Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:01

İsmayıllının Xənəyə kəndində 20 ildir qaz yoxdur


Xənəyə kəndi
Xənəyə kəndi
.
İsmayıllı rayonunun Xənəyə kəndində 20 ilə yaxındır mavi yanacağın olmadığı bildirilir. Bu kəndin aşağı hissəsində qaçqın və məcburi köçkünlər yaşayır. Onlar isə qazdan gen-bol istifadə edir. Məsələ burasındadır ki, kəndin aşağı hissəsindən keçən borudan qaçqın və məcburi köçkünlərin evlərinə mavi yanacaq çəkilib. Sakinlərdən Həsən Xəlilov deyir ki, kənddə 20 il əvvəldən qalan qaz xəttləri var. Borular təmir olunsa kəndə bütünlükdə qaz verilişini bərpa etmək olar.
«BAŞÇI SÖZ VERDİ Kİ...»
Həsən Xəlilov qeyd edir ki, rayon rəhbərliyinə, neft şirkətinə xeyli sayda kənd sakinlərinin imzası ilə məktubla müraciət edilib. Ancaq problem həll olunmayıb:
«Bu ilin fevral ayında yeni icra başçısı ilə görüşüb məsələni diqqətinə çatdırdıq. Başçı söz verdi ki, sentyabr ayına kimi kəndə mavi qaz veriləcək. Ancaq gördüyünüz kimi bu baş vermədi».
QIŞ GƏLİB...
Həsən Xəlilov deyir ki, qış qapını kəsdirib, havalar artıq soyumağa başlayıb. Ancaq qış üçün odun tədarük edə bilmirlər:
Həsən Xəlilov
Həsən Xəlilov
«Meşə idarəsi deyir ki, meşəni qırmaq olmaz, icazə yoxdur. Yaxşı bəs qışı nə cür yola verəcəyik? Yoxsa bizim qəsdimizə durmusunuz? Necə olur ki, özünüz gecə gündüz meşələri kəsib satırsınız, onda icazə verilir, ancaq bizlərə biletlə odun verməyə icazə yoxdu? Lap deyək ki, qaz məsələsinə kənd, rayon rəhbərliyinin gücü çatmır və bu proses uzun vaxt tələb edir. Bəs odun məsələsinə niyə belə biganə yanaşırlar? Müraciət edirik ki, qış gəlib odun üçün kömək edin bizi eşitmək belə istəmirlər. Meşə idarəsi bir neçə nəfər kənd sakinini cərimələyib. Konkret olaraq deyirlər meşədən odun gətirmək olmaz».
RAYON RƏHBƏRLİYİ PROBLEMDƏN XƏBƏRDARDIR
Xənəyə kənd icra nümayəndəsi Vəzir Fətəliyev qeyd edir ki, mövcud vəziyyəti rayon rəhbərliyi bilir və həlli yollarını araşdırır:
«Meşə idarəsi, ərazisindəki müəyyən hissədən biletlə əhalinin bir hissəsini odunla təmin edib. Ancaq bütün prosesi bu idarənin üstünə də yükləmək olmaz».
İcra nümayəndəsi qeyd edir ki, milli park ərazisinə heç kimi buraxmır.
Əslində isə Şahdağ milli parkı əhalini qırıntı odunla təmin etməlidir. Ancaq bir çöp belə verilmir.
NAZİRƏ MÜRACİƏT OLUNUB...
Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov Qəbələdə görüşlər zamanı
Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov Qəbələdə görüşlər zamanı
Vəzir Fətəliyev deyir ki, bu yaxınlarda Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov Qəbələdə səyyar qəbulda olarkən bu məsələ onun diqqətinə çatdırılıb:
«Biz nazirə rəsmən yazılı müraciət etdik ki, bu kənddə mavi qaz yoxdur. Bunu nəzərə alsın və milli parkın ərazisindən qırıntı, töküntü odunla əhalini təmin olunması üçün göstəriş versin. Nazir söz verdi ki, kömək edəcək. Həmin görüşdə hətta nazir söz verdi ki, neft şirkətindən bu kəndlərə qaz çəkilişini xahiş edəcək».
İcra nümayəndəsi Vəzir Fətəliyev qeyd edir ki, əsas qaz xətti kəndin aşağı hissəsindən keçir. Onun fikrincə əgər müəyyən vəsait ayrılarsa mövcud qaz xətlərini bərpa etməklə bu problemi yoluna qoymaq olar:
«Bu məsələ hazırda müzakirə olunur. Yəqin ki, yaxın aylarda həll olunar».
XS
SM
MD
LG