinə əsasən, ölkə qanunvericiliyi Silahlı Münaqişə Zamanı Mədəni Sərvətlərin Qorunması üzrə Haaqa Konvensiyası və onun İkinci Protokolunun tələblərinə uyğunlaşdırılmış, habelə İdarə tərəfindən İçərişəhərin qorunması ilə bağlı bir sıra daxili qayda və prosedurlar təkmilləşdirilib.

Bununla yanaşı silahlı münaqişələr zamanı «İçərişəhər» Qoruğunun ərazisindən və tarixi-memarlıq abidələrindən hərbi məqsədlər üçün istifadə olunmayacağına dair Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bəyannaməsi və beynəlxalq humanitar hüququn norma və prinsiplərinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrində tətbiqi ilə bağlı məlumat Komitə üzvlərinə təqdim olunub.
XS
SM
MD
LG