Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:57

Qudyalçay üzərindən keçən «Qırmızı körpü»nün sirri...


«Qırmızı körpü»
«Qırmızı körpü»
-
«Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin əsas istiqamətlərindən biri də ölkədə yol-nəqliyyat infrastrukturunun müasir səviyyəyə çatdırılmasıdır».

Bu fikirləri bu il sentyabr ayının 18-də prezident İlham Əliyev Qudyalçay üzərindəki tağlı «Qırmızı körpü»nün yenidən qurulmasından sonrakı vəziyyəti ilə tanış olarkən ifadə etmişdi.

Yerli icra hakimiyyətinin başçısı tədbirdə bildirmişdi ki, yol infrastrukturunun yaxşılaşdırılması başqa bölgələrdə olduğu kimi, Qubanı da əhatə edir. Elə Qudyalçay üzərindən keçən «Qırmızı körpü»nün əsaslı təmiri də bu kateqoriyadan olan işlərə aiddir.

VƏD OLUNAN YOL MƏDƏNİYYƏTİNİN DADINI İKİCƏ GÜN ÇIXARA BİLDİLƏR

Tarixi memarlıq abidəsi kimi də əhəmiyyətli olan körpü yəhudilərin yığcam yaşadığı Qırmızı qəsəbə və ona yaxın ərazilərdəkilərin Quba şəhərinin mərkəzinə olan yolunu qısa edəcəkdi. Amma…

Körpünün keçdiyi Nəriman Nərimanov küçəsinin sakinləri ondan istifadə şansından elə ikicə günün içərisində məhrum olublar. Körpü bağlanıb.
Nərimanov küçəsinin sakini Teyyub Seyidov:

«Qədim körpüdür. Yəhudilərin yaşadığı qəsəbə ilə Qubanı birləşdirir. Dəfələrlə təmir olunub. Ancaq burda yaşayan etnik qrupları nəzərə almadan bağladıblar. Heç bir marşrut işləmir. Camaat əziyyət çəkir».

Küçənin başqa sakini:

«Bu il sentyabrın 18-də prezident bu yolla gəldi, körpünün açılışını etdi, getdi. Körpü 1-2 gün işlədi, bağlandı. Kim bağladı, niyə bağladı, bilinmir. Burda 120 ailə var. Mütləq marşrut avtobuslarının hərəkəti bərpa olunmalıdır.
«Körpü 1-2 gün işlədi, bağlandı. Kim bağladı, niyə bağladı, bilinmir»
«Körpü 1-2 gün işlədi, bağlandı. Kim bağladı, niyə bağladı, bilinmir»
Körpünü açsınlar».

BİR TƏRƏFİ MƏZARLIQ, O BİRİ TƏRƏFİ BAĞLI KÖRPÜ...

Başqa sakin:

«Bazara getmək üçün Nəriman Nərimanov küçəsindən Əliqulu Nərimanov küçəsinə düşürük. Qayıdanda da üzüyuxarı əliyüklü qayıtmalı oluruq. Mümkün deyil. Sovet vaxtı körpü açıq olub. Prezidentin tapşırığı ilə təmir etdilər. Təmir olunanda da deyirdilər ki, bu körpüdən iritonnajlı maşınlar yox, minik maşınları işləyəcək. Ancaq təmir bitdi, prezident gəldi getdi, bağladılar».

Körpünün üstündə qadağa işarələri də vurulub: İritonnajlı yük avtomobillərinin hərəkətinin qadağası işarələri. İşləməyən körpünün üzərində belə işarələrin vurulmasına nə ehtiyac var idi? Bax, bu sual sakinləri də düşündürür...

İbrahim Ağamov:

- Bu məhəllədə yaşayıram. Bilirsiniz ki, yuxarıda məzarlıq tapıldı – soyqırımı məzarlığını deyirəm. Bir tərəfimiz məzarlıqdır, bu biri tərəfimiz də bu körpü. Başqa yerdən çıxışımız yoxdur. Qış vaxtıdır, xəstə üstünə həkim gələ bilmir, bir yanğın olsa, yanğınsöndürənin gəlib çatması da ağlasığan deyil. Uşaqlar dərsə gedir, 3 saylı məktəb şəhərin ortasındadır. Bu körpü ilə gedib aşağı körpüdən həm bazar ərazisinə, həm şəhərin içərisinə düşürdük. Qusar, Xaçmaz, Xudat istiqamətində istənilən yerə gedə bilirdik.

- Körpünün üstündəki yol hara gedir?

- Qırmızı qəsəbəyə düşür - aşağı körpüyə. Ta sovet vaxtından avtobuslar Qırmızı qəsəbədən körpünün üstü ilə gəlirdi bura, bir az yuxarıda sonuncu dayanacağı vardı.
Quba rayon İcra Hakimiyyəti
Quba rayon İcra Hakimiyyəti

ABİDƏDİR, AÇMAQ OLMAZ...

Quba rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Abidov bu körpünün bağlanmasının səbəbindən danışır:

«Tarixi körpüdür. Restavrasiya olunub. Yük maşınlarının keçməsinə icazə verilmir. Abidə kimi qorunub saxlanılır. O körpüdən gediş-gəlişə ehtiyac yoxdur. İstifadəyə verilməsi düzgün deyil. Körpünün aşağı tərəfi Qırmızı qəsəbəyə düşür, ora işlək vəziyyətdədir. Ancaq yuxarı tərəfdə olan hissəsi tarixi abidə hesab olunur. Körpünün yuxarı hissəsi ilə Qırmızı qəsəbə arasında yalnız piyadaların əlaqəsi bərpa olunub. Belə də ki, onsuz da o körpüdən gün ərzində 1-2 maşın keçirdi. Sakinlər istifadə etmirdilər».

«Qırmızı körpü» 1851-1854-cü illərdə inşa olunub. Körpünün yarımdairəvi biçimli tağlar sistemi bişmiş kərpicdən hörülüb, bir-birindən 11.1 metr məsafədə olan dayaqlara söykənir. Körpünün bünövrələri yonulmuş daşlardan hörülüb. Körpünün uzunluğu 160, eni 7.6 metr, bünövrədən hündürlüyü 7.39 metrdir. Tağların sayı 14-dür. Təbii aşınmalar nəticəsində tağlarda yaranmış zədələrə görə körpüdə hərəkət xeyli müddət dayandırılmışdı. Lakin 2012-ci ilin əvvəlindən əsaslı təmirə başlanaraq tağlarda, bünövrədə bərpa və bərkitmə işləri aparılıb. Körpü memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.
XS
SM
MD
LG