Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:30

Azərbaycan siyasi məhbuslarının yeni siyahısı açıqlandı


Rəsul Cəfərov
Rəsul Cəfərov
-
Azərbaycan İnsan Hüquqları Klubu ölkədəki siyasi məhbuslarla bağlı yeni siyahısını açıqlayıb. Oktyabrın 1-də Strasburqda diqqətə yetirilən siyahıda bütövlükdə 142 nəfərin – 10 jurnalistin, 2 hüquq müdafiəçisinin, 11 gənc fəalın, 7 siyasətçinin və 73 dindarın adı yer alıb.

Klubun rəhbəri Rəsul Cəfərovun AzadlıqRadiosuna bildirdiyinə görə, bu il – 2013-cü il yanvarın 26-dək 60 nəfər siyasi motivlərlə həbs edilib (həmin tarixdə gerçəkləşdirilən səsvermə zamanı məruzəçi Christoph Strasser-in hazırladığı siyahıya 60 iş daxil olub). Bu ilin oktyabrın 1-dək İnsan Haqları Klubu 142 iş qeydə alıb.

«SİYAHI ÇOX ŞİŞİRDİLİB»

Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvü Səadət Bənanyarlı siyahının çox şişirdildiyini düşünür:

«Bizm siyahıda 11 nəfər olmalıdır. Bundan başqa indi məhkəməsi gedən 20 nəfər gənc və başqa məhbuslar var. Onların məhkəmələrini izləyirik. Yəqin ki, onlar da bizim siyahiya əlavə olunacaqlar. Amma Azərbaycanla bağlı 142 nəfərlik siyahını düzgün hesab etmirəm».

Monitorinq Qrupu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Christoph Strasser-in 60 nəfərlik siyahısına da etirazını bildirərək, o vaxt siyasi məhbusların 10 nəfər olduğuna israr etmişdi.

Strasser-in ovaxtkı siyahısını düzgün sayan Leyla Yunus – Sülh və Demokratiya İnstitutunun rəhbəri 142 nəfərlik siyahı ilə tam razıdır. O, son siyahını elə İnsan Hüquqları Klubu ilə birgə hazırladıqlarını söyləyərək, gözəçarpan bir fərqi də dilə gətirir:
Leyla Yunus
Leyla Yunus

«Rəsul Cəfərovgilin açıqladığı 142 nəfərin hamısının adı bizim siyahıda var. Sadəcə, bizdə olan 5 nəfərin adı orda yoxdur. O adları Rəsul Cəfərova göndərdim. Belə qərara gəldik ki, yaxın vaxtlarda hüquq müdafiə təşkilatları yeni adların siyahıya salınması ilə bağlı daha bir müzakirə aparaq».

SİYAHI ARTA BİLƏR

Leyla Yunus siyahının arta biləcəyini vurğulayır. Deyir, məhkəməsi gedən AXCP Gənclər Komitəsinin üzvü Dəyanət Babayev və oktyabrın 2-də saxlanıb-buraxılan RATİ əməkdaşı Mehman Hüseynov həbs olunarsa, siyahıya onların da adı salınacaq.

Hüquq müdafiəçisi adları açıqlanan 142 nəfərin 95-nin vicdan məhbusu olduğunu bildirir:

«Siyasi məhbuslar hansısa qanunu pozublarsa və onlar daha sərt cəzalandırılıbsa da, vicdan məhbusları heç bir qanun pozuntusuna yol verməyiblər. Misal üçün, İlqar Məmmədov , Tofiq Yaqublu, Yadigar Sadıqov, Hilal Məmmədov və b.».

Milli Məclisin İnsan hüquqları Komitəsinin üzvü Astan Şahverdiyev Azərbaycanda heç bir siyasi məhbusun olmadığını deyir:

«Azərbaycanda siyasi məhbus yoxdur. Avropa cinayət törədən adamlara siyasi məhbus adı verir. Onlar getsinlər, özlərindəki məhbusları araşdırsınlar. Sözüm qəti və konkretdir – Azərbaycanda siyasi dustaq yoxdur».

Foto: Arxiv
Foto: Arxiv
İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov Strasburqda açıqladıqları siyahının AŞPA-nın 2012-ci il oktybarın 3-də qəbul etdiyi 1900 saylı qətnamədə təsbit edilən meyarlara uyğun hazırlandığını vurğulayır.

KİMLƏR SİYASİ MƏHBUS SAYILIR?

AŞPA-nın «Siyasi məhbus anlayışı»na dair meyarlarına görə, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır:

- saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və assosiasiya azadlığı pozulmaqla həyata keçirilibsə;

- saxlanma istənilən cinayətlə əlaqəsi olmadan, siyasi səbəblərdən həyata keçirilibsə;

- həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə;

- vətəndaş digər şəxslərlə müqayisədə ayrıseçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.

Azərbaycan İnsan Hüquqları Klubu 2010-cu ilin dekabrında Bakıda qurulub. Bu təşkilat indiyədək internetdə ifadə azadlığı və «Eurovision» mahnı yarışması ərəfəsində «Demokratiya naminə oxu» («Sing for Democracy») kampaniyasını keçirib.
Christoph Strasser
Christoph Strasser

DAHA ƏVVƏLKİ SİYASİ MƏHBUS SİYAHILARI

Azərbaycanda siyasi məhbuslarla bağlı indiyədək bir neçə siyahı diqqətə yetirilib. İlk siyahını yerli hüquq müdafiəçiləri Azərbaycan Avropa Şurasına qəbul olunarkən hazlırlayıblar. İnsan Hüquqları Mərkəzi ilə Sülh və Demokratiya İnstitutunun tərtib etdiyi və AŞPA-ya göndərdiyi o siyahıda 716 nəfərin adı əksini tapıb. Başqa ayrıca siyahılar da olub. O vaxtdan bəri verilən əfv və aministiya aktlarından ardından bu siyahıdakıların sayı azalıb. Bəzi hüquq müdafiə təşkilatları ilk siyahıda olanların hamısının azad edildiyini desələr də, Sülh və Demokratiya İnstitutu bildirir 716 nəfərlik ilk siyahıdan 22 nəfərin hələ də azadlığa buraxılmadığını bildirir.

Ölkənin Avropa Şurasına qəbulundan sonra AŞPA deputatları Azərbaycanda siyasi məhbuslarla bağlı 3 siyahı hazırlayıblar. Bu siyahının birini Georges Clerfayt, digərini Malcolm Bruce, 60 siyası məhbus adının daxil olduğu 3-cü siyahını isə Christoph Strasser açıqlamışdı. Strasser-in siyahısı AŞPA-da müzakirəyə çıxarılsa da, qəbul edilməmişdi.
XS
SM
MD
LG