Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:29

Gömrük Komitəsinin sədrindən iş istəyənlərə verilən cavab


Şikayətə gələnləri Astara Gömrük İdarəsinin işçisi qeydiyyata almaq istəmirdi.
Şikayətə gələnləri Astara Gömrük İdarəsinin işçisi qeydiyyata almaq istəmirdi.
-
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev avqustun 30-da Astarada vətəndaşları qəbul etdi. Qəbul 5 rayonun sakinləri üçün nəzərdə tutulmuşdu.

Qəbuldan bir gün əvvəl Astara Mərkəzi Mədəniyyət Evində sədrə müraciət etmək istəyənlər qeydiyyata alınmışdılar. Həmin gün şikayətə gələnləri isə Astara Gömrük İdarəsinin işçisi qeydiyyata almaq istəmirdi. Şikayətçilərə qeydiyyatın artıq başa çatdığını deyirdi. Qeydiyyata düşməyən vətəndaşlarla gömrük işçisi arasında mübahisə düşdü. Şikayətə gələnlərdən biri vətəndaşların qəbuluna belə maneələrin yaradılmasına etiraz edirdi:

«Konsert verməyə gəliblər. Şou göstərirlər bunlar. Şou göstərirlər».

Digər bir şikayətçi də eyni məsələ ilə bağlı etirazını belə bildirdi:

«Gömrüklə bağlı şikayətə gəlmişdim .Dedi qəbula yazdırmamısan, yazmadı adımı. İrandan gələndə bizim malımızı əlimizdən alırlar. Deyirlər nazirlik tapşırıq verib. Nazirlik bir toyuğu insanların əlindən alınmasını deyibsə, onun insanları qəbul etməsinə dəyməz. Dedi kim adını siyahıya yazdırıb onları qəbul edirlər».

Qəbuldan əvvəl söhbət etdiyimiz adamların bir çoxu isə problemlərin həll olunacağına ümidli olduğunu bildirirdilər. Qəbul isə saat 10-da başladı. Siyahıda olanları ikinci mərtəbədəki zala yerləşdirdilər. Bizdən də tələb etdilər ki, zalda gözləyək. İlk saatlarında çəkilişə icazə vermədilər. Gömrük işçilərin insanlarla kobud rəftarları burda da diqqətdən yayınmadı.
Aydın Əliyev şikayətçilərlə görüşə gəlir.
Aydın Əliyev şikayətçilərlə görüşə gəlir.
Bir neçə dəfə təşkilatçılara yanaşıb jurnalistlərin çəkiliş aparmaları üçün şəraitin yaradılmasını xahiş etsək də, istəyimiz kobudluqla qarşılandı.

«GÖMRÜKDƏ NƏ İSTƏYİRLƏR, ONU EDİRLƏR»

Zalda əyləşən şikayətçilərdən biri - Astara rayon sakini Elman Hüseynov AzadlıqRadiosuna bildirdi ki, gömrük işçilərinin qanunsuz əməlləri adamları bezdirib. Bu barədə ərizə ilə prezidentə, ölkədə olan səfirliklərə, müxtəlif dövlət orqanlarına müraciət edib. Heç bir nəticəsi yoxdur. İndi də komitə sədrinə birbaşa şikayət etmək istəyir:

«2012-ci il 27 dekabrdan bəri müraciət edirəm heç baxan yoxdur. Nə Gömrük Məcəlləsi işləyir, nə də Nazirlər Kabinetinin müvafiq qərarları. Gömrükdə nə istəyirlər, onu edirlər».

Zalda 50-yə yaxın vətəndaş toplaşmışdı. Onlara elan edildi ki, komitə sədri iş istəməklə bağlı müraciət edənləri bir yerdə, qalanlarını isə fərdi qaydada qəbul edəcək. Məlum oldu ki, işlə bağlı gələnlər 14-15 nəfərdir. İş axtaranları birinci mərtəbəyə, komitə sədrinin qəbul yerinə apardılar. 10-15 dəqiqədən sonra şikayət gələnlərdən biri bizə bildirdi ki, işlə bağlı komitə sədri qanuna müvafiq olaraq nazirliyə rəsmi qaydada müraciət etməyi və test imtahanlarından keçməyi məsləhət görüb. O eyni zamanda bildirib ki, 31 yaşı tamam olmuş vətəndaşlar işə qəbul olunmurlar.

Aydın Əliyev vətəndaşları qəbul edir
Aydın Əliyev vətəndaşları qəbul edir
İŞ AXTARANLAR...

Oğlunun işinə görə komitə sədrinə müraciət edən vətəndaş:

«Sentyabrın axırında test olacaq, nə bilim nə olacaq, eyni şeylər. Oğlum təzə gəlib əsgərlikdən. Daxili qoşunlarda əsgərlik edib. Aydın müəllimə müraciət elədim işlə bağlı».

Nəhayət jurnalistlərin tələbilə çəkiliş aparmağa icazə verildi. Komitə sədrinin qəbuluna gələnlərin arasında maddi kömək istəyənlər də az deyildi. Şikayətlər ən çox Astara gömrüyündə baş verən qanunsuzluqlarla bağlı idi. Belələrinə komitə sədri şikayətlərinə baxılacağı vədini verdi.

Məsələn, Elman Hüseynovla qəbuldan sonra görüşdük. O bizə bildirdi ki, komitə sədri onun ərizəsinə baxılacağına söz verib.

«HAMISINI AYDIN ƏLİYEVƏ DEMƏLİYƏM»

Astara rayonunun digər sakini Həsənağa Məmmədov də gömrükdən şikayətçidir:
Həsənağa Məmmədov
Həsənağa Məmmədov

«Bir dəstə monopolistləri töküblər. Heç bir yerdə əmrdə olmayan 5-6 nəfər gətiriblər, paketlə pul verirlər. Onların hamısını Aydın Əliyevə deməliyəm».

Adının çəkilməsini istəməyən bir sabiq gömrük işçisi deyir ki, onu işdən çıxardarkən qanunun bir çox maddələri pozulub:

«Məni 61 yaşımda işdən azad ediblər. Ona da səbəb bilirsən nə olub? Onların yeməkpulunu verməmişəm… Aydın Əliyev heç nə demədi. Dedi üstündən iki il keçib. Artıq sən pensiya alırsan, filan».

«NƏ ÜÇÜN GƏLİB BURA? DEYİR İŞ YOXDUR»

Qarabağ döyüşlərində övladını itirmiş Məmməd Kərimov isə oğlunun işsizliyindən danışdı:

«20 ildir vətənə oğul qurban vermişəm, 20 ilə yaxındır sağ qalan oğlum üçün isə fəhləlik də ala bilmirəm. Oğlum 95-ci ildə Astara kollecini bitirib, gömrük üzrə. 3 uşaq atasıdır. Heç nə. Bu nə üçün gəlib bura? Deyir iş yoxdur».

Qarabağ döyüşlərində övladını itirən digər bir valideyn isə deyir ki, sərhəddə heç bir səbəb göstərmədən böyük məbləğdə rüsum alınır.

Komitə sədrinin qəbuluna girənlər də narazı idi, girə bilməyənlər də. Ara-sıra razı qalanlar da var idi.
XS
SM
MD
LG