Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 18:58

9 il əvvəl evini belə itirdi


Foto: Arxiv
Foto: Arxiv
-
«9 il əvvəl Azərbaycanda dolanışığın ağır olduğunu görüb qərara aldım ki, ailəmi də yığıb bir müddətlik Rusiyaya köçüm. Rayona qayıdanda evimi yerində görmədim. Köhnə tikili olan dədə-baba mülkümün yerində dəbdəbəli şadlıq evi tikmişdilər».

GAH KİRAYƏLƏRDƏ, GAH DA QOHUM EVİNDƏ...

Bunları AzadlıqRadiosunun «Qaynar xətt»inə Şəmkir sakini Sahib Kərimov danışır. Deyir ki, Rusiyada cəmi iki il yaşayıb. Ancaq işləri alınmadığına görə ailəsini də yığıb geri qayıdıb. O vaxta qədər dərdi təkcə dolanışıq idisə, ondan sonra üstünə evsizlik də əlavə olunub. 8 ildir ki, gah kirayələrdə, gah da qohum evində qaldığını deyir. Təqribən o qədər müddət də olar ki, evini qaytarmaq üçün məhkəmə qapılarında qalıb:

«Evimi yerli-dibli söküb yerində şadlıq evi tikmişdilər. Üzümə də dirənmişdilər ki, orda ev olmayıb, zibillik olub. Mən evin 100 il əvvəl tikildiyini sübut edən sənədlərini də məhkəməyə təqdim etdim. Heç sənədlərin üzünə baxan da olmadı».

Fəzail Quliyev evin yerində tikildiyi iddia olunan şadlıq evinin sahibidir. Sahib Kərimovun dediyinə görə, Rusiyadan qayıdandan sonra söküntü-tikinti işlərini aparan həmin şəxslə görüşüb. Ona sökülən evin pulunun tezliklə ödənəcəyi vəd olunub. Ancaq bu vədə əməl edilməyib.

«EVİ DAĞILDI, ZİBİLLİYƏ DÖNDÜ»

Şəmkir rayon Məhkəməsində Sahib Kərimovun iddiası əsasında keçirilən məhkəmə prosesində Fəzail Quliyevin nümayəndəsi Səadət Cəbrayılova bildirib ki, şadlıq evi Sahib Kərimovun evinin ərazisinə düşmür:

«Şadlıq evi iddia olunan ərazidən kənardakı zibilliyin yerində tikilib. Fəzail Quliyev həmin zibilliyi təmizlətdirib, abad edib və yerində şadlıq evi tikib. Sahib Kərimovun evi isə sahibi Rusiyaya köçəndən sonra baxımsız qaldığından uçulub-dağılıb».

Ancaq Sahib Kərimovun qonşuları öz ifadələrində evin onların gözü qarşısında uçurulduğunu bildiriblər. Hətta bu barədə ev sahibinə zəng edərək xəbər də veriblər. Ancaq həmin ərəfədə Sahib Kərimov avtomobil qəzasına düşdüyünə, sonra isə ağır əməliyyat keçirdiyinə görə dərhal rayona qayıda, baş verənlərin qarşısını ala bilməyib.

İndi Sahib Kərimov keçmiş evindən əlini üzüb rayon icra hakimiyyətinə məktub yazıb ki, ona ev tikmək üçün torpaq sahəsi ayrılsın.
XS
SM
MD
LG