Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:12

İlqar Cahangirov: «20 ildə 150 idman zalı tikilib, amma bircə teatr binası da tikilməyib»


İlqar Cahangirov
İlqar Cahangirov
-

İlqar Cahangirov:

- Bir teatrda 93 aktyor var. 93 aktyor bir teatrda neynəyir? Teatr zavoddur, fabrikdir, nədir?



Polis "Oda" müstəqil teatrını niyə bağladı?

Teatrın rəhbəri, əməkdar artist İlqar Cahangirov "Pen klub"da. Proqrama teatrdan Elmin Bədəlov, Nihad Qulamzadə də qatıldılar. Bir də teatrşünas Aliyə.


Səadət Akifqızı

- Niyə teatrınızın yaranması ilə bağlanması bir oldu?

Elmin Bədəlov

- Teatr, əslində, bağlanmayıb. Sadəcə, yerimizi əlimizdən alıblar, biz fəaliyyətimizi davam etdirəcəyik. Amma dekabrın 1-ə qədər bizə vaxt veriblər ki, yerimizdən çıxaq, əgər çıxartsalar, fəaliyyətimizdə çətinliklər olacaq, amma işimizə davam edəcəyik. Biz müstəqil teatrıq. Mən özüm 2006-cı ildə Dövlət Neft Akademiyasına qəbul olunmuşam, orda əməkdar artist, diktor Rafiq Hüseynovun teatrı fəaliyyət göstərirdi. Mən ilk addımımı orda atmışam. Ordakı fəaliyyətim isə uzun çəkmədi, cəmi bir ay oldu. Gəlib oranı sökdülər, Rafiq müəllimi ordan çıxardılar, yerində isə bank tikdilər. Mədəniyyət evlərinin də tərkibində xalq teatrları var, amma müstəqil deyillər. Mən onların bir neçəsində olmuşam, məsəlçün, Maştağa mədəniyyət evinin belə bir teatrında olmuşam. Müstəqil olmayanda teatrlar istədikləri əsəri seçə bilmirlər, onlara Mədəniyyət və Turizm Nazirliyindən sifarişlər gəlir, hər hansı bir əsərin hazırlanmasını tələb edirlər və onlar həmin əsəri səhnələşdirib ancaq müəyyən dairələrdə, məsəlçün, məktəblərdə şagirdlər qarşısında göstərirlər. Buna görə də qərara aldıq ki, belə bir müstəqil teatr yaradaq. Əslində bu, xalq teatrı kimi formalaşdı. Tamaşalarımızı müəyyən çevrələr üçün yox, hər kəs üçün açıq şəkildə göstərdik, mediada, saytlarda, sosial şəbəkələrdə də yaydıq. Artıq “Azdrama”ya gedən tamaşaçılar gəlib bizim tamaşalara baxırdılar. Çox təəssüf edirəm ki, indi belə bir durum yaranıb. (ardı aşağıda)

saödan sola: Elmin Bədəlov, Nihad Qulamzadə
saödan sola: Elmin Bədəlov, Nihad Qulamzadə


Səadət A.

- “Oda” teatrının aktyorlarından biri Nihad Qulamzadə də söhbətimizə qoşulur. Nihad, səncə müstəqil teatra ehtiyac varmı? Yəni “Evlənmə” tamaşasına peşəkarların ifasında baxmaq yaxşıdır yoxsa, özünüzün oynamağınız daha maraqlıdır?

Nihad Qulamzadə

- Təbii ki, əgər peşəkarlar oynasaydı, bizdən daha yaxşı oynaya bilərdilər. Amma biz həvəskar olduğumuz üçün tamaşaçılar tərəfindən bizə diqqət daha çox olur, çünki əvvəllər heç yerdə çıxış etməmişik. Neçə ilin aktyoru deyilik, öz-özümüzə öyrənib tamaşa qoymaq, onu oynamaq daha maraqlıdır, bu, tamaşaçıların özünə də maraqlıdır. Mənim fikrimcə, həvəskar aktyorların oynadıqları tamaşalar daha maraqlı olur, çünki bilinir ki, peşəkar çıxıb rolunu necə oynayacaq, amma həvəskarların necə oynayacağı əvvəlcədən bilinmir.

Elmin B.

- Məsəlçün, “Evlənmə” tamaşasını, hansısa rayon teatrı da hazırlamışdı və mən ona Youtube-dən baxmışdım. Hesab edirəm ki, bizim tamaşamız o peşəkarların hazırladığından daha yaxşı idi. Əlbəttə, bunu aktyor oyunu, rejissor işi, quruluş baxımından demirəm, amma deyə bilərəm ki, fərqlilik baxımından bizim tamaşamız daha yaxşı idi. Biz müasir paltarlardan istifadə etmişdik, onlarsa qədimi geyimlərdən, tamaşaya müasir söhbətlər əlavə etmişdik. Bundan başqa, bizdə azadlıq var, məsələn, rumın dramaturqu Matey Vişnekin “Səncə döyəcəklər?” əsərini Azərbaycan heç bir teatr səhnəyə qoya bilməz. (ardı aşağıda)

"Oda" məşq zamanı


Səadət A.

- Telefon xəttində “Oda” teatrının digər bir aktyoru, əməkdar artist İlqar Cahangirovdur. İlqar bəy, vaxtilə Azərbaycana teatr mədəniyyəti müstəqil teatrların simasında gəldi, onda dövlətin dəstəklədiyi teatrlar hələ yox idi. İndi tarix təkrar olunmurmu?

İlqar Cahangirov

- Sovet vaxtı belə dərnəklər, xalq teatrları var idi. Həvəskar aktyorlar gedib orda məşqlər edir, tamaşalar göstərirdi. Amma hal-hazırda onlar yox dərəcəsindədir. Biz bu gün o gəncləri yığmışıq, bir teatr dərnəyi yaratmışıq, indi müəyyən problemlər yaranıb, amma inşallah yaxşı olacaq. Tarix təkrar olunur deyəndə ki, axı teatrlar var indi. Yaranır da, həvəskar aktyorları yığırlar, yeni teatrlar yaradırlar. Azərbaycanda belə hallar var. Tarixin təkrarlandığını demək düz çıxmazdı, çünki Azərbaycanın 140 illik teatr tarixi var. Dövlət teatrları var, bələdiyyə teatrları var.

Səadət A.

- İlqar bəy, ölkədə bu qədər peşəkar teatrlar olduğu vaxtda həvəskar teatra ehtiyac nədən yarandı?

İlqar C.

- Təbii ki, elə tamaşalar var ki, dövlət teatrları onlara müraciət edə bilmirlər, çünki dövlətdən asılıdırlar. Özəl, yaxud həvəskar teatrlar sərbəst olduğu üçün elə əsərlərə də müraciət edirlər. Kamera teatrı 18 il fəaliyyət göstərdi və mən orda çalışdım, biz orda istədiyimiz əsərlərə müraciət edirdik. “Yuğ” teatrı da 25 il əvvəl studiya şəklində fəaliyyətə başlamışdı. Vaqif müəllim bir studiya yaratmışdı, onlar işlədilər, işlədilər, artıq onların özünəməxsus binası var, öz üslubları var. Teatrlar belədir, onları yaşatdıqca daha dərinlərə gedir, daha çox qol-budaq açır. İndi bir az çətinlik oldur ki, teatrları yaratmaq olur, amma məkan olmadığı üçün, çətinlik olduğu üçün çoxu dözmür, qalmır, işləmir. Sadəcə, dözmək lazımdır. Teatr elə bir şeydir ki, gərək sona qədər mübarizə aparasan, dözəsən. (ardı aşağıda)

"Oda" teatrında "Evlənmə" tamaşası


Səadət A.

- Siz dediniz ki, dövlət teatrları bəzi mövzulara müraciət edə bilmir. Məsəlçün, bu gün hansı mövzular var ki, biz onları teatrlarda görə bilmirik?

İlqar C.

- Bilirsiniz, teatr canlı sənətdir, teatr bu günün nəbzidir. Bün cəmiyyətdə baş verən hadisələr ədəbiyyatda əksini tapmalıdır. Amma bunun səhnəyə gətirilməsində böyük çətinliklər çıxır. Mən deyərdim ki, bu gün Azərbaycan teatrında müasirlik yoxdur. Teatrda müasirlik olmalıdır, yeni mövzular olmalıdır, bu günün tələbləri olmalıdır.

Səadət A.

- Söhbət ictimai-siyasi hadisələrin səhnəyə gətirilməsindənmi gedir?

İlqar C.

- Müəyyən mənada bəli. Dünyanın çox yerində, elə Türkiyənin özündə, Gürcüstanın özündə elə teatrlar var ki, çox sərbəstdirlər. Baxırsan ki, bu gün baş verən hadisələri səhnələşdirirlər. Amma təəssüf ki, bizdə hələ ki, yox dərəcəsindədir belə teatrlar. Bilirsiniz necədir, inkişaf gedir, həyat davam edir, nəsil artır. Necə olur ki, 20 ildə 100-150 idman zalı tikilib, amma hələ bu 20 ildə bircə teatr binası da tikilməyib. İdmançılar çoxaldıqca zalları da çoxalır, aktyorlar da çoxaldıqca teatrlar artmalıdır. Bir teatrda 93 aktyor var. 93 aktyor bir teatrda neynəyir? Teatr zavoddur, fabrikdir, nədir? Hər məhəllədə, hər küçədə, hər metroda teatr olmalıdır. Necə ki, hər yerə baxırsınız, mağazalar, əyləncələr, kafelər var. Teatrlar da çox olmalıdır. Bu günün gənclərinin teatrları yoxdur. Bu gün gənclər dünyanı tam başqa cür görürlər. Bu gün gənclər teatrı daha səmimi, daha canlı görmək istəyirlər. Bu gün gənclər internetdə oxuyurlar, baxırlar. Dünyanın hər şeyi, teatrları da onların ovcunun içindədir. Amma bu gün mən deyərdim ki, Azərbaycan gənclərinin teatrı yox dərəcəsindədir.

Səadət A.

- Elmin bəy, müstəqil teatr yaradıb onun üçün yer tapmaq bu qədərmi çətindir? (ardı aşağıda)

Səadət Akifqızı
Səadət Akifqızı


Elmin B.

- Çətindir, ona görə ki, polis gəlib müdaxilə edir. Bundan əvvəl biz siyasi partiyaların yerindən çıxarıldığını görmüşdük, amma mən inanmırdım ki, polis bir teatra müdaxilə edər, aktyorları tutub bir saata qədər saxlayar. Düşünmürdüm ki, belə bir hal olacaq. Bundan əvvəl yerimiz yox idi, bir dəfə kitab klubunda, bir dəfə də art qalereyada tamaşa göstərdik. Onda mövzumuz Qoqolun “Evlənmə” tamaşasıydı deyə bizə yer verirdilər. Bu “Səncə döyəcəklər?” əsərini götürüb hazırlayandan sonra teatrlar bizə yer verməkdən imtina etdi.

Səadət A.

- O əsərdə söhbət nədən gedir?

Elmin B.

- O əsərdə söhbət iki gəncin polis bölməsində yaşadıqları psixoloji problemlərdən gedirdi. Bu bizim qısa zamanda ən çox diqqət çəkən tamaşamız olub və deyərdim ki, ona böyük maraq göstərilib.

Səadət A.

- Bəs “Evlənmə” tamaşasını neçə dəfə göstərmişdiniz?

Elmin B.

- Altı dəfə göstərmişdik, birinci dəfə 400 nəfərə, ümumi olaraq isə 1000-dən çox adama nümayiş etdirmişik.

Səadət A.

- İndi telefon xəttində teatrşünas Aliyə xanımdır. Aliyə xanım müstəqil teatrlar sənətə nə verir?

Aliyə

- Müstəqil teatrlar alternativ teatrlardır, müstəqil teatrlar teatr tarixində çox vacib bir məqamdır. Təəssüf ki, bizdə teatr şəbəkəsində bütün teatrlar dövlət teatrlarıdır. Bəzən də deyirlər ki, bəlkə də bu yaxşıdır, dövlət onlara maliyyə ayırır. Amma əslində alternativ teatrların olmağı teatr prosesinə rəngarənglik qatır, çünki müstəqil teatrlar bir növ həm də azad ab-havada olurlar. Dünya teatrlarında olan təcrübə göstərir ki, daha eskperimental, daha parlaq tamaşalar belə teatrlardan çıxır. Belə teatrlar prosesi yeniləyir, onu monoton olmağa qoymur, yeni formalar təklif edirlər.

Səadət A.

- Sizcə, dövlət teatrları bu eksperimentləri apara bilmirmi?
Aliyə
Aliyə

Aliyə

- Əlbəttə, apara bilir, hətta dövlət teatrlarının nəzdində studiya da yaradılır. Amma gəlin baxaq “Yuğ” teatrı, “Pantomima” teatrı, “Kamera” teatrı əvvəlcə müstəqil teatrlar idi, sonradan dövlət teatrlarına çevrildi. Baxın görün onlar teatrın böhranda olduğu zamanda teatr prosesinə nə qədər yenilik gətirdilər, rəngarənglik verdilər. Dünyada da bu eynən belədir. Adətən kiçik teatrlar öz yeni ideyalarını, reformalarını daha asan həyata keçirirlər. Böyük teatrlarda bunu etmək elə də asan olmur, çünki böyük teatrların öz ənənələri olur, onun çərçivəsindən çıxmaq çətin olur.

Səadət A.

- Aliyə xanım, adlarını sadaladığınız teatrlar peşəkarlar tərəfindən yaradılmışdı. Bəs bu müstəqil tearları həvəskarlar yaradırsa, bu teatr prosesinə hansı töhfəni verə bilər?

Aliyə

- Peşəkar və həvəskar teatr deyə ayrım edəndə, nəzərə almalıyıq ki, bütün hallarda söhbət yaradıcı işdən gedir. Yaxşı olar ki, aktyorlar peşəkar olsunlar, peşəkarlığa can atsınlar. Amma istedad və həvəs özü də böyük şeydir. Bu yaxınlarda Bakıda Kukla teatrı ilə bağlı bir festival oldu. Orda mən xaricdən gəlmiş bir fransız teatrının nümayəndəsi olan bir xanımla qarşılaşdım. Onunla söhbət edəndə, o təəccübünü bildirdi ki, Azərbaycandan festivalda iştirak edən teatrların hamısı dövlət teatrlarıdır. O bildirdi ki, bizdə müstəqil teatrlar çoxdur və belə olması yaxşıdır. Təbii ki, biz də istəyərik ki, müstəqil teatrlar olsun. Bu həm də insanların marağından asılıdır, maraq varsa bu olmalıdır. “Oda” teatrı var idi, pis-yaxşı oynayırdılar və buna maraq vardı. Amma peşəkar teatrlarda tamaşalar var ki, bundan daha zəifdir. Bu, doqma deyil ki, ancaq peşəkar olan şey tamaşaçını çəkir. Amma teatr anlayışı özü akademikləşmiş anlayışdır. Teatra gedən insanın onsuz da hansısa səviyyəsi olur. Balaca bir teatra tamaşaçı gəlib baxırsa bunda pis nə var ki?

İzlə
XS
SM
MD
LG