Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:16

Heydər Əliyev prospektində mənzil təlaşı [Video]


Heydər Əliyev prospektində mənzil təlaşı
Gözlə

No media source currently available

0:00 0:04:11 0:00
-
İsti ocaq tapmaq arzusu azı 360 ailəni, hələlik, pulsuz və evsiz qoyub. Necə?

HAYAN-E MMC tikinti şirkəti 2006-cı ildə Xırdalanın mərkəzi küçəsində bina inşasına başlayır. Mənzil almaq istəyən yüzlərcə insan onlara üz tutur və pul ödəyir. Payçılar arasında 20 min, 40 min, hətta 60 min manat ödəyənlər var:

– Əksəriyyət pulun 70 faizdən çoxunu ödəyib. Amma tikinti başa çatmayıb. Kirayədə qalır, ağır vəziyyətdə yaşayırıq.

– İki otaq bir, iki otaq da bir – 60 min ödəmişəm.

– Sənəddə kvadratını, mərtəbəsini göstərir, amma mənzilin nömrəsini göstərmir. Bilmirəm bu evi bir nəfərə satıblar, yoxsa 5 nəfərə...

– Müqavilə veriblər, maliyyə arayışı veriblər ki, mən dəyərini bütünlüklə ödəmişəm.

– Mənim müqaviləmdə yazılıb – 2-ci mərtəbə 2-ci otaq, amma onların kitabında yazılır – 8-ci mərtəbə, 26-cı mənzil...

PAYÇILAR DEYİRLƏR Kİ...

Payçılar mənzil istəklərinin düyünə düşdüyünü 3 il öncə anlamağa başlayıblar:

– Dedilər 6 aya hazır olacaq... Oldu bir il. Bir il oldu 3 il. Üç ildir burda bir tikinti getməyib. Hər yerə şikayət etmişik, xeyri yoxdur.

– Qızım kirayə ev tutub. Bir otağa 19-20 min pul vermişəm, təqaüdümdən yığa-yığa...

– Bir daşı daş üstə qoyanda, hamı gəlib tökülüşür... Bu boyda onmərtəbəli binadan olmaz ki, xəbərləri olmasın...

Sakinlər deyir ki, icra hakimiyyətindən tutmuş prokurorluğadək dövlət qurumlarına müraciət ediblər. Sentyabrın 24-də prezidentə də üz tutublar. Şikayətçilərin sözlərinə görə, administrasiyadan onlara belə cavab verilib:

– Özəl şirkətin işinə qarışa bilmərik. Gərək məhkəməyə müraciət edəsiniz ki, ya tikintini başqa şirkətə versin, ya da bir çarə qılsın. Biz heç bir şey edə bilmərik.

YOL BAĞLAYIB DİQQƏT ÇƏKMƏK İSTƏDİLƏR

Şikayətlərinə məhəl qoyulmadığını görən payçılar Xırdalanın mərkəzi küçəsində – Heydər Əliyev prospektində yolu bağlamağa da cəhd ediblər. Beşdəqiqəlik etirazdan sonra onlar Abşeron rayon İcra Hakimiyyətinə üz tutublar. Burada onları polis qarşılayıb.

Abşeron rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov AzadlıqRadiosuna bildirdi ki, onların şikayətini narazılığını təbii qarşıladı:

«Vətəndaşların narazılığı varsa, bildirməlidirlər. Ərizələri alınacaq və araşdırılacaq».

İŞ İCRAÇISI: «SAKİNLƏR HAQLIDIR»

HAYAN - E MMC-nin nümayəndəsi, mübahisəli binanın iş icraçısı Rafiq Nəsirov sakinlərin iradlarıyla razılaşır:

«Tikintidə gecikmə olub. Bu, inşaat materiallarının qiymətinin qalxması, sakinlərdən ödənişlərin yığılmamasıyla bağlıdır. Müəyyən obyektiv və subyektiv səbəblər də var. Ona görə sakinlərin şikayətləri haqlıdır. Onlara 5 blokdan ibarət binanın tikintisinə təminat verilib. Üç blok 2014-cü ilin aprelinədək, qalan 2 bloksa 2015-ci ilin əvvəlinədək təhvil veriləcək».

Rafiq Nəsirov sakinləri arxayın edir ki, mənzillər sahiblərinə çatacaq. O, bir mənzilin iki nəfərə satılması iradını absurd sayır.

Abşeron rayon İcra Hakimiyyətindən sakinlərə deyilib ki, bu işi həll etmək üçün sentyabrın 30-da komissiya yaradılacaq və tikinti nəzarətə götürüləcək. Seçkilərdən sonra mənzillərin qeydə alınacağı da sakinlərin diqqətinə yetirilib.
XS
SM
MD
LG