Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:14

Zərxaranın yoxa çıxmasından ötən səssiz-səmirsiz 8 ay...


Foto: Arxiv
Foto: Arxiv
-
«3 yaşını Zərxarasız qeyd etdik».

Atası 2 yaşlı Zərxaranı özü ilə sonuncu dəfə evdən aparanda aprelin ortaları idi. Babası Asif Əsgərov aprelin sonları «Qaynar xətt»ə zəng vurub nəvəsinə görə narahatlığını bildirmişdi. Bu dəfə AzadlıqRadiosuna Zərxaranın anası Gülnarə Həsənova zəng vurub. Azyaşlı qızının hələ də tapılıb ona qaytarılmadığını deyir:

«8 ay tamam oldu. Hələ də deyirlər ki, başqası ilə deyil, atası ilə gedib. Çox uzağa getməzlər, harada olsa, gələcəklər. Elə bil, insan taleyi deyil, itən əşyadır».

Balaca Zərxaranın ailəsi Gəncə şəhəri, Sədi küçəsindəki 31 saylı binanın 14-cü mənzilində yaşayır. Valideynləri rəsmi ayrılandan sonra məhkəmə uşağın atasına həftənin şənbə günləri görüşmək hüququ verib. Ata şənbə günləri gəlib Zərxaranı özü ilə aparır, bir neçə saatdan sonra evə qaytarırmış. Ötən il aprelin 13-də növbəti dəfə Zərxaranı sonuncu dəfə aparıb və bir daha geri qaytarmayıb. Daha doğrusu, həmin tarixdən nə atadan, nə də azyaşlıdan xəbər-ətər var. Telefonuna zəng çatmır, güman gələn ünvanlarda da yoxdur. Gülnarə Həsənova polisdən narazılıq edir:

«Nə vaxt polisə gediriksə, deyirlər gözləyin, gec-tez üzə çıxacaqlar. 1 ilə yaxındır körpəmdən xəbər yoxdur. Heç bir ana buna dözməz. Səs-səmir yoxdur, polis axtarmır, bu 8 ayda bir dəfə görmədik ki, yoxa çıxanları həvəslə axtarsınlar».

ATA UŞAĞI ÖLKƏDƏN ÇIXARA BİLMƏZDİ

Ata ilə azyaşlını axtarmalı olan Kəpəz polisinə hələ 8 ay əvvəl həm ailə, həm də Kəpəz məhkəməsi tərəfindən müraciət olunub. Kəpəz polisi deyir ki, ötən müddət ərzində Asif Həsənovun valideynləri, başqa qohumları danışdırılıb, yazılı izahatları da alınıb. Ancaq atanın yerini yenə müəyyən etmək mümkün olmayıb. Polis Asif Həsənovun ölkə daxilində olmasına əmindir. Belə izah edir ki, azyaşlı uşağın atası ilə ölkədən çıxmasına ananın razılığı yoxdur və belə halda ata onu özü ilə ölkədən çıxara bilməz.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Asif Həsənovla qızı Zərxaranın axtarışlarının davam etdiyini bildirir:

«Məhkəmə həmin şəxsin axtarışa verilməsi ilə bağlı qərar çıxararaq, Kəpəz rayon polis şöbəsinə göndərib. Polis azyaşlı ilə atanın axtarışı üçün lazımi tədbirlər həyata keçirir».

Zərxaranın yaxınları ümidlidir ki, onun növbəti ad gününü özünün əhatəsində qeyd edəcəklər.
XS
SM
MD
LG