Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 11:49

YAP-ın Bakıda mitinqsiz seçki taktikası


Elxan Şahinoğlu
Elxan Şahinoğlu
-
Bölgələr hesaba qatılmasa, indiyədək prezidentliyə namizədlərdən bir neçəsi Bakıda mitinqlər keçirib və seçicilərlə görüşüb. Bu bir neçə namizədin arasında indiki prezidentin – hakim partiya namizədinin adı yoxdur. İlham Əliyev, hələ ki, paytaxtda seçicilərlə görüşməyib. O, bölgələrdə keçirilən görüşlərində də prezidentliyə namizəd kimi deyil, prezident kimi təqdim edilib. Beş il öncənin – 2008-ci ilin prezident seçkilərini göz önünə gətirsək, xeyli fərqli mənzərə görürük – indiki prezident Bakıda, həm də açıq havada bir neçə irimiqyaslı seçki mitinqi keçirmişdi. İstər-istəməz, «Bəs bu il niyə belə olmadı?» sualı qarşıya çıxır.

«YAP AZ ENERJİ İLƏ QƏLƏBƏYƏ ÜMİDLİDİR»

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, hakim partiya – YAP builki seçkilərdə az enerji xərcləməklə qələbə çalacağına ümidlidir:

«Yeni Azərbaycan Partiyası üçün ən önəmli seçki 10 il bundan öncəki – 2003-cü il seçkisi idi. Onda gerçəkdən çox ciddi bir seçki kampaniyası vardı. Vətəndaşlar da həm iqtidarın, həm də müxalifətin mitinqlərinə qatılırdılar. Müxalifətin mitinqlərinə 100-120 min adam gəlirdi. İndi müxalifət Milli Şuranın mitinqinə 7-8 min adam toplamağa əziyyət çəkir. Yeni Azərbaycan Partiyası isə bu il mitinqlərə ehtiyac duymur. Hakim partiya düşünür ki, enerji sərf etmədən də seçkilərdə qələbə çalmaq olar. İlin əvvəlində hakimiyyət istər Qərbdən, istərsə Şərqdən – Rusiyadan seçkiyə də, seçki sonuclarına da təzyiqlər olması ilə bağlı təhlükə hiss edirdi. Amma bu müddətdə hər iki istiqamətdən gələ biləcək təhlükələrdən özünü sığortaladı. Hakimiyyət artıq nə xaricdən, nə də daxildən təhlükə gözləyir. Bu üzdən də mitinq təbliğatına, seçki platformasının açıqlanmasına xüsusi ehtiyac duymur».

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlı deyir ki, prezident İlham Əliyevin bölgə səfərləri, müxtəlif açılış mərasimləri seçki vaxtına təsadüf etdi. Onun fikrincə, bu elə prezidentin prezidentliyə namizəd kimi təşviqat kampaniyası idi. Bakıda mitinqin keçirilməməsi isə hakim partiyanın arxayınlığından irəli gəlir:
Bəşir Süleymanlı
Bəşir Süleymanlı

«2008-ci ildə hakim partiya, heç olmasa, böyük tədbirlər keçirirdi, hətta müğənnilər cəlb olunurdu.
Amma bu il biz heç bunu da görmədik. Bakıda ötən dəfədən fərqli olaraq, bu dəfə böyük mitinq keçirilmədi. Əslində, bu özü də bir etirafdır ki, iqtidar seçki prosesinə ciddi yanaşmır. Dolayı yolla seçkinin nəticələrinin əvvəlcədən bəlli olduğuna bir mesaj verirlər».

YAP MƏTBUAT XİDMƏTİ: «HƏR GÜN BAKIDA AZI 25-30 GÖRÜŞ KEÇİRİLİR»

Yeni Azərbaycan Partiyası mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev fərqli düşünür və deyilənlərlə razılaşmır:

«Hər gün Bakı şəhərində ən azı 25-30 görüş keçirilir. Hansı ərazilərdə yer ayrılıbsa, biz həmin ərazilərdə mitinqlərimizi, görüşlərimizi – qapalı, ya da açıq sahələrdəki görüşlərimizi keçiririk. Bu barədə gündəlik olaraq «İlhamla irəli» saytına məlumat qoyulur və qəzetlərdə dərc olunur. İki gün öncə biz məlumat yaydıq ki, seçki kampaniyası çərçivəsində Azərbaycan üzrə mindən çox görüşümüz olub. Bu gün Bakı şəhərində 15-16 görüş keçirilib. Bakıda rayon səviyyələrində keçirdiyimiz görüşlərin böyük əksəriyyəti birləşmiş müxalifətin mitinqlərindən coşqulu və kütləvidir».

YAP-ın icra katibi, İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov yap.org.az saytına müsahibəsində deyib ki, «seçki kampaniyası dövründə İlham Əliyevin özünü təbliğ etməsinə heç bir ehtiyac yoxdur».

Əli Əhmədov
Əli Əhmədov
YAP icra katibi İlham Əliyevin 10 il ərzində Azərbaycanın bölgələrinə 300 dəfədən çox səfər etdiyini də xatırlamışdı. Prezidentin seçki təbliğatı kampaniyasında şəxsən iştirak etməsinə isə ehtiyac olmadığını bildirmişdi.

Əli Əhmədov İlham Əliyevin vəkillərlə təmin edilib-edilməyəcəyi məsələsinə də toxunmuşdu:

«Yeni Azərbaycan Partiyasının 600 mindən çox üzvü var və onların hər biri özünü İlham Əliyevin vəkili kimi dərk edir, bütün səy və bacarığı ilə seçki kampaniyasında iştirak edir».

«PREZİDENT ŞƏXSƏN SEÇKİ TƏŞVİQATI APARMASA DA...»

Oktyabrın 2-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) seçkiləri müşahidə missiyası prezident seçkiləri ilə bağlı ikinci aralıq hesabatında İlham Əliyevin təşviqatına toxunmuşdu.

Həmin hesabatda bildirilirdi ki, «... prezidentin seçkiqabağı təşviqatı daha çox regional sabitlik, iqtisadi inkişaf və prezidentliyi dövründə əldə edilmiş digər nailiyyətlər üzərində qurulub. Prezident şəxsən seçki təşviqatı aparmasa da, o, ölkə başçısı kimi ölkədaxili səfərlərini davam etdirməkdədir».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG