Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:41

Indi bulaq başına kişilər gedir...


Sevinc Elsevər
Sevinc Elsevər
-

Sevinc Elsevər


YENİ ŞEİRLƏR


***


uzun qış gecələrində
ağzımızı
gözümüzü heç yummadan
ağlamışıq
atam tez-tez acıqlanıb üstünə
"kəs o uşağın səsini " deyə...
səhər işə gedəcək
sizə çörək gətirəcək
sən yeyəcəksən
döşlərinə süd gələcək deyə

nə istədiyimizi
niyə ağladığımızı
istidirmi
soyuqdurmu bilmədən
döşünə salıb oturmusan körpəni
məməylə susdurmusan məni...

səni qınamıram
çox eşitdim üstümdə danlandığını
"bu qızdan bir söz eşidəm, biləm
sənin başını kəsərəm" dediyini atamın
evə gec gəldiyimiz oldu
tıxaclarda ləngidiyimiz
dostlarla əyləndiyimiz
oldu
"bu uşaq harda qaldı" deyə səndən tələb eylədilər
gözün qıpıq oldu ömrün boyu
bizə görə
mənə görə

müəlliməmdən danlaq yedin
nənəmdən töhmət aldın
babamdan irad

uzun qış gecələrində
atamın yuxusunu qorudun
bizimlə birgə...
səhər işə gedəcək
evə çörək gətirəcək
sən yeyəcəksən
döşlərinə süd gələcək deyə...
döşünə salıb oturdun
məməylə susdurdun bizi...

ana, əziz ana
sən demə
bir ömür boyu
belə susduracaqdılar bizi bir qarın çörəklə
belə kəsəcəkdilər səsimizi...


Sevilməyin zor olduğu zaman

əzizim, elə bir zaman gəldi ki
sevdirmək olmur özünü
yalnız gözəl olmaqla
pudrayla
qələmlə
ya təzə donla…

bir zamanlar qızlar
özləri biçər
özləri tikərdilər donlarını
santimetrlərlə qısaldardılar
ətəklərini-qollarını
gözün aldadardılar atalarının
saçlarını gedib-gəlib
gizli-gizli kəsər
tökərdilər
bir ölçüyə qədər
ondan o yana keçəmməzdilər…

hiyləylə qızardardılar
dodaqlarını
yanaqlarını
ovuşdura-ovuşdura

kələğayılarını əlləriylə küləyə təslim edər
küləyə şər atardılar
hiylə qurmağı hər gözəl də bacarmazdı
bacaranlar qəhrəmandı
dillərə dastan olardılar…

qaranlıqlarda işıq saçan
nə gözəlliklər vardı…
gözə düşdümü
elə qamaşdırardı
adamı kor edəcək gücdə
vallahi…

cürbəcür standartlar
ölçülər çıxartdılar
uyğun gəlməlisən standartlara
sənə gözəl desinlər…
sənə bir kükla göstərir
onun kimi olmanı əmr edirlər

nə vardı sevdirməyə özünü
bulaq başında
min cür ənlik-kirşan yox idi onda
kim daha utancaq
kim daha məsumsa
kimin yanaqları daha çox allanırsa
ayrı bir gözəllik saçırdı
yanaqları alma qız sevilməzdimi?

Indi bulaq başına kişilər gedir
maşınlarla
axşamları işdən yorğun-arğın qayıdanda
krantı açınca su içməyin mümkün olmadığı yerlərdə
həm bulaq suyu satılır marketlərdə

məni sevdiyinə
inanıram da
qorxum çox itirməkdən
bilirəm fövqəladə biri olasan gərək
ömürlük seviləsən

təkcə televiziya ekranlarında
yüzlərlə qadına baxır gözlərin hər gün
onlardan hər hansı biriylə
müqayisə olunmaq istəmirəm…
gör nə qədər qadınla yarışmalıyam
gözümə durur
təkcə bunu düşünmək…

gözəllik salonlarına getmək
pedikür
manikür
makiyaj etmək
bir ətək pul istər
hələ bu qədər bəzək-düzəyə xərclədiyin zamana
dağı dağ üstə qoymaq olar…

başqalarını bəzəməkdən
özünə zaman tapmayan
işdən yorğun qayıdıb
hər gecə ərinə gileylənən
bişirdiyi yeməklər belə
kosmetika qoxusu verən
çox zaman yetərincə sevilməyən
saç ustalarına
pedikürçü
manikürçülərə acıdım həp…
bəzək-düzək vurduğu qadının
sevən bir kişiylə görüşə gedəcəyinə
qibtə saçan baxışlarla baxdıqlarını gördüm…
bu gözəlliyin yarısı sevilən o qadınınsa
yarısı da onunkudur deyə
köks ötürmələrini gördüm…
əllərindən bu qədər gözəl çıxdıqlarını qısqandıqlarını

“sən gözəlmişsən ki
özünə baxmırsanmış” deyə tikanlı sözləri də
öz işlərini öyməkdən çox
o qısqanclıqdandı…
bu qadın gedəcək
onu sevən bir kişinin gözlərini qamaşdıracaq deyədi…

sevgilim,
ən məhrəm nöqtələrinədək görəcək
müqayisə edəcəksən məni başqalarıyla
bir vaxtdan sonra
bəlkə tez başlar
bəlkə də gec

bəlkə artıq müqayisəyə başlamısan
bəlkə də gec qalmışam mən…

ömrümün sonuna qədər
gözəllik salonlarına çatan pulum olsaydı
özümə inamım olardı
sənə inamım olardı

təkcə ayaqlarımın gözəlliyindən əmin oldum hər zaman
ömrüm onların tükənmədən çıxan
tüklərini təmizləməklə keçdi…
günün birində xəstə yatsam
ya qarışsa başım
sən o gözəlim ayaqlarımı görsən
qapqara tüklər içində
xəyalındakı bütün qadın ayaqlarıyla müqayisəyə girişəcəksən…
sən onları hər yerdə görmüsən
mənim təzə kalqotkalarımın
depilyatorların qutularının üstündə
efirlərdə
küçələrdə…

sevgilim,
boş yerə qısqanclıq etmə
nə də çox para xərclədiyimi demə mənə
saatlarla güzgünün qabağında oturub
sənin üçün yox
onlara görə bəzənirəm…

sürmə gözümə düşdü
sulandı gözüm
axdı-yayıldı
məhv oldu makiyajım
gözlə
bir az da gözlə
vaxtın azlığından şikayət etmə
qoy silim hamısını
təzədən çəkim…
XS
SM
MD
LG