Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:15

Qarakənd üzərində vertolyot qəzasının 23 ili tamam olur [Fotolar]


-

«O günü yadımdan çıxara bilmirəm. Dərsdəydim, tələbələr dedi ki, üşüyürük, burax bizi... Dedim, mən də üşüyürəm. Saat 5 idi. Üşütmə tutmuşdu məni. Elə bil o vaxt həmin hadisəni hiss elədim».


1991-ci ilin 20 noyabrını vertolyot qəzasında həlak olmuş Vəli Məmmədovun bacısı Sevil Məmmədova belə xatırlayır. Deyir, üstündən 23 il keçsə də, elə bilir həmin hadisə dünən olub:


«O hadisədə o qədər adam həlak olub... Bilmirəm, bəlkə vaxt keçəcək, bu işin üstü açılacaq... Hətta onların ölümünə inanmıram. Elə bilirəm ki, harasa gediblər, kimsə girov götürüb, çünki biz onların meyitini görmədik».


Həlak olanlardan həmin dövrdə Şuşa şəhər İcra Hakimiyyəti başçısı olmuş Vaqif Cəfərovun oğlu Nicat Cəfərovsa 20 noyabrı belə xatırlayır:


«Mənim onda 13 yaşım vardı. Atamı son dəfə noyabrın 11-də görmüşəm. Elə yadımda da sonuncu dəfə gördüyüm kimi qaldı. Kiçik bacımın ad gününə gəlmişdi. Əksər hallarda Moskvada olurdu, tez-tez Şuşanın kəndlərinə gedirdi. Həmin gün anamla, bacılarımla evdəydik. Axşam saat 8-9 olardı. Xəbərlərdə eşitdik. Əvvəlcə dedilər ki, duman olub, sonra müxtəlif versiyalar səsləndi. Hansı formada olubsa, bu, Azərbaycanın düşmənlərinin işidir... Onlar vətən uğrunda həlak olublar. Mənim üçün də əsas budur».

Foto: Arxiv
Foto: Arxiv

«HADİSƏNİN ÜSTÜ AÇILSIN, BİZİM DƏ ÜRƏYİMİZ SAKİT OLSUN...»

Həmin vaxtlar baş nazirin müavini olmuş Zülfü Hacıyevin bacısı Minəş Hacıyeva deyir ki, o gündən qulağı səsdədir ki, bəlkə bu hadisədən yeni bir xəbər çıxar:


«Dedi ki, Qarabağa gedirəm, işim var. Sonra da xəbəri gəldi. İstərdim ki, onlara qəhrəman adı verilsin, onlar vətən yolunda gediblər, axı. Bir də necə vurulub, hansı tərəfdən vurulub, üstü açılsın. Ürəyimiz sakit olsun ki, bunlar nəyə görə belə sağ-salamat getdilər, belə «qayıtdılar». Hamıdan da soruşuruq, dövlət orqanlarına da müraciət edirik. Deyilər, erməni tərəfdən vurulub, biz bilmirik».


Su və meliorasiya nazirinin müavini olmuş Qurban Namazəliyevin bacısı Mahirə Məmmədova 20 noyabr olayını müəmmalı sayır:


«O gün evdə tək idim. Gəlməsini gözləyirdik. Televizoru açdım, birdən-birə, elə bil, istilik gəldi mənə. Elə həmin vaxt da dedilər ki, Qarakənd üzərində vertolyot qəzaya uğrayıb. Dedim, ay Allah, Qurbanın adı olmasın, amma... onun adını dedilər. Müəmmalıdır, indiyə kimi qəbir üstə gəlib-gedirik, ancaq hələ də ümidimiz var ki, bəlkə sağdır, qayıdacaq. Həyat yoldaşı müraciətlər edir... Nə cavab verəcəklər ki, heç nə...».

Üzeyir Cəfərov
Üzeyir Cəfərov

MARAQLI QÜVVƏLƏR VAR

Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, mətbuat yazmasa, bəlkə də bu hadisə heç rəsmilərin yadına düşməz:


«20 noyabr faciəsində o «qara qutu»nun, faktiki olaraq, aradan çıxarılması, onunla bağlı məsələnin dalana dirənməsi ona dəlalət edir ki, ortada maraqlı qüvvələr var. Bu hadisəni, əslində, ört-basdır elədilər. Beləcə... unutdurdular. Əslinə qalsa, belə olmamalıydı. Azərbaycan, gec də olsa, ölənlərin xatirəsinə görə, bu məsələ sonadək araşdırılmalıdır».


RƏSMİ VERSİYA

Rəsmi versiyaya görə, 23 il əvvəl – 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu vertolyot qəzaya uğrayıb.

Nəticədə vertolyotda olan 22 nəfərin hamısı həlak olub. Onların arasında Azərbaycanın daxili işlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, dövlət katibi Tofiq İsmayılov, onun köməkçisi Rafiq Məmmədov, SSRİ Ali Sovetinin deputatı Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Cəfərov, jurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov, işıqçı Arif Hüseynzadə, eləcə də Rusiya və Qazaxıstan hərbi müşahidəçiləri də olub.

İlkin rəsmi məlumatlarda vertolyotun dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, sonradan onun vurulması faktı təsdiqlənib.

Faktla bağlı 1991-ci il noyabrın 21-də Hərbi Qarnizon Prokurorluğu cinayət işi açıb. İstintaq Respublika Prokurorluğunda davam etdirilib.

Sonradan cinayət işi üzrə istintaq dayandırılıb. Buna hadisənin baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı əsas gətirilib. Cinayəti törədən şəxsləri müəyyənləşdirmək mümkün olmayıb.

XS
SM
MD
LG