Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:16

Vəkil: Bir olayın 2 protokolu var...


Əli Kərimli
Əli Kərimli
-
Bir neçə məqam olmasaydı, onların həbsi bəlkə də diqqət çəkməz, gənclik şıltağı, gənclik saymazyanalığı sayılardı. Bir məqam odur ki, həbs edilən 3 gənc 22 avqust mitinqindən qayıdırmış. Başqa bir məqam – gənclərdən birinin – Türkel Kərimlinin mitinq təşkilatçılarından AXCP sədri Əli Kərimlinin oğlu olmasıdır. Gənclərdən ikisinin AXCP üzvü olması da sözügedən olayı asanlıqla siyasi dumana bürüyür. Haqlı, ya haqsız...

«BU, OĞLUMA QARŞI ŞƏR VƏ BÖHTANDIR»

Əli Kərimli indiyədək ona qarşı olanları əsas gətirərək oğlunun həbsini birmənalı şəkildə siyasi fəaliyyətlə bağlayır:

«Ailə üzvlərimə qarşı repressiyalar yeni xəbər deyil. Mənim qaynım («Texnikabank» Yasamal filialının sabiq müdirini – red.) heç bir məhkəmə qərarı və ciddi əsas olmadan iki ildir MTN-nin təcridxanasında saxlanır. Bu, oğluma qarşı şər və böhtandır. Mənim siyasi fəaliyyətimlə, Milli Şuranın mitinqi və AXCP-nin bu prosesdə fəal iştirakı ilə bağlıdır. İndiyədək başqa fəallara qarşı neçə-necə qurama ittihamlar irəli sürülüb. Bu da növbətisidir. Mənim oğlum hüquq fakültəsində oxuyur, əla qiymətlərlə oxuyur. Kim təsəvvür edə bilər ki, Əli Kərimlinin oğlu gedib şəhərdə plakat cırsın? Bunlar qurama ittihamlardır».

DİN HƏBSDƏ SİYASİ ÇALAR GÖRMÜR

Daxili İşlər Nazirliyində fərqli düşünürlər. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna bu məsələdə siyasi çalar və qərəz axtarmağın yersiz olduğunu söyləyir.
Orxan Mansurzadə
Orxan Mansurzadə
Onun dediyinə görə, sentyabrın 22-də – axşam saatlarında Nəsimi rayonu ərazisində saxlanan həmin şəxslərin kimliyi yalnız polis bölməsində bəlli olub:

«Prezidentliyə namizədlərin şəkil və plakatlarını cırarkən, polis əməkdaşları onlara yaxınlaşıb intizama dəvət ediblər. Aziçkili olan bu şəxslər polisin qanuni tələblərinə əməl etməyiblər. Bundan sonra polisə gətirilən həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilib. Onların kimliyi məsələ sənədləşdirilərkən məlum olub».

«HƏBS ÜÇÜN PROTOKOL DƏYİŞDİRİLİB»

Türkel Kərimlinin vəkili Fəxrəddin Mehdiyev rəsmi qurumların açıqlamaları ilə razılaşmır və olayı birbaşa Əli Kərimlinin siyasi fəaliyyəti ilə əlaqələndirir. Onun fikrincə, digər iki gənc – Ülvi Nuriyev və Coşqun Salahlı da Əli Kərimlinin oğlu ilə bir yerdə olduqları üçün saxlanılıblar. Vəkilə görə, Türkel Kərimlini saxlayıb, yanındakı dostlarını buraxmaq bu işin qərəzli olmasını açıq-aydın göstərə bilərdi:
Fəxrəddin Mehdiyev
Fəxrəddin Mehdiyev

«Onları saxlayan post-patrul xidmətinin əməkdaşları bir-birinə zidd ifadələr verdilər. Məlum oldu ki, saxladıqları gənclər heç bir inzibati xətaya yol verməyiblər. Onu da deyim ki, əvvəlcə plakatların cırılması ilə bağlı protokol tərtib edilib. Buna görə İnzibati Xətalar Məcəlləsinin 40-cı maddəsində 35 manatdan 60 manatadək cərimə nəzərdə tutulur. Sonra protokol dəyişdirilib və polisin qanuni göstərişinə tabe olmama əsas gətirilib. İnzibati həbsə yol açmaq və cəzanı sərtləşdirmək üçün protokolu dəyişdiriblər».

Fəxrəddin Mehdiyevin dediyinə görə, Türkel Kərimli məhkəmədəki çıxışında ittihamları rədd edib:

«O, izahat verib bildirdi ki, heç bir plakata toxunmayıblar. Söylədi ki, plakatın yanından keçərkən polis bizi saxladı və dedi ki, siz plakatı cırmaq istəyirdiniz və s. Daha sonra polisə aparıldıqlarını söylədi».

O BİRİ 2 GƏNC

Gənclərdən birinin – Coşqun Salahzadənin «Facebook» profilində 1982-ci ildə doğulduğu, Azərbaycan Dövlət İqtisad Universitetini bitirdiyi qeyd olunub.
Türkel Kərimli
Türkel Kərimli
AXCP-dən verilən məlumata görə, o, partiyanın Gənclər Komitəsinin üzvüdür. Partiyadan onu da bildirdilər ki, əvvəllər bankda çalışan Coşqun Salahzadə indi işsizdir.

Həbs edilən digər gəncin – Ülvi Nuriyevin «Facebook» profilində Böyük Britaniyanın Bristol Universitetində (Türkel Kərimli ilə eyni universitetdə – red.) ) oxuduğu yazılıb. O, heç bir partiyanın üzvü deyil.

Vəkil Fəxrəddin Mehdiyevin fikrincə, ortada sifariş və məhkəmə qərəzi olmasaydı və sözügedən davranışa yol versəydilər, gənclər, sadəcə, cərimələnib buraxıla bilərdilər.

«BU, MÜXALİFƏT LİDERLƏRİNƏ BARMAQ SİLKƏLƏMƏKDİR»

«Tolerant» Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Azər Rəşidoğlu təşviqat dönəmində baş verən bu həbsi təkcə Əli Kərimliyə deyil, digər müxalifət liderlərinə də xəbərdarlıq kimi qiymətləndirir:
Azər Rəşidoğlu
Azər Rəşidoğlu

«Bu, müxalifət liderlərinə barmaq silkələməkdir. 25 günlük həbs cəzasının seçilməsi seçkilər dönəminin ən fəal dövrünə təsadüf edir. Loru dildə söyləsək, bu, «oğlunuz əlimizdədir» mesajıdır, yəni özünüzü ağıllı aparmasanız, hər şey edə bilərik deməkdir. Müxalifət liderlərinə bir mesajdır ki, radikallıq etsəniz, hər şey edə bilərik».

Türkel Kərimli ilə Ülvi Nuriyevin dərsləri sentyabrın 25-də başlanır. Ortaya sual çıxır: Bu həbs – birinin dərslərə 25, digərinin 20 gün gecikməsi onlara Bristol Universitetində hansı problemlər yarada bilər?

«Human Capital Consulting» şirkətinin rəhbəri, Harvard məzunu Bəxtiyar Hacıyev bunu universitetdən asılı bir məsələ sayır. Onun fikrincə, bəzi universitetlər baş verənləri anlayışla qarşılasa və problem yaratmasa da, dərslərə qatılmamağı, istər istəməz, tələbənin qiymətlərinə təsir göstərir. Bəxtiyar Hacıyev bir misal da çəkir: Harvardda onunla bir yerdə oxuyan gürcüstanlı tələbə 2008-ci ildə Gürcüstan-Rusiya savaşına görə dərsə 15 gün gecikibmiş. Universitet dərs buraxmağı anlayışla qarşılasa da, proqramdan geri qalan həmin tələbə sonra aşağı qiymətlər alıbmış...
XS
SM
MD
LG