Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:46

C. Həsənli: «Milli Şurada islahatlara ehtiyac var və mütləq olacaq»


Cəmil Həsənli
Cəmil Həsənli
-
1 dekabr medianın icmalı

Mediaforum saytı Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənlinin müsahibəsini dərc edib. Saytın «Rüstəm İbrahimbəyov sədrliyə sizin namizədliyinizi irəli sürüb. Sədr olmağa razılıq vermisinizmi» sualına Cəmil Həsənli belə cavab verib: «Sədrin kim olmağı məsələsini Milli Şuranın sessiyası həll etməlidir. Əgər şura üzvləri hesab etsələr ki, mən quruma rəhbərlik edim, bununla razılaşacağam. Milli Şura prezidentliyə namizəd olmaq məsələsini mənim üzərimə qoydu və bu missiyanı yerinə yetirməli oldum. Yəqin ki, indi də belə olacaq. Bizim əsas işimiz millətin azadlığına nail olmaqdır. Bundan başqa sosial-iqtisadi sahədə və inzibati idarəetmədə ciddi islahatlara ehtiyac var. Bizim qarşımızda bu islahatlara nail olmaq kimi ciddi problem var.
Milli Şurada islahatlara ehtiyac varmı?
- İslahatlara ehtiyac var və mütləq olacaq. İnteqrasiya getməlidir, təşkilatlanma gücləndirilməlidir, yeniləşmə olmalıdır. Milli Şuranın işlək bir quruma çevrilməsi təmin olunmalıdır. Xeyli ideya var və onları təkliflər paketi şəklində hazırlayıb Milli Şuranın sessiyasında səsləndirəcəyik.
BƏRDƏDƏKİ QAÇQINLAR ZORLA YENİ EVLƏRƏ KÖÇÜRÜLÜR
Bu haqda «Azadlıq» qəzeti yazır.
Bərdə rayonunda yeni salınan məcburi köçkünlər üçün qəsəbədə məskunlaşan Adil Babayev qəzetə deyib ki, «dörd gündür köçmüşük, ancaq nə su, nə qaz, nə də işıq var. Vəziyyətimiz çox pisdir». Onun sözlərinə görə, sözügedən ünvanda 876 mənzil tikilib:
«Camaatı zorla ora köçürüblər. Deyirlər ki, mənzilləriniz hazırdır, gedin yaşayın. Ancaq qaz, su, işıq yoxdur. Bu gedişlə yanvara qədər soyuqda qalmalı olacağıq. Deyirlər ki, qəsəbənin kommunal problemlərinin həll olunması üçün köçürülmə tam başa çatmalıdır. İndi 200-ə qədər ailə məskunlaşıb. 600-dən çox mənzil boşdur. Proses bitənə qədər qış qurtarar, biz də soyuqdan donarıq».
İSRAİL SƏFİRLİYİ QARŞISINDA HƏBS OLUNMUŞ İRAN VƏTƏNDAŞI ÖLKƏSİNƏ QAYIDIB
«Bakıda həbs olunandan sonra azadlığa buraxılmış İran vətəndaşı Həsən Fərəci artıq öz ölkəsindədir».
Bu haqda dekabrın 1-də Trend agentliyinə İranın Azərbaycandakı səfirliyinin konsulluq məsələləri üzrə məsul şəxsi Möhsün Molayi məlumat verib. Deyib ki, Həsən Fərəcinin sənədlərində yaranmış problem artıq öz həllini tapıb və o, hazırda İrandadır.
Həsən Fərəci oktyabrın 31-də İsrailin Azərbaycandakı səfirliyinin qarşısından keçərkən şübhəli şəxs qismində saxlanılmışdı. Daha sonra o, polis bölməsinə, oradan isə məhkəməyə aparılmışdı. Həsən Fərəci 30 sutka həbs cəzası almışdı.
BAKIDA MƏŞHUR MİLYARDERİN FABRİKİNİ SÖKÜRLƏR
Bu haqda «Yeni Müsavat» qəzeti yazır. Qəzet yazır ki, söhbət Rusiyada yaşayan milyarder Zarah İliyevin yaxınlarına məxsus «Bakı Gön Dəri» ASC-dən gedir:
«Ərazidə olan reportyor qrupumuz yeni prospektin tikintisi ilə əlaqədar «Bakı Gön Dəri» ASC-nin ərazisində qızğın söküntü işləri aparılmasının şahidi olub. ASC-nin inzibati binasının pəncərələri sökülüb, binanın daxilində istilik sistemləri, kommunal xətlər dağıdılmaqdadır. Belə məlumatlar var ki, artıq vaxtilə 750 nəfərin çalışdığı ASC-yə hər hansı bir kompensasiya verilməsi məsələsi də müzakirə mövzusu deyil. Yəni ASC-nin fabrikini sökürlər, kompensasiya verilib-verilməyəcəyi bilinmir».
III ŞƏRQ TƏRƏFDAŞLIĞI SAMMİTİ: NƏTİCƏLƏR VƏ PERSPEKTİVLƏR
III ŞƏRQ TƏRƏFDAŞLIĞI SAMMİTİ
III ŞƏRQ TƏRƏFDAŞLIĞI SAMMİTİ
«Azərbaycan» qəzeti yazır ki, Avropa İttifaqı ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanması bu qurumla əməkdaşlığın uğurlu inkişafını göstərir.
«Saziş Şengen vizası almaq üçün tələb olunan 60 avronun 30 avroya endirilməsini, vizanın verilməsi üçün tələb edilən günlərin və sənədlərin sayının azaldılmasını nəzərdə tutur. Sazişə əsasən, Azərbaycan vətəndaşlarının, xüsusilə çox səyahət edənlərin qısamüddətli viza əldə etmələri daha asan və ucuz başa gələcək. Qısamüddətli viza - 90 gündən çox olmayaraq Aİ ərazisində qalmağa icazə verən vizadır. Çox səyahət edən müəyyən vətəndaşlara müvafiq şərtlər daxilində üzv dövlət tərəfindən 1 ildən 5 ilədək çoxgirişli viza veriləcək. Bundan əlavə, diplomatik pasport sahibləri Aİ daxilində vizasız səyahət edə biləcəklər. Sazişə əsasən, viza üçün müraciət edən müəyyən kateqoriyalı vətəndaşlar, o cümlədən rəsmi nümayəndə heyətinin üzvləri, jurnalistlər, 12 yaşdan kiçik uşaqlar, təqaüdçülər, tədqiqatçılar və tələbələr viza haqqının ödənilməsindən azaddırlar».
ÖDƏNİŞLİ TƏHSİL ALAN VALİDEYNSİZ UŞAQLAR TƏHSİL XƏRCİNDƏN AZAD EDİLİR
Milli Məclisin dekabrın 3-də keçiriləcək iclasında «Təhsil haqqında» qanunda dəyişiklik edəcək. Bu barədə Modern.az saytına parlamentdən məlumat verilib. Qanuna təklif edilən yeni dəyişikliyə görə, bundan sonra ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və ata-ana himayəsindən məhrum olmuş uşaqların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək.
Qanunda edilən dəyişikliklə bağlı prezident İlham Əliyev müvafiq layihəni Milli Məclisə göndərib. Dəyişikilik «Təhsil haqqında» qanunun 14-cü maddəsinə edilib. Qanuna əlavə edilmiş 14.8-1 bəndi həmin imtiyazı şərtləndirir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG