Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:28

İnkişaf edən Gürcüstan şərabçılığı


Arxiv foto
Arxiv foto
-
Gürcüstan üzümçülüyündə son 10 ildə ən yüksək məhsuldarlıq qeydə alınıb.
Kəndli Tariel Beqiaşvili ailəsi ilə birgə bu il 30 ton üzüm yığıb və artıq məhsulunu satıb da. O həm məhsulundan, həm də üzümün qiymətindən razılıq edir. Yeganə şikayəti üzüm bağları ilə qəbul məntəqələri arasında məsafənin çox olmasıdır.
“Üzümü təhvil vermək üçün 70-80 kilometr yol qət edirik. Bu bizim üçün elə də böyük problem deyil, çünki yol xərcini biz ödəmirik. Başqa problemimiz yoxdur, kəndlilər razıdır. O ki qaldı qiymətə, kəndliyə 1 ları pul qalır. Yaxşı olar ki, elə belə də davam etsin, yoxsa mənə 5 ları versələr, o da bəs etməyə bilər”.
Tariel Beqiaşvili məhsuldarlıqdan, hökumətin üzümü təhvil alma fəaliyyətindən razılıq etsə də, şərab zavodlarında hələ də məhsulunu satmaq istəyi ilə növbəyə duranları görmək mümkündür. Milli Şərab Agentliyinin sədri Levan Davitaşvilinin dediyinə görə, məhsul yığımı mütəşəkkil surətdə təşkil olunur. Deyir ki, növbələr digərlərindən 5-10 tetri fərqlə məhsulu alan şərab zavodlarında yaranır. Yəni səbəb məhsulu almaqda yaranan çətinliklər deyil.
KƏNDLİYƏ QAYĞI DA ARTIB, MƏHSULDARLIQ DA.
Levan Davitaşvilinin dediyinə görə, bu il üzümü təhvil almaq üçün 53 məntəqə açılıb, ötən il bu göstərici 16 idi. Bu 53 məntəqə 70-ə yaxın şərab şirkəti ilə işləyir. Levan Davitaşvili builki məhsuldan, onun keyfiyyətindən razılıq edir. O hətta şərab sevərlərə 2013-cü il şərabını yadda saxlamağı məsləhət görür, çünki bu şərab öz keyfiyyəti ilə seçiləcək - deyir.
“Son 20 ildə 2 min tondan çox məhsulun yığıldığı vaxt olmamışdı, amma təkcə dünən bir gün ərzində 4 min tondan çox məhsul yığılıb. Nəticədə biz artıq 21 min ton məhsul əldə etmişik, bu çox vacib məsələdir. Ötən il bu vaxtlar məhsul yığımı hələ təzə-təzə başlanırdı. Son 10 ildə bizdə ən yüksək məhsuldarlıq qeydə alınıb – 150 min ton üzüm. Ötən il məhsulun həcmi 80-85 min idi. Amma bolluğa baxmayaraq qiymət hədsiz dərəcədə bahadır”.
Milli Şərab Agentliyinin sədri onu da deyir ki, bu il kəndlilərə maddi yardım verilməsi qaydaları da dəyişib. Onlar məhsulun sortundan asılı olaraq hər kiloqrama görə 40 və 25 tetri pul alırlar. Fərq ondadır ki, onlar bu pulu nəğd alırlar, vauçer şəklində yox. Hökumət həm də qəbul məntəqələri ilə şərab şirkətləri arasında razılaşmaya müdaxilə etmir, qiyməti şirkətlər müəyyənləşdirir.
RUSİYA BAZARININ QAPISI DA AÇILDI
Tbilisi
Tbilisi
Sədrin dediyinə görə, şirkətlər ola bilsin ki, bu il bütün məhsulu təhvil ala bilməsin. Baxmayaraq ki, bu ildən 2006-cı il embarqosundan sonra ilk dəfə Rusiya bazarlarının da qapısı gürcü şərabının üzünə açılıb. “Tbilqvino” şirkətinin rəhbəri Qaqi Marqvelaşvili da deyir ki, Rusiya bazarına çıxış hədsiz ümidlər yaratmamalıdır:
“ Hədsiz ümidlər yaranmamalıdır. Mən fermerləri nəzərdə tuturam, çünki Rusiya bazarı açılsa da, hələ ki heç bir təklif daxil olmayıb. Şərab istehsal edən şirkətlərdə də məhsul yığımı üçün nəzərdə tutulan maliyyə büdcəsi məhduddur. Məhsul yığımının başa çatmasını gözləyəcəyik, sonra baxarıq nəticə necə olacaq”.
MƏQSƏD BİRLƏŞMİŞ ŞTATLAR VƏ QƏRBİ AVROPA BAZARIDIR
Milli Şərab Agentliyinin dediyinə görə isə, məhsulun bolluğuna baxmayaraq, reallaşdırılmamış üzüm qalmayacaq. Özəl şirkətlər tələblərini ödəyib qurtarandan sonra hökumət şirkətləri önə çıxacaq. Bundan başqa, Levan Davitaşvili deyir ki, Rusiya bazarına artıq 7 milyon şərab şüşəsi ixrac edilib, öncədən ilin sonunadək bunun 4 milyon olacağı planlaşdırılırdı. Ötən ilin bu dövrü ilə müqayisədə Rusiyadan başqa digər bazarlara eksport 20 faiz artıb, Rusiya bazarı da daxil 150 faiz.
Şərab klubunun yaradıcısı Malxaz Xarbediya deyir ki, Rusiya bazarının böyüklüyünə baxmayaraq, gürcü şərabı Birləşmiş Ştatlar və Qərbi Avropa bazarlarına yönəlməlidir. Tarixən gürcü şərabı sənayesi Rusiya bazarından asılı olub, heç kim şərabın keyfiyyətini düşünməyib. Yalnız bu bazarın bağlanmasından sonra gürcü şərabçılığı öz yerini müəyyənləşdirmək və dərk etməyə başlayıb. Məhz embarqodan sonra, gürcü şərabçıları kəmiyyətə yox, keyfiyyətə önəm verməyə başlayıblar. Bundan sonra şərabçılıqda yeni ənənələr yaranıb, məsələn bardaq şərabları ənənəsi. Kartlidə isə istehsalçılar maraqlı eksperimentlər edirlər – orqanik və bio şərabçılığı inkişaf etdirirlər.
“Son illər gürcü şərabçılığında müxtəliflik yaranıb. Əgər əvvəl təkcə ağ şərab, və ya qırmızı, kəmşirin deyə şərablar var idisə, indi fərqlilik daha çoxdur.

Gürcüstanın qərbində indi elə şərablar var ki, bunlar əvvəl nə yerli, nə də xarici bazarda olmayıb. Məsələn, “Çiçka”, “Çolikouri”, “Oçxanuri Sapere” və s. Kartlidə məsələn, “Şavkapito” və “Çinuri”. Bu illər gürcü şərabı üçün çox əhəmiyyətli olub. Bu işi sona çatdırmaq lazımdır.”
Gürcüstanda 500 növdə üzüm becərilir. Ən çox istifadə olunan 30 növdür. Gürcü şərabının özəlliyi onun qədimliyidir. Hazırda gürcü şərabının qarşısında duran əsas vəzifə isə öz qədimliyini saxlamaqla elə bir gürcü şərabı yaratmaqdır ki, onu Birləşmiş Ştatlar və Qərbi Avropa bazarlarında da görmək olsun.
XS
SM
MD
LG