Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:48

Məhkəmə qərarı icra olunmayacaqdısa...


Foto: Arxiv
Foto: Arxiv
-
«Bu qərar icra olunmayacaqdısa, niyə çıxarırdılar? Ümumiyyətlə, bu məhkəmələr nəyə lazımdır? Adamın boş yerə vaxtını alır, əsəblərini korlayır. Mən illərlə məhkəmə qapısında qaldım ki, köçkünü evimdən çıxarım. İndi də illərlə icra məmurlarına yalvarmalıyam ki, məhkəmənin qərarını icra etsinlər?».

Şirinbala Əliyev Suraxanı sakinidir. AzadlıqRadiosunun «Qaynar xətt»inə rayon icra məmurlarından şikayət edir:

«Bir xırda məsələni o qədər böyüdüblər ki... İcra məmurları işləmir. Qərarlar yığılır qalır, adamlar get-gəldə... Bu il yanvarın 28-də Suraxanı məhkəməsi qətnamə çıxarıb ki, məcburi köçkün Qasım Əliyev mənim evimdən çıxarılsın, evim boşaldılıb özümə qaytarılsın. Qətnamə çoxdan qüvvəyə minib. Ancaq icra olunmur».

Suraxanı icra şöbəsindən «Qaynar xətt»ə bildiriblər ki, bu ilin fevralında yerli icra hakimiyyəti həmin qətnamənin icrasının müvəqqəti dayandırılmasını xahiş edib. Bunu rayonda azı 27 min köçkünün məskunlaşması ilə əsaslandırıb.

«MƏN NİYƏ KİRAYƏDƏ YAŞAMALIYAM?»

Şirinbala Əliyev isə razılaşmır:

«Dövlət kimi hara necə yerləşdirməlidir, dərdini özü çəksin. Axı niyə mən sənədli, sübutlu evimi başqasına sığınacaq kimi verib, özüm gedib başqalarının evində kirayədə yaşamalıyam?».

Vəkil Aqil Layıcov Şirinbala Əliyevə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məktub yollamasını məsləhət görür:

«Avropa Məhkəməsinin tövsiyələri də var ki, bir vətəndaşın mənzil problemi başqa vətəndaşın hesabına həll oluna bilməz. Artıq Azərbaycan məhkəmələri də belə məsələlərlə bağlı qətnamələri mülkiyyətçinin xeyrinə çıxarır və məcburi köçkünün yaşayış yeri ilə təmin olunmasını yerli icra hakimiyyəti ilə «Qaçqınkom»un üzərinə öhdəlik kimi qoyur. Yaxşı olar ki, Şirinbala Əliyev «Qaçqınkom»a bir müraciət hazırlasın, məhkəmə qətnaməsini də məktuba tikib göndərsin. Təcrübədə belə addımların fayda verməsinin şahidi olmuşuq».
XS
SM
MD
LG