Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:54

Persona non qrata elan edilən gürcü yazar danışdı


Beso Xvedelidze
Beso Xvedelidze
-

Gürcü yazar Beso Xvedelidze Azərbaycan Yazıçılar Birliyinin üzvüdür:

"Azərbaycanın ən mühüm ədəbi mükafatının laureatıyam. Üç gürcü-Azərbaycan ədəbi layihəsinin müəllifi və icraçısıyam. Onlardan birinin təqdimatı bir neçə gün əvvəl olub. Ertəsi günsə eşitdim ki, məni arzuolunmaz şəxs elan ediblər. Bu daha çox siyasi hikkəyə oxşayır, əks halda dostluqdan savayı məni onlarla heç nə bağlamır".


Ötən həftə Azərbaycan saytlarından birində qəribə bir siyahı dərc olundu. Azərbaycan tərəfi 335 nəfəri arzuolunmaz şəxs elan edib. Səbəb isə onların Dağlıq Qarabağda - münaqişə zonasında Azərbaycanın razılığı olmadan qonaqlıqda iştirakları olub.

Siyahıda üç nəfər gürcü yazıçısı da var. Mağvala Qonaşvili, Beso Xvedelidze və Dato Turaşvili. Xanım Mağvala barəsində əvvəllər də bu cür informasiya yayılmışdı və sənətkar ora qonaq getməyinin məğzi barəsində bir daha danışıdı. Buna görə də onun adının və soyadının siyahıda olması gözlənilməz olmadı. Halbuki Turaşvili və Beso Xvedelidzenin siyahıya düşməsi hamını təəccübləndirdi.

Yazıçılar niyə Dağlıq Qarabağa getmişdilər, bu suala özləri cavab verəcəklər və mədəniyyət naziri Quram Odişariyanın persona non-qrata elan edilməkdən necə xilas olduğunu da biləcəyik.

Sözügedən siyahıya italyan müğənnisi Albano və soprano Monserrat Kaballye də düşüb.



- Beso, ilk növbədə Dağlıq Qarabağa təqdimatına getdiyiniz jurnal barəsində danışın.

- «Cənubi Qafqaz». Bu, ədəbi jurnaldır. İndiyədək cəmi iki dəfə çıxıb. Üçüncü sayı artıq hazırlanıb və payızda çıxacaq. Bu, altı bölgədən olan yazıçıların yan-yana dərc olunduğu rusdilli jurnaldır. Onlar arasında münaqişənin olduğu bir vaxtda, yazıçılar, rəssamlar fotoqraflar bu jurnalda bir-birilərinin yanında yer tapıblar və dostlaşıblar. Redaktoru Quram Odişariya və abxaz yazıçısı Vatav Kobaxiyadır. Cəmi iki sayı nəşr olunub. Mən və Dato ikinci sayın qonaqları idik. Jurnalın hər sayının nəşrindən sonra Tbilisidə, Bakıda, Yerevanda, Stepanakerddə, Suxumidə təqdimatı keçirilir. Üçüncü sayına da nəyin daxil edilməsini birgə planlaşdırdıq. Mən bu sayda daha yoxam, başqa gürcülər dərc olunacaq. Yeni sayın təqdimatı çərçivəsində əsərləri dərc olunan yazıçılar səyahət edəcəklər. Hər bir tərəfdən dörd yazıçı təqdim olunub.

- Bildiyimə görə, ikinci sayın təqdimatı üçün siz də Dağlıq Qarabağda qonaq idiniz.

- Bəli, Biz ora sülh missiyası ilə getdik. Ədəbi jurnalın təqdimatını keçirdik. Ona kimi Cənubi Qafqazın bir neçə şəhərində - Bakıda, Sxinvalidə, Suxumidə, Tbilisidə də belə təqdimatlar keçirildi, Londonda isə yekunlaşdırıldı. Ümumiyyətlə, bu jurnalın təsis olunması ingilis xeyriyyə fondunun təşəbbüsü idi. Dağlıq Qarabağa qonaq getdiyimə görə., persona non qrata elan edildiyimi eşidəndə əvvəlcə 1 aprel zarafatı kimi başa düşdüm. Anlaya bilmədim ki, nə baş verir. Sonra Dato ilə danışdım, o da təəccüblənmişdi.
Beso Xvedelidze
Beso Xvedelidze

- Sizin azərbaycanlı dostlarınız bu xəbəri necə qarşıladılar?

- Mənimlə əlaqə saxlayırlar... Təsəvvür edin, mən Azərbaycan Yazıçılar İttifaqının üzvüyəm. Azərbaycanın ən mühüm ədəbi mükafatının laureatıyam. Üç gürcü-Azərbaycan ədəbi layihəsinin müəllifi və icraçısıyam. Onlardan birinin təqdimatı bir neçə gün əvvəl olub. Ertəsi günsə eşitdim ki, məni arzuolunmaz şəxs elan ediblər. Bu nəsə siyasi hikkəyə daha çox oxşayır, əks halda yaxşqı dostluqdan savayı məni onlarla heç nə bağlamır.

- Azərbaycanda neçə dəfə olubsunuz?

- Çox olmuşam... Sonuncu dəfə bu təqdimatda olmuşam. Dediyim kimi, jurnalın redaktoru mədəniyyət naziri Quram Odişariyadır. Onda cənab Quramın Qarabağa getməyə vaxtı olmadı, nəsə işləri ortaya çıxdı və Yerevanda qaldı. Mən və Dato abxazlar, osetinlər, ermənilər ilə birlikdə ora getdik.

- Bu məlumatın yayılmasından sonra vəziyyətin aydınlaşdırılması üçün bir kimsəyə müraciət etdinizmi?

- Güldük... Heç kimə müraciət etməmişik. Kimə müraciət etməliyik və nəyi izah etməliyik?!.. Deyirlər ki, izacə olmadan sərhəddən keçmişik. Albano və Monserrat Kabaliyedən nə istəyirlər?

- Mədəniyyət nümayəndələrinin bu vəziyyətlə üzləşməsi nə dərəcədə normaldır?


- Normal olduğunu düşünmürəm. Yazıçı, yaxud rəssam münaqişə zonasına, əmin-amanlıq olan yerə həmişə sülh missiyası ilə gedir, sərgi, kitab təqdimatı, yaxud konsert üçün.

- Müxtəlif ölkələrin mədəniyyət nümayəndələri Abxaziyaya da gediblər və buna görə Gürcüstanda da qıcıqlanıblar, lakin heç kim persona non qrata elan edilməyib.


- Elə onu deyirəm. Gürcüstan buna anlayışla yanaşıb. Normal, ürəyiyumşaq mövqe tutub. Məncə, orada məsələ nəsə başqa şeydədir. Güman ki, vəziyyət gərginləşib və qəflətən bu siyahını ortaya qoyublar. Bildiyimə görə, indiyədək bu cür şeylər olmayıb. Bunu birinci dəfədir ki, edirlər.

- Dəvət olunduğunuz təqdirdə yenə də Dağlıq Qarabağa gedərsinizmi?


- Niyə də getməyim. Abxaziyaya da gedəcəyəm, Osetiyaya da. Yazıçıyam və bu dəvət ədəbiyyata, yaradıcılığa və mədəni həyata aid olarsa, həmişə gedərəm.

- Başqa ölkələrin yazıçıları və şairləri Abxaziyaya nə dərəcədə tez-tez gedirlər?

- Keçən il bu layihə çərçivəsində təqdimat Suxumidə keçdi. Biz getmədik, lakin ermənilər olub, azərbaycanlılar da. Biz getmək istəyirdik, lakin oradan bizə dedilər ki, məmnuniyyətlə qəbul edərik, qonaq edərik, lakin bizdə bir az gərgin durumdur və sizə təhlükəsizlik zəmanətini verə bilmərik, kimsə, bir axmaq ortaya çıxa bilər. Onların xoş mərami vardı ki, biz də ora gedək. Bilirdilər ki, biz yazıçılar yaxşı iş üçün ora gedirik.

- Mağvala Qonaşvili sizinlə birlikdə deyildimi?

- Yox, biz mart ayında getmişdik, Mağvalanı payızda poeziya axşamına dəvət etmişdilər.

Nino Qiqişvili
«REYTİNQİ»jurnalı, №32,
12-19 avqust 2013-cü il.

Gürcü dilindən tərcümə edəni
Mirzə MƏMMƏDOĞLU
XS
SM
MD
LG