Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:05

Nadir şahın almazı


"Şah almaz", sovet markası üzərində
"Şah almaz", sovet markası üzərində
-

Qriboyedovun öldürülməsi İranla Rusiyanın münasibətlərinə zərbə vura bilərdi. Tehran dərhal hərəkətə keçir, Şahzadə Xosrov Mirzə Peterburqa göndərilir, onun çara apardığı hədiyyələr arasında "Şah almaz" da olur...


İranın türk hökmdarı Nadirin Hindistana yürüşü onun sərkərdə söhrətinin pik nöqtəsi sayılır.

Moğol imperiyasını məğlub edib onun xəzinəsini qənimət kimi ələ keçirən Nadirin İrana gətirdiyi daş-qaş içində "Şah almaz" da vardı.

"Şah almaz" 88,7 karatdır, uzunsov, səkkizbucaqlı formaya malikdir. Uzunluğu təxminən 4 santimetrdir. Onu görənlər su kimi şəffaf olduğunu deyirlər.

Bu almazın unikallığı həm də onun üzərindəki yazılarla bağlıdır. Təbiətdə almazdan möhkəm daş yoxdur və onun cilalanması, üzərinə yazı həkk edilməsi çox çətindir. Əlbəttə müasir dövrdə bunu rahat şəkildə lazerlə etmək mümkündür. Amma bu zərif işin orta əsrlərdə hansı metodla görülməsi, yazıların "Şah almaz"ın üzərinə kustar emalatxanalarda necə həkk edilməsi müasir mütəxəssislər üçün hələ də müəmma olaraq qalır.

Yazılar fars dilindədir. İlk yazını 1591-ci ildə almazın üzərinə Əhmədnaqar hökmdarı Nizām həkk etdirib.
Nadir şahın xəyali portreti
Nadir şahın xəyali portreti

Bəziləri güman edir ki, almaz yaxınlıqda - Hindistanın mərkəzində yerləşən Qolkonda mədənindən tapıla bilərdi. 1595-ci ildə Böyük Moğollar Əhmədnaqarı fəth edib öz ərazilərinə qatırlar və "Şah almaz" da onların əlinə keçir.

1641-ci ildə Moğol hökmdarı, almaz həvəskarı Cahan şah öz adını "Şah almaz"ın üstünə həkk etdirir. Amma Cahan şahın taleyi faciəvi olur. Oğlu hakimiyyəti ələ keçirib onu qazamata salır, beləcə o ömrünün son illərini həbsdə keçirir.

"Şah almaz" üzərinə üçüncü yazı isə 1824-cü ildə həkk edilib. İran hökmdarı Fətəli şah qiymətli daşa öz adını da yazdırıb.

Amma almaz İranda da çox qalmır. 1829-cu ildə Allahyar xanın hərəmxanasından olan iki erməni qadın Tehrandakı rus səfirliyinə müraciət edib sığınacaq istəyirlər. Səfir Qriboyedov onlara sığınacaq verərək vətəndaşı olduqları Rusiya İmperiyasına qayıtmağa kömək etməyi boyun olur. Və ölüm təhlükəsinə baxmayaraq onları xana qaytarmaqdan imtina edir. Həmin il yanvarın 30-da səfirliyə hücum olur və qəzəblənmiş kütlə Qriboyedovu səfirliyin başqa işçiləri ilə birlikdə öldürür.

İran tərəfi şimal qonşusu ilə münasibətlərin korlanmaması üçün dərhal hərəkətə keçir. Şahzadə Xosrov Mirzə Peterburqa göndərilir, onun çara apardığı hədiyyələr arasında "Şah almaz" da olur. Beləliklə, Qriboyedovun qanı almazla yuyulmuş olur.

Hazırda "Şah almaz" Rusiyanın Almaz Fondunda saxlanır.

oxuzali.az

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG