Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:20

İsmayıllı-Şəki arasında get-gəlli məhkəmə- [Video]


Yaxınları İsmayıllı hadisələri bağlı tutulanlara sovqat çatdıra bilmədiklərini deyirlər
Gözlə

No media source currently available

0:00 0:04:11 0:00

Yaxınları İsmayıllı hadisələri bağlı tutulanlara sovqat çatdıra bilmədiklərini deyirlər

-
Dekabrın 10-da Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələri ilə bağlı proses bir neçə saat gecikmədən sonra davam edib. Məhkəmə iclasına jurnalistlər buraxılmayıb.

HAKİMİN MÜDAXİLƏSİNDƏN SONRA YEMƏK BAĞLAMALARI MƏHBUSLARA VERİLİB

Məhbus valideynlərinin AzadlıqRadiosuna verdiyi məlumata görə, fasilə zamanı övladlarına ərzaq bağlaması verərkən, polislə onların arasında problem yaşanıb:

«Bizim də təsəllimiz övladlarımıza yemək verməkdir. Ona da imkan yaratmırlar. Onsuz da onları həbs eləmisiniz, bundan artıq nə olacaq ki?».

Hakimin müdaxiləsindən sonra məsələ həllini tapıb və yemək bağlamaları məhbuslara çatdırılıb.

Vəkil və valideynlər daha çox işin uzadılmasından narazıdırlar. Onlar məhkəmə işinin bir neçə qrup halında aparılmasını istəyirlər. Məhkəmə zalında prosesi izləmək üçün normal şəraitin olmaması, iclasın gedişində 4-5 nəfərlik tutumu olan barmaqlıqlı yerdə 18 nəfərin saxlanması valideynlərin etirazını doğurur.

Jurnalistlərin proseslərə buraxılmamasına gəlincə, vəkillər bunu daha çox prosesin mahiyyətinə bağlayırlar. Onların fikrincə, məhkəmə baş verənlərin geniş işıqlandırılmasında maraqlı deyil.

«İLQAR MƏMMƏDOV MƏHKƏMƏNİN ÇƏKUZANTIYA SALINMASINDAN NARAZIDIR»

İlqar Məmmədov
İlqar Məmmədov
Dekabrın 10-dakı iclasın bir bölümünü izləyən, amma daha sonra məhkəmə zalını tərk etməyə məcbur qalan «Turan» informasiya agentliyinin bölgə müxbiri Sadiq Fətəliyev REAL Hərəkatı liderinin də prosesin çəkuzantıya salınmasına etiraz etdiyini söyləyir:

«İlqar Məmmədov bildirdi ki, məhkəmənin bu qədər uzadılması onlara verilən əlavə cəzadır. Axı hər 11 gündən bir Gəncədən Şəkiyə gətirirlər və prosesdən sonra geri aparılırlar».

«ÇARPAYILARDA NÖVBƏ İLƏ YATMAĞA MƏCBUR QALIRLAR»

Sadiq Fətəliyevin sözlərinə görə, təqsirləndirilən şəxslər Gəncə təcridxanasındakı şəraitsizlikdən də gileyləniblər:

«Onlar bildirdilər ki, saxlandıqları kameralarda hədsiz nəmişlik var. 15 nəfərin saxlandığı kameranın döşəməsi betondur. Çarpayılar az olduğundan növbə ilə yatmağa məcbur qalırlar».

Vəkillərin fikrincə, bu gedişlə məhkəmə, ən azı, bir il şəkə bilər:

«Vəkillər prosesin qruplar halında aparılmasını istəyirlər. Bildirirlər ki, qruplara bölünməzsə və proses bu templə getsə, məhkəmə bir il çəkəcək. Axı İsmayıllı işi ilə bağlı 100-ə yaxın şahid var. Onları bir-bir dindirmək xeyli vaxt aparacaq».

«QRUPLARA BÖLÜNMƏK MƏHKƏMƏNİ TEZLƏŞDİRƏR»

Prosesdə iştirak edən Müsavat partiyası icra aparatının rəhbəri Arif Hacılı məhkəmənin bu qədər uzadılmasını həm təqsirləndirilənlər, həm də onların yaxınları üçün işgəncə sayır:
Arif Hacılı
Arif Hacılı

«Bu qədər adamın məhkəməsini bir prosesə salmaq yanlışdır. Hələ gec deyil, məhkəmə 18 nəfəri 3 qrupa bölə bilər. Bu da prosesin gedişini tezləşdirər. İndiki halda valideynlər İsmayıllıdan o qədər yolu Şəkiyə gəlməyə məcburdur. Təqsirləndirilənlərin özü də hər prosesdə Gəncədən Şəkiyə, daha sonra geriyə aparılır. Beləcə, onlara əlavə problem yaranır».

Məhkəmə dekabrın 17-də davam edəcək.

Bu il yanvarın 23-də İsmayıllıda «Çıraq» otelinin inzibatçısının və daha bir nəfərin yerli sakinləri təhqir etməsindən sonra bir qrup sakin oteli və onun həyətində olan maşınları yandırıb.

Yanvarın 24-də yerli sakinlər rayon icra başçısının istefası tələbilə etiraz aksiyasına başlayıb və bir qədər sonra hadisələr təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya çevrilib.

Nəticədə 18 nəfər həbs olunub. Onların arasında REAL Hərəkatının lideri İlqar Məmmədov və Müsavat başqanının müşaviri Tofiq Yaqublu da var.

Həbs olunanların hamısı ictimai asayişi pozmaq, vətəndaşları kütləvi iğtişaşlara çağırmaq və hakimiyyət nümayəndələrinə zor işlətməkdə ittiham olunurlar.

Müdafiə tərəfi ittihamları qəbul etmir.
XS
SM
MD
LG