Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:57

Xəzərin dibini bölüşdürə bilmirlər


Xələf Xələfov
Xələf Xələfov

Bakıda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupun görüşü olub. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov tərəflərin ümumi və fərqli mövqelərindən danışır.

-
«Xəzərin statusu ilə bağlı danışıqlar prosesində hər hansı məsələ razılaşdırılmayıbsa, bu, hansısa bir dövlətin mövqeyinə görə deyil». – Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov belə deyir.

XƏZƏRİN DİBİNİN BÖLÜŞDÜRÜLMƏSİ HƏLLİNİ TAPMAYIB

Sentyabrın 12-də Bakıda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupun 33-cü görüşü başa çatıb. Görüşün yekunlarına dair mətbuat konfransında Xələf Xələfov bildirib ki, Xəzərin hüquqi statusunun müəyyənləşdirəcək qərarı tərəflər ortaq məxrəcə gəlib qəbul etməlidir. Bakı görüşünü uğurlu sayan nazir müavini Xəzərin hüquqi statusuna dair Konvensiya layihəsinin bir sıra müddəalarının razılaşdırıldığını da deyir:

«Bəzi məsələlər artıq tənzimlənib. Məsələn, gəmiçilik, ekoloji məsələlər artıq razılaşma səviyyəsinə çatdırılıb. Konvensiyada bu məsələlər öz həllini tapıb. Amma müəyyən məsələlər də var ki, onlarla bağlı hələ də danışıqlar gedir. Məsələn, Xəzərin dibinin bölüşdürülməsi ilə bağlı məsələ».

Xəzərdə neft buruqları
Xəzərdə neft buruqları
Ekspertlərin fikrincə, hələ də həllini gözləyən məsələlər ümumi danışıqlardan asılı deyil. Dəniz hüququ mütəxəssisi, hüquq elmləri doktoru Rüstəm Məmmədov da belə hesab edir ki, prosesi ləngidən başlıca amil – İran və Türkmənistanın əsassız iddialarından əl çəkməməsidir:

«İran Xəzər dənizinin təhlükəsizliyinə nail ola bilməyib deyə, öz təhlükəsizliyindən qorxur və üçüncü dövlətlərin bu zonada çalışmasından ehtiyatlanır. Ona görə də hər vəchlə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə əngəl törədir. Türkmənistan da öz maddi maraqlarını təmin etməyib deyə çarpışır. İranın iddiaları həddən artıq çoxdur – Xəzərin beş bərabər hissəyə bölünməsi, Xəzərdən alınan paydan pay və s. Türkmənistanın iddiaları ondan da çoxdur. Bu iddiaların arxasında heç nə dayanmır, amma fakt odur ki, onlar öz iddialarında israrlıdır».

«SİYASİ SİTUASİYA DƏYİŞMƏLİDİR»

İşçi qrupun üzvləri gələn il Xəzərin statusu ilə bağlı yekun qərar alacaqlarına ümidli görünsələr də, Rüstəm Məmmədov bunu mümkünsüz sayır:
Xəzər dənizi
Xəzər dənizi

«Siyasi situasiya dəyişməlidir. Əks halda bu proses beləcə gedəcək. Yəni, dövlətlərin siyasi yönümü dəyişməlidir. Məsələn, Qərblə İran İslam Respublikası düşməndir. Qərb anlayır ki, Xəzərə hüquqi status veriləndən sonra orda gedən proseslər, o cümlədən neft-qaz nəqli qanuni don alacaq və İran da bununla razılaşmalı olacaq. İran isə çalışır ki, ölkəsindəki proseslər hüquqi don geyməsin».

Xəzərin statusu ilə bağlı növbəti – 34-cü görüşün gələn il keçirilməsi nəzərdə tutulur. Beş Xəzəryanı ölkənin xarici işlər nazirləri 2014-cü ilin birinci yarısında Rusiyada görüşəcək. Bu məlumatı mətbuat konfransına qatılan Qazaxıstan xarici işlər nazirinin müavini Kayrat Sarıbay dilə gətirib. O, indi Bakıda gerçəkləşdirilən görüşün gələn il Rusiyada keçirilməsi planlaşdırılan növbəti Xəzər sammitinə mühüm hazırlıq mərhələsi sayır.

Xəzərin statusu ilə bağlı beş ölkə arasında gedən danışıqlar 1996-cı ildə başlanıb.
XS
SM
MD
LG