Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:01

İsa Qəmbər: «İlham Əliyevə daha açıq, daha aydın dəstək göstərilmədi»


Vladimir Putin və İIlham Əliyev
Vladimir Putin və İIlham Əliyev
-
Səfərdən bir gün öncə Rusiya prezidentinin Azərbaycana hərbi gəmidə gələcəyi xəbər yayıldı. Sonradan xəbər doğru çıxmasa da, adi taksi sürücüsündən tutmuş evdar qadınacan çoxları Putin-in bu orijinallığının arxasında nə gizləndiyini, onun nəyə eyham vurduğunu çək-çevir etməyə başladı. Sözsüz ki, səfər başqa suallar da doğururdu – həm də daha ciddi və daha önəmli suallar. Məsələn, Putin-in məhz seçkiöncəsi gəlişi prezident Əliyevə dəstək mənası daşıyırmı? Rusiya Azərbaycanın Qafqazdakı önəmini anlayırmı? Azərbaycanın üzünü həm Qərbə, həm Şərqə tutmasından razı qalırmı? Bəlkə Azərbaycana şimal qonşusunun dövlət başçısı, sadəcə, gücünü-qüdrətini bir daha yada salmaq üçün gəlir? Və s. və i.a.

«ƏSAS MƏSƏLƏLƏRİN MÜZAKİRƏSİ KADR ARXASINDA QALDI»

Milli Şura üzvü Zəfər Quliyevin fikrincə, bütün hallarda Rusiya prezidenti Azərbaycana ciddi önəm daşımayan sənədləri imzalamaq üçün gəlməmişdi:

«Bu səfərə ciddi əhəmiyyət verilirdi, səs-küylü səfər idi. Bir neçə dəfə vaxtı dəyişdirilmişdi. İlk dəfə olaraq Rusiya prezidentini bu səfərdə hərbi gəmilər müşayiət edirdi. Rusiyanın müasir hərb gəmilərinin gəlməsi, istər-istəməz, təzyiq xarakteri daşıyırdı. Bu da onu göstərir ki, əsas məqsəd bir neçə sazişi imzalamaq deyildi. Deməli, əsas məsələlərin müzakirəsi kadr arxasında qaldı və bu haqda məlumat verilmədi».

Zəfər Quliyev
Zəfər Quliyev
Zəfər Quliyevə görə, Rusiya prezidentinin Azərbaycana səfəri iki ölkə arasında ciddi dönüş doğurmadı. Bu səfərdən sonra da Bakıya təzyiqlər davam edə bilər. Amma onun fikrincə, Putin bu təzyiqlərdən sonra Moskvaya tam əliboş qayıtmayıb, ola bilsin, bəzi məsələlərlə bağlı umduğu cavabı alıb:

«Hər halda prinsipial məsələlərlə bağlı. Məsələn, Avrasiya İttifaqı, Gömrük İttifaqı, İran məsələsi ilə bağlı Moskvayla Bakı, hələlik, tam razılığa gələ bilməyiblər. Putin-in Bakıya səfəri bu məsələlərin həlli yolunda, sadəcə, ilk addım idi».

«XÜSUSƏN RUSİYA TƏRƏFDƏ YÜKSƏK ƏHVAL-RUHİYYƏ HİSS OLUNMADI»

Müsavat başqanı İsa Qəmbər səfər zamanı müxtəlif anlaşma və sazişlərin imzalandığını xatırlatsa da, başqa məqamı vurğulayır:

«Mühüm sazişlər olsa da, heç biri dövlət səviyyəsində həlledici məsələ deyildi. Əməkdaşlıq məsələləri dövlət başçılarının iştirakı olmadan da imzalana bilərdi. Görüntüyə diqqət edincə, elə xüsusi sevinc hiss olunmadı. Xüsusən Rusiya tərəfdə yüksək əhval-ruhiyyə duyulmadı. Amma arxada, qapalı otaqlarda nə danışılıb, hansı razılığa gəlinib, – bunu bilmirik.
İsa Qəmbər
İsa Qəmbər
Bunu yaxın günlərdə deyə biləcəyik».

İsa Qəmbərə görə, belə görüşə hər iki tərəfin, özəlliklə Azərbaycan prezidenti İlham Əliyevin böyük ehtiyacı vardı:

«Seçkiyə iki aydan az qalmış bir vaxtda Putin-in Bakıya gəlməsi, İlham Əliyevlə görüşməsi İlham Əliyevə dəstəkdir. Eyni zamanda, beynəlxalq miqyasda təcrid olunan İlham Əliyev bu dəstəyin daha açıq, daha aydın şəkildə göstərilməsini istərdi. O dəstək göstərilmədi».

«BAŞQA DƏSTƏK AZƏRBAYCANA LAZIM DEYİL»

Hakim Yeni Azərbaycan Partiyasının sədri Əli Əhmədov deyir ki, Azərbaycan prezidentini qarşıdan gələn seçkilərdə dəstəkləyən yeganə qüvvə Azərbaycan xalqı və seçiciləridir:

«Müşahidələr, sorğular nümayiş etdirir ki, Azərbaycanda keçirilən prezident seçkilərində əhalinin mütləq əksəriyyəti prezident İlham Əliyevin namizədliyini dəstəkləyir. Yeni Azərbaycan Partiyası İlham Əliyevə dəstəyi, müxalifətdən fərqli olaraq, Azərbaycandan kənarda deyil, Azərbaycanın içərisində əldə edib, ölkə vətəndaşları tərəfindən dəstəklənir.
Əli Əhmədov
Əli Əhmədov
Bu dəstək İlham Əliyevin qarşıdan gələn prezident seçkilərində uğur qazanması üçün kifayət edir. Başqa dəstək Azərbaycana lazım deyil».

Əli Əhmədovun fikrincə, «Putin-in səfəri çərçivəsində aparılan danışıqlar, imzalanan sənədlər gələcəkdə iki dövlət arasında iqtisadi, siyasi və digər sahələrdə olan münasibətlərin yüksək səviyyəyə qaldırılması üçün etibarlı hüquqi baza yaradıb».

«RÜSTƏM İBRAHİMBƏYOVA YAŞIL İŞIQ YANDIRILACAQ»

Maraqlıdır, bu səfərdən sonra Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından imtinasına dair müraciətinə necə cavab verilə bilər?
Zəfər Quliyevə görə, Kreml üçün ən əlverişli variant bununla bağlı məsuliyyəti boynundan atmaq olacaq:

«İbrahimbəyov üçün yaşıl işıq yandırılacaq, koridor açılacaq və Moskva bu problemin həllini Bakının üstünə atacaq. Tezliklə Rüstəm İbrahimbəyovun Bakıya gələ biləcəyini düşünürəm».

İsa Qəmbər iki dövlət başçısının görüşündə bu məsələyə toxunulduğuna şübhə etmir, amma məlumatı olmadığı üçün şərh verməyi də düzgün saymır.
XS
SM
MD
LG