Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:01

İlham Əliyev bərabərlik prinsipini pozur?


İlham Əliyev İsmayıllıda
İlham Əliyev İsmayıllıda
-
«Prezident İlham Əliyev sentyabrın 4-də Astara rayonuna səfəri çərçivəsində yeni yolun açılışına da qatılıb. Dövlətimizin başçısı yolun açılışını bildirən rəmzi lenti kəsdi».
İstər özəl, istərsə dövlət televiziya və informasiya agentliklərində bənzər məlumatlar əsas xəbərlərdir. Son iki gündə prezident cənub bölgəsinə səfərə çıxıb və Lənkəran, Astara, Masallı, Yardımlı, Biləsuvar, Cəlilabad, eləcə də Salyanda bir sıra obyektlərin açılışına qatılıb. O, yeni təmir olunan yolların qırmızı lentini kəsib, eyni zamanda hakim Yeni Azərbaycan Partiyası rayon təşkilatlarının yeni inzibati binalarına da baş çəkib.

İlham Əliyevin 2012-ci ildə əyalətlərdə

İlham Əliyevin 2012-ci ildə əyalət səfərlərinin xəritəsi

Ötən avqust ayında prezidentin səfəq qrafiki çox gərgin keçib. Dövlət başçısı Sabirabad, Saatlı, Ağcabədi, Hacıqabul rayonlarına, daha sonra İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Qax, Balakən, Kürdəmirə səfərə çıxıb. Prezident iyulda da Siyəzən, Xaçmaz, Şabran, Tovuz, Ağstafa, Qazax və Şirvanda olub. Dövlət başçısı bu müddətdə Bakının müxtəlif rayon və qəsəbələrinə də baş çəkib.
Prezidentin ötən illərdə də regionlara bənzər səfərləri gerçəkləşdirilib. Siyasi opponentlərinin fikrincə, belə səfərləri təbii qarşılamaq olardı. Amma bir şərtlə – İlham Əliyev yenə prezidentliyə namizəd olmasaydı.
QEYRİ-ETİK DDIM?
«REAL» hərəkatının icra katibi Natiq Cəfərli düşünür ki, seçkiöncəsi prezidentin rayonlara səfəri, məhz bu ərəfədə müxtəlif açılışların diqqətə yetirilməsi seçkiyə hesablanmış addımlardır:
Natiq Cəfərli
Natiq Cəfərli
«Seçki dönəmini, prezidentin də namizəd olduğunu nəzərə alsaq, onun regionlara səfəri qeyri-etik addımdır. Axı başqa namizədlərin əlində belə resurslar yoxdur. Bir çox ölkələrdə baş nazirlər, başqa vəzifə sahibləri seçkilər dönəmində ya fəaliyyətlərini dondururlar, ya da başqa birinə etibar edirlər ki, seçkilərə digər namizədlərlə bərabər şərtlərlə qatıla bilsinlər. Rəsmi Bakı, bir çox hallarda olduğu kimi, bu məsələni də nəzərə almır».
Natiq Cəfərinin fikrincə, hakimiyyət rəqiblərini müxtəlif yollarla zəiflətmək istəyir.
O, REAL-ın prezidentliyə namizədi İlqar Məmmədovun hazırda həbsdə olmasını, digər siyasi partiya nümayəndələrinin regionlara səfərini misal çəkir. Səfərlər zamanı onların təqib olunmasını, maşınlarına yumurta atılmasını və digər hücumlarla rastlaşmalarını, indiki prezidentin regiona səfərinin yüksək səviyyədə təşkili ilə müqayisə edir.
SEÇİCİLƏRİN ƏLƏ ALINMASI CƏHDİ?
Cəmil Həsənli
Cəmil Həsənli
Demokratik Qüvvələrin Milli Şurasının namizədi Cəmil Həsənli diqqəti başqa məqama yönəldir. O, dövlət büdcəsi hesabına tikilən obyektlərin məhz seçki ərəfəsində açılışını, maaşların, təqaüdlərin artırılmasını seçicilərin maddi baxımdan ələ alınması cəhdi sayır:
«Bu, seçki məcəlləsinə ziddir, seçki qanunvericiliyinin pozulmasıdır və namizədlərdən birinin dövlət resursları hesabına qanunsuz təbliğatıdır. Sərəncamlar verilir, bu haqda mətbuat yazır, televiziyalar göstərir... Bununla da reklam və təbliğat gedir. Prezident bölgələrə səfərlərini, maaş artımlarını seçki ilindən öncə də gerçəkləşdirə bilər. Məhz seçki ilində bu addımların atılması seçiciləri maddi baxımdan ələ almaq cəhdidir».
«PREZİDENTƏ İRAD TUTA BİLMƏRİK»
Prezidentliyə namizəd, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev fərqli düşünür:
Fərəc Quliyev
Fərəc Quliyev
"Prezidentin bölgələrə səfəri hər zaman olub. Ona görə də biz indiki səfərlərinə irad tuta bilmərik. Amma seçkilər dönəmində bütün namizədlər üçün bərabər şərait yaradılmasını onun özü nəzərə almalıdır. Həm televiziyada, mətbuatda görünmək baxımından, həm görüşlərin keçirilməsi, həm də bu cür açılışların edilməsi baxımından. Yəni çox da vacib olmayan, təxirə salınması mümkün belə tədbirləri seçkilərdən sonraya ertələmək daha yaxşı olardı".
“TƏŞVİQATA EHTİYAC YOXDUR DEYİRLƏR, AMMA...”
Seçki eksperti Hafiz Həsənov prezidentin rayonlara səfərlərini, müxtəlif obyektlərin açılışına qatılmasını, maaşlarının artırılmasını birbaşa təşviqat kimi qiymətləndirir:
"Bu və əvvəlki seçkilər ərəfəsində də bəyan olunur ki, Azərbaycan prezidentinin seçkiqabağı təşviqatına ehtiyac yoxdur, onun işləri göz qabağındadır. Prezidentin bu cür səfərləri prezident kimi fəaliyyətini davam etdirməsi kimi dəyərləndirirlir. Mən hesab edirəm ki, onun regionlara səfəri, müxtəlif obyetklərin açılışını etməsi, maaşların, sosial yardımların artırılması haqda sərəncamları birbaşa seçki təşviqatıdır. Üstəlik, həmin səfərlərdə prezident öz fəaliyyətindən danışır, mesajlarını verir, gələcək söz açır. Bu, birbaşa seçki təşviqatıdır. Halbuki seçki təşviqatı üçün dar bir müddət – 22 gün müəyyənləşdirilib. İndiki prezident öz üstünlüklərindən faydalanır. Bu, başqa namizədlərlə bərabərlik prinsipinin də pozulmasıdır".
Avqustun 2-dən Azərbaycanda prezident seçkilərinə start verilib. Prezidentliyə namizədlərin qeydə alınması üçün son tarix sentyabrın 9-dur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG