Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:28

Kədərli olanda saçlarını kəsirsən...


Aygül Qurbanova
Aygül Qurbanova
-

Aygül Qurbanova


(Aytən Nəsibbəyli üçün)

- Sən kədərli olanda gözlərinin kənarında
Ləpələr yaranır, Aytən..
Sanki o ləpələrin qoynundan
Kiçik-kiçik qayıqlar yollanır
Sonu bilinməyən adalara doğru
Hə, dostum, hə, məhz adalara doğru..
Indi həyatımız uşaqlıqda çəpərə keçmiş
Paltarımız kimi dolaşıq,
Palçığa yıxılmış sərxoş köynəyi qədər
Bulaşıq olsa da, bilinməyən adalara gedir
O qayıqlar..
Qorxma, Aytən, ver əlini, əzizim
Gəl minək o qayıqlara və gedək,
Çəkinmə, o qayalar bizim kədərlərimizdir,
Söylə, kədərlərimizdən sadiq
Bizə başqa nəsə varmı?
Kədərlərimiz bizi
heç pis yerə apararmı, Aytən?
O adalarda bizi nə gözlədiyini bilməsək də
Ancaq indiki quru, miskin həyatımızdan
Daha işıqlı olar..
Axı sən də bunu bilirsən
Və mən də bilirəm ki,
Kədərli olanda saçlarını kəsirsən
Gəl, gəl, minək o qayıqlara,
Gedək o adalara,
Uzat saçlarını oralarda,
Dənizlə adaların arasında
Su pərisi ol, Aytən, su pərisi ol.


Şair ümidi

Ölmək şairlərin işi deyil,
Yanmaq şairlərin işi,
Gələcək gəlməsə də olar,
Keçirə bilmirik keçmişi..
Ümidi dənizdi şairlərin,
Misrası səssizdi..
Bir ümid ilişdi qaldı barmağın ucunda,
Oxunan bütün kitablarda
Yazılan bütün şeirlərdə gəzdi,
Bəli, ümidi dənizdi şairlərin,
Limanı səssizdi..
Gedənlər oldu əvvəllər,
Gələcəkmiş kimi görünənlər oldu,
Amma, heç kim gəmisini
Şair limanında əylətmədi,
Heç bir romanda sevən
Sevdiyini belə gözlətmədi,
Bəli, ümidi dənizdi şairlərin,
Göz yaşı səssizdir,
Şeiri sözlüdür, qorxusu sözsüzdür..
Şübhələri kəmənd olub,
Bir taxta, çəlimsiz qayığı bağlayıb limana,
Ümid dənizinə dalmağın tək yolu bu qayıqdır,
Amma çətin ki dalğalara dayana
Fəqət ümidi dənizdi şairlərin
Çarəsi səssizdi,
Odur ki səssizcə minir qayığına,
Budur, qürubdan günəş də doğuldu,
Düşünür, bəlkə mən qərq oldum dənizdə,
Amma bəlkə gerçəklər boğuldu…
XS
SM
MD
LG