Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:38

“Alo, polis məni incidir”


Arxiv foto
Arxiv foto
-
“Məni Şabran polisinə çağırdılar, dedilər ki, işlədiyin istirahət mərkəzində saat itib. Saatın sahibi səndən şübhələnir”.

Bunu “Qaynar xətt”ə Qubanın Xaltan kəndində yaşayan Heybətağa Mikayılov danışır. Onun deməsinə görə, bu ilin avqust ayında Şabran rayonu ərazisinə düşən istirahət mərkəzlərindən birində traktorçu işləyərkən istirahətə gələnlərdən biri ona hamamda cibindən saatının oğurlandığını bildirib. Sabahı gün Heybətağa Mikayılovu Şabran polisinə dəvət ediblər. İstirahət mərkəzində bir nəfərə məxsus qol saatının itdiyini, saat sahibinin ondan şübhələnməsi barədə ərizəçi olduğunu deyiblər:

“İSTƏYİRDİLƏR İZAHAT YAZIM Kİ...”

“1 sutka polisdə saxlanıldım. Saata görə sorğu-sual olundum, buraxıldım. 3-4 gün sonra istirahət mərkəzinə iki polis işçisi gəldi, dedilər ki, bizimlə polisə getməlisən. Mən əvvəl etiraz etdim, dedim, saat məsələsinə görə idisə, sorğu-sual olundum və buraxıldım. Dedilər, səbəbini bilmirik, orda özünə deyərlər. Qoşulub getdim. Bu dəfə məni saata görə yox, istirahət mərkəzinin fəaliyyətinə görə sorğu-sual etdilər. İstəyirdilər belə bir izahat yazım ki, istirahət mərkəzinin sahibi qanunsuz işlərlə məşğul olur və sair”.

Heybətağa Mikayılovun sözlərinə görə, tələb olunanları yazmadığına görə fiziki və psixoloji təzyiqlərə məruz qalıb:

“Məni axşama kimi polisdə saxladılar. Bədənimdəki küt ağrılara görə təcili yardım stansiyasına aparıb ağrıkəsici iynələr vurdurdular. Yenə qaytarıb polis şöbəsinə gətirdilər. Tələblərini yerinə yetirmədiyimə görə, protokol yazdılar ki, guya arxamca istirahət mərkəzinə gələn polis işçilərini döymüşəm. Gecə ilə şöbədən buraxdılar. Ancaq buraxanda məndən iltizam aldılar ki, səhər 9-da şöbənin qarşlısında olum. Səhəri gün 9-un yarısı şöbəyə gəldim. Məni maşına mindirib Şabran məhkəməsinə gətirdilər”.

Heybətağa Mikayılov deyir, məhkəmədə ona məlum olub ki, polis işçiləri döyməsi ittihamı ilə ona cinayət işi açdırmaq istəyirlər. Amma...

“HAKİM İNSAFLI ÇIXDI”

Şikayətçi:

“Hakim bir bunların yazdıqlarına baxdı, bir də mənə. İnsaflı çıxdı. Bir az sorğu-sual edəndən sonra dedi, çıx çölə. Mən çölə çıxanda eşitdim ki, hakim məni gətirən polisləri tənbeh edir.

Heybətağa Mikayılovun deməsinə görə, beləcə, barəsində həbs qərarı çıxarılmır və o, məhkəmədən birbaşa kirayələdiyi evə gəlir. Ailəsini də yığışdırıb Xaltana qayıdır. Ancaq deməsinə görə, polis yenə onu rahat buraxmır:

“Bir qadın var. Polisin öz adamıdır. Hansı ki, guya polis işçilərini döydüyümün şahidi olmuşdu və izahat yazmışdı. Bu ittihamı mənə yapışdıra bilmədilər. indi də elə həmin qadının guya oğlunu döydüyümü iddia edirlər. Polsidən zəng vurublar ki, qadın səndən şikayətçidir”.

Şabran rayon Polis Şöbəsindən “Qaynar xətt”ə bildirdilər ki, saat itməsi ilə bağlı bir ərizə araşdırlarkən tək Heybətağa Mikayılov yox, istirahət mərkəzinin başqa işçiləri də izahat verib. Heybətağa Mikayılovun izahatı alındıqdan sonra sərbəst buraxılıb. Polisdən deyilənə görə, Mikayılovdan hansısa sahibkara qarşı izahat tələb olunmayıb. Polis işçiləri ilə kobud davranışına görə isə ona xəbərdarlıq olunub. Hazırda isə polisə çağırılmayıb.
XS
SM
MD
LG