Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:05

Qırmızı quyu (Seçmə hekayələrdən)


Təranə Vahidqızı
Təranə Vahidqızı
-

Demək istəyirdi ki, ey dünyanın sahibi, niyə bəndələrini tərk etmisən, onsuz da aşağılarda heç kim heç kimin səsini eşitmir, bəs yuxarıya nə olub, xətt işləmir? Tanrı susurdu...


Bu hekayə son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilib. 17 hekayə və 8 şairin şeirləri imzası göstərilmədən Münsifə göndərilib. Onun çapa münasib bildiyi əsərləri yaxın günlər ərzində "Oxu zalı"nda oxuyun. Çap sırası şərtidir.


Təranə Vahidqızı


QIRMIZI QUYU


... Bu dünyada irili-xırdalı çoxlu yuvalar var. Qarışqanın öz yuvası, sərçənin öz yuvası, insanın öz yuvası. Yuva həm də Vətəndir. Sən hər gün Vətəndən çıxıb yem dalınca gedirsən. Əminsən ki, Tanrı ruzini bir yarpağın altında, bir gölün qırağında, bir daşın altında, bir insanın yaddaşında gizlədib.

Tanrı hardan bilsin ki, ruzi oğruları dünyanın nizamını dəyişib...

... Axır vaxtlar yuxusuna dərin, dibsiz. ensiz, qıpqırmızı köhnə bir quyu girirdi. Quyunun içinə baxmağa ürək eləmirdi, amma hərdən quyu oyanıb inişil rəhmətə gedən nənəsinin kal səsi ilə onu səsləyirdi.

Qorxusundan yaxına getmirdi. Quyu, özü də qırmızı quyu bu çağacan kimə xeyir gətirib ki?

Onsuz da dövran onu gözüqıpıq edib dar, yöndəmsiz, çirkli bir quyuya tullamışdı. Nə illah eləsə də, quyudan çıxa bilmirdi. Dişiylə, dırnağıyla cəhd edib çıxanda da, nəfəs dərməmiş guppultuyla başqa bir quyuya düşürdü.

Zəhrimara qalsın, elə bil hər yan quyu idi. Hərdən fikirləşirdi ki, görəsən bu quyuları kim qazır, nə vaxt qazır, niyə qazır? Bir-iki dəfə quyu barədə ərki çatan adamlardan soruşmuşdu da. Boğazınacan quyunun içində olanlar düz gözünün içinə baxıb boz-boz “nə quyu, hansı quyu?” - demişdilər. Dili-dodağı əsə-əsə “Fikir verməyin, axır vaxtlar gözüm yaxşı görmür, hamısı ondandı. Quyu nə gəzir, hər yer dümdüzdür” – demişdi. Bu həngamədən sonra bir də quyu sözünü ağzına almamışdı. Hamı necə, o da elə...
Arvadının səsi onu quyudan çıxartdı:

- Çay içirsən?

- Hə.

Ardınca da:

- Uşaqlar yatdı? – deyə soruşdu.

- Fəridə elə ağlaya-ağlaya yatdı. Deyir sinif yoldaşlarım venetka üçün 30 manatdan pul yığır. Nə vaxtacan sinfin gözü qarşısında “yox mən istəmirəm” – deyəcəm. Guya uşaqlar bilmir niyə istəmirəm?

Səlim əsəbi şəkildə əlini tüklü üzündə gəzdirdi:

- İşlərim düz gətirmir, hara ayaq atıramsa, quyuya... tezcə də sözünü dəyişdi, hara əl atıramsa, boşa çıxır - dedi.

Yır-yığış eləyən Səlimə əl saxlayıb ərinə baxdı:

- Axşam vaxtı nəs gətirmə, ay pir olmuşun oğlu, şükür Allaha, bu ay kirayənin pulunu vermişik, həmişəki kimi alababat da dolanırıq. Fəridə də qələt eləyir, ağlayıb-sızlayıb oturacaq yerində. Məktəb də gündə bir hoqqa çıxarır, “ver. ver, ver! Hanı? Boş ovcunu havada oynatdı. Qonşumuz Nəzirəyə and vermişəm, nə iş olsa mənə desin, görək nə olur. Maşallah, zirək gəlindi, şəhərin altından vurub, üstündən çıxır, o olmasa heç bilmirəm necə dolanarıq – dedi.

Arvadının yad qapılarda işləməsi Səlimə ağır, çox ağır gəlirdi. Hansı kişi istəyər ki, gözəl-göyçək arvadı bir tikə çörəkdən ötrü tanımadığı qapıları döyüb yun çırpsın, döşək salsın, xəstəyə baxsın? Özü də dünyanın belə baş-ayaq vaxtında...

Səlim Səlimənin gətirdiyi çaydan bir qurtum aldı.

Səlimə əri ilə üzbəüz köhnə kresloya çöküb qurama tikə-tikə bir sürü ehtiyaclarını ipə-sapa düzdü. Ehtiyaclardan cana doymuş Səlim arvadına qulaq assa da, əslində öz aləmində idi.

Neyləsin, yağ-bal içində böyüməmişdi ki, uşaqkən evlərinin bacasından həmişə ehtiyac tökülərdi, amma sovet hökuməti ehtiyacı ümidlə kompensasiya edirdi. Hamı gözləyirdi ki, bu gün sabah çörək, kibrit, duz pulsuz olacaq, kommunizm cənnət qapılarını taybatay açıb kasıba deyəcək: canım kasıb, gözüm kasıb, daha bəsdir, üst-başını çırp, keç içəri. Sən də insansan, barı ömründə bir gün gör.

Amma bu boz uçuşun axırı yaxşı qutarmadı, kommunizmə beş-on kilometr qalanda, fələk bu arzu ilə yaşayanları barmağına dolayıb kasıbın son arzusunu da əlindən aldı. Xəyaldan ayılanda hamı özünü quru yurdda gördü. Səlimin işlədiyi kimya zavodu bağlandı. Günlərin birində gözünü açıb özünü azad ölkənin qul bazarında gördü. Bir müddət adamlardan utansa da, sonda qul bazarına alışıb əməyini su qiymətinə satmağa başladı. Əvəzində nə qazandı? Yoxsulluq və bir sürü xəstəlik...

Son iki həftədə də bəxti daşa dirənmişdi. “Xozeyn”lərin qabağına hamıdan əvvəl qaçsa da, “ağalar” iş üçün onu yox, başqasını seçirdilər. Bəlkə ona görə ki, bu cansız adamın işi yarıdacağına inanmırdılar, ya da gördürəcəkləri ağır işləri belə çəlimsiz adama yükləməyə ürəkləri gəlmirdi. İkinci güman sabun köpüyü idi. Hər şeyin bazar qiyməti ilə ölçüldüyü bir vaxtda vicdan və humanizmdən dəm vurmaq dənizdə boğulan adamın “sudan zövq alıram” – deməsinə bənzərdi. Birinci güman isə dübbədüz idi. Hörümcəkdən can istəyən adam nəyə yarıyacaqdı. Neyləsin ki, anası onu Spartak doğmamışdı.
Səlim fikirlərinə ara verib gözlənilmədən dilləndi:

- Bəlkə sabah getməyəsən, yaxında, qonum-qonşuda iş olsa gedərsən.
Səlimə yuxa ürəkli ərinə təsəlli verdi:

- Təki iş olsun. Yenə üçdən-beşdən alaram. Sən də çox fikir eləmə ha, vallah inciyərəm səndən, elə deyil ki, əlindən iş-güc gəlməsin, yaxşı ustasan, barmaqların qızıldır, heç vecinə də alma, bu gün sabah oğlumuz böyüyəcək, qollarını çırmalayıb bizə dayaq olacaq.

Səlimin qırışığı aşıldı, bükülmüş çiyinləri düzəldi, arvadının sözlərindən toxtaqlıq tapdı:

“Allaha pənah” – deyib televizoru açdı. Qulağına dəyən ilk xəbər bu oldu:
“Dünya bazarlarında bir barell neftin qiyməti...

...Səhər evdən çıxanda Səlim sevimli arvadına “Bu gecə yuxuda yenə o lənətə gəlmiş qırmızı quyunu görmüşəm” – dedi. Səlimə zarafatından qalmadı:

- Axır vaxtlar quyudan başqa bir şey görmürsən a kişi, ehtiyatlı ol, bir gün quyu fontan vurub bizi ağ günə çıxaracaq – deyib ürəkdən şaqqanaq çəkdi.

... Yolları ayrıldı, hərəsi bir səmtə getdi....

... Gün yaxşı başlamışdı. Səlimə qonşuları Nəzirənin dediyi ünvana çatanda başını qaldırıb göyə millənən 16 mərtəbəli binaya altdan yuxarı bir az heyrət, bir az da heyranlıq, bir az da qorxu ilə baxdı. Adamların ağzına sığışmayan “novostroyka”nın blokundan içəri girib liftlə 11-ci mərtəbəyə qalxdı. Qapını arıq, əzgin, üz-gözündən narazılıq yağan bir qadın açdı. Səlimənin üst-başına baxıb yuxulu-yuxulu:

- Nəzirə deyən sənsən – keç içəri – deyib kənara çəkildi.

Səlimə sıxıla-sıxıla içəri keçdi. Bir anda evə göz atıb ürəyində “evin nəyini yığışdıracam, gül kimidir” – dedi.

Ev sahibi:

- Hər şey vanna otağındadır, şüşələri silmək lazımdır – dedi.

Səlimə udqundu. O, heç vaxt hündürmərtəbəli binanın şüşəsini silməmişdi. İstədi “bacarmaram” – desin, ərinin əyilmiş çiyinləri gözünün qabağına gəldi, ürəyi sıxıldı.

Ev sahibi sanki onun ürəyindən keçənləri oxudu:

- Pəncərələri yaxçı-yaxçı silsən, əlli manat verəcəm – dedi.

Əlli manat əlli min işıq kimi Səlimənin gözlərində parıldadı.

- Silərəm xanım, niyə silmirəm – deyib qollarını çırmalayıb ürəklə işə başladı. Ürəyində özü-özünə təskinlik verirdi: “Ağciyər olma, bu nədi ki, yeri gələndə unitaz təmizləyirsən, xəstəyə baxırsan, kiminsə sözünü götürürsən. Aşağı baxma, vəssalam. İşimi bitirib birbaşa marketə gedərəm, uşaqlara yağdan, çaydan, qənddən alaram.

Otaqların birinin pəncərəsini qurtaranda dər vurub dabanından çıxmışdı. Əskiləri yuyanda marketə getməkdən vaz keçdi. Ürəyində:

- Axşamüstü yaxınlıqdakı bazara gedərəm. Axşambazarı ucuz olur. Kartof-soğan, bir az da uşaqlara mer-meyvə alaram.

İkinci otağın pəncərəsi çətin başa gəldi. Min dəfə ölüb, min dəfə dirildi. Toz elə bil yapışqanla şüşəyə yapışmışdı.

Qonşu otaqdan diktorun cır səsi gəlirdi:

- Dünya bazarlarında bir barell neftin qiyməti....

Özü də hiss etmədən: Artsın, artsın, yeyəsinə qismət! - dedi

Qonşu otaqdan qadının səsi gəldi:

- Nə dediniz?

Səlimə:

- Heç, elə-belə... – dedi.

İkinci otağın pəncərəsini də gül kimi təmizlədi. Vanna otağına gələndə hiss elədi ki, yorulub. Ürəyində özü ilə danışdı: “Bir azdan Fəridə dərsə gedəcək, Fəridlə Ləman da dərsdən gələcək”.

Səlimə bir anlıq fikrə getdi, balaları üçün darıxdı, əskiləri təmiz-təmiz yuyub başını qaldıranda gözü iri güzgüdə özünə sataşdı. Həyat onu nə qədər sıxsa da, bərkə-boşa salsa da gözəlliyi hələ tamam itməmişdi. Ağlı kəsəndən gözəlliyi ona yol-yoldaşı olmuşdu. Biçimli bədəni, sarışın saçları, ala gözləri, çox qadınların həsəd apara biləcəyi ağ, sağlam, düzümlü dişləri bir qadın kimi onun xoşbəxtliyi idi. Neyləsin ki, yaşadığı ağır həyat, kasıblıq bu gözəlliyə gözgörəti kölgə salırdı. Özünün bir anlıq ev sahibəsinin yerinə qoydu. Sifətindəki vaxtsız qırışlar çəkildi. Xəyalında saçının düzümünü dəyişdi. Əynindəki köhnə xalatı firuzə rəngli, ömrü boyu arzusunda olduğu ipək paltar əvəz etdi. Hələ ağ ayaqqabıları demir. Bir cüt ağ tufli...

Toyları olanda Səlimgil ona bir cüt ucuzvari qırmız ayaqqabı gətirmişdilər. Ucuzluğuna nə sözü olacaqdı, amma bərk dursaydılar o qiymətə ağ ayaqqabı da ala bilərdilər...

Səlimə alışıb-yanan güzgüdəki əksinə baxa-baxa daha nələr düşünmədi. Bu evə ayaq qoyandan onu bihuş edən ətrin qoxusunu saçlarında hiss etdi. Qəşəng gözləri güldü. Belə aydın hisslərə, saf təbəssümə həsrət qalan güzgü sevincindən çiçək açdı, Səlimə arzularını güzgüyə tapşırıb getdi...

Bu dəfə pəncərəyə könülsüz yaxınlaşdı. Elə bil hansısa hiss ona “getmə” – deyib yalvarırdı. Ayaqlarının titrədiyini hiss etdi. Öz-özünə təskinlik verdi: “Az qalıb, lap az...”

Elə bil vaxtdan daş asılmışdı. Pəncərə ona əl vermirdi. Ayaqları əsirdi, qolları ağırlaşıb qurğuşuna dönmüşdü. Pəncərənin çöl üzündəki ləkəni də silə bilsəydi....

Bir də, bir də cəhd elədi, bədəni dartıldı və vahiməli bir səs yerə qədər uzandı. Yol boyu əvvəlcə anasını, sonra uşaqlarını, ərini çağırdı. Bu gün marketə gedəcəyini, bazarlıq edəcəyini, evlərinə ilk dəfə belə böyük məbləğdə pul aparacağını söylədi. ...

Yol uzanırdı, Səlimə bu dar macalda Allahın ətəyindən tutub heç olmasa balalarını ona tapşırmaq istəyirdi. Demək istəyirdi ki, ey dünyanın sahibi, niyə bəndələrini tərk etmisən, onsuz da aşağılarda heç kim heç kimin səsini eşitmir, bəs yuxarıya nə olub, xətt işləmir? Tanrı susurdu...

Yerə lap az qalmış televiziyaların hər gün barbar-bağırdığı sözləri kəkələdi:

- Eşidirsiz, dünya bazarlarında bir barel neftin qiyməti...

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG