Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:04

Naxçıvan müsavatçılarından maliyyə hesabatı istənilir...


Naxçıvanda Müsavat Partiyasının qərargahı
Naxçıvanda Müsavat Partiyasının qərargahı
-
Müsavat Partiyasının yerli rayon təşkilatlarına Naxçıvan Muxtar Respublika Maliyyə Nazirliyindən məktublar gəlib. Bu haqda partiyanın muxtar respublika təşkilatı MNTK-sının sədri Telman Ağayev məlumat verib. Komitə sədrinin sözlərinə görə, məktublarda onlardan maliyyə hesabatı vermələri istənilir. Telman Ağayev ilk dəfə belə məktublar aldıqlarından bu işi müəmmalı sayır:
«BİZDƏ HAZIRDA ÜZVLÜK HAQQI DA YIĞILMIR»
«22 səhifədən ibarət bir məktubdur. İçərisində hesabat blankı da yoxdur. Dövlət büdcəsindən maliyyələşmirik deyə bu cür məktubun göndərilməsi məntiqsiz bir şeydir. Bizdə hazırda üzvlük haqqı da yığılmır. Əgər dövlət büdcəsindən maliyyələşsək, nazirlik bizdən hesabat tələb edə bilər. Bizim təşkilatın nə bank hesabları var, nə də ki, başqa yerdən maliyyələşirik. Bu məktub qanunauyğun olmadığından biz də maraqlanmadıq ki, nə məsələdir? Əgər mən üzvlük haqqı, ianə yığıramsa da, bunun maliyyə nazirliyinə nə aidiyyəti ola bilər?»

«BİZ HEÇ KİMƏ MƏKTUB GÖNDƏRMƏMİŞİK»
Məsələyə münasibət öyrənmək üçün Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirin köməkçisi Mahir Musayev deyilən məktublardan xəbərsiz olduqlarını bildirdi:

«Bizə məktub gəlməyib də, getməyib də. Biz heç kimə məktub göndərməmişik».

HÜQUQŞÜNAS DEYİR Kİ...
Hüquqşünas Hafiz Həsənov da partiyaların yerli təşkilatlarından maliyyə hesabatı tələb olunmasını qanuna uyğun saymır. O, yerli təşkilatlara bu cür məktubların göndərilməsinin təzyiq vasitəsi ola biləcəyini ehtimal edir:
«Ola bilər nazirlik oradakı partiyalara nəzarət etmək istəyir»
«Maliyyə hesabatını ilk dəfə QHT-lərə tətbiq etdilər. Sonradan bunu siyasi partiyalar haqqında qanuna da saldılar. Həmin qanuna görə, partiyalar ildə bir dəfə özlərinin illik maliyyə hesabatlarını verməlidirlər. Baxmayaraq ki, dövlət büdcəsindən maliyyələşir, ya yox. Ancaq, bu hesabat yerli təşkilatlara yox, partiyanın mərkəzi qərargahına aiddir. Ona görə də bu cür məktub Müsavat Partiyasının yerli şöbələrinə yox, mərkəzi qərargaha gəlməlidir. Naxçıvanın özünün Ədliyyə Nazirliyi var. Ola bilər nazirlik oradakı partiyalara nəzarət etmək istəyir. Əslində isə, oradakı partiyaların muxtariyyəti olmadığından, qanunvericilik onlara yerli şöbələr kimi baxır. Ona görə də Naxçıvanın Maliyyə Nazirliyinin maliyyə hesabatı istəməsi düzgün deyil. Azərbaycanın Maliyyə Nazirliyi Müsavatın mərkəzi qərargahına müraciət edib, onlardan maliyyə hesabatı istəyə bilər. Belə çıxır ki, Naxçıvandakı təşkilatlar maliyyə hesabatı verməyəcəksə, onları cərimələyəcəklər? Bu o vaxt olardı ki, Naxçıvandakı təşkilatların muxtariyyət statusu olardı”.
Gülağa Aslanlı
Gülağa Aslanlı
Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı isə maliyyə hesabatlarının hər il Azərbaycan Maliyyə Nazirliyinə vaxtında təqdim etdiklərini bildirdi. O, Naxçıvan Maliyyə Nazirliyinin bu işə qarışmasını yerli təşkilatlara təzyiq kimi qiymətləndirir:
«YA QANUNU BİLMİRLƏR, YA DA...»
«Maliyyə hesabatı yalnız mərkəzi aparat üçündür. Bu partiyanın yerli təşkilatları üçün nəzərdə tutulmayıb. Müsavatın yerli təşkilatı Naxçıvanda qeydiyyatdan keçməyib ki... Partiya harada qeydiyyatdan keçibsə, maliyyə hesabatı da orada verilir. Biz mərkəzi aparat olaraq illik maliyyə hesabatlarımızı vaxtında veririk. Bizim heç nədən çəkinəcəyimiz, qorxacağımız yoxdur. Burada iki məsələ ola bilər. Ya qanunu bilmirlər, ya da Naxçıvan təşkilatına təzyiq mexanizmi kimi bundan istifadə edirlər».
Müsavat Partiyasının Naxçıvan Muxtar Respublikasında 7 rayon təşkilatı fəaliyyət göstərir.
XS
SM
MD
LG