Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:11

Hələlik, 7 namizədin istəyi bəlli, qalır biri


İlham Əliyev
İlham Əliyev
-
YAP sədri, indiki prezident İlham Əliyev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (İlqar Altay) və Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə sənədlərini MSK-ya təqdim ediblər.

PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN CƏMİYYƏTƏ HANSI MESAJLARI VAR?

Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov mediaya müsahibəsində İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın tamamilə dəyişdiyini vurğulayır:

«Prezident İlham Əliyevin növbəti fəaliyyət dövrünün də proqramının əsas cəhətləri Azərbaycanın 10 il ərzində bizim hər birimizin müşahidə etdiyimiz inkişafını davam etdirməkdən və Azərbaycanı inkişafın daha yüksək bir pilləsinə qaldırmaq məqsədlərini və hədəflərini öz qarşısına qoymaqdan ibarətdir».

Azadlıq Partiyasının sədri Əhməd Oruc deyir ki, onun partiyası seçkiyə qatılmaqla ölkədəki vəziyyəti dəyişmək istəyir:

«Hesab edirik ki, azərbaycanlıların daha üstün, sosial cəhətdən daha müdafiə olunmuş, qanunların işlədiyi, korrupsiyanın olmadığı bir cəmiyyətdə yaşamağa haqları var».

Əli Əliyev
Əli Əliyev
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin fikrincə, mövcud durum onun partiyasının cəmiyyətlə təmas imkanı minimuma endirib. O, seçkidən cəmiyyətlə ünsiyyəti artırmaları üçün yararlanacaqlarını deyir:

«Çalışırıq ki, kommunikasiya imkanlarımızı yüksəldək. Seçkini də bu yolda bir vasitə görürük».

Liberal Demokrat Partiyasının katibi Nizami Verdiyev bildirir ki, partiya sədri Fuad Əliyev seçkiyə prezident olmaq üçün qatılır:

«Hər bir əsgər istəyər ki, general olsun. Biz də istəyirik ki, partiyamızın lideri prezident olsun».

Sosial Demokrat Partiyasının sədri Araz Əlizadəninsə seçicilərə bu mesajı var:

«Sözə qulaq asmasınlar, beyinləri ilə səs versinlər. Heç vaxt əllərini aşağı salıb deməsinlər ki, bizim səsimizdən heç nə asılı deyil. Çünki onların səsindən çox şey asılıdır».

Araz Əlizadə
Araz Əlizadə
Hüquqşünas İlqar Altay 2003-cü ildə Müsavat başqanı İsa Qəmbəri, 2008-ci ildə İlham Əliyevi dəstəklədiyini, ancaq bu dəfə özünə inandığını deyir:

«Ənənəvi iqtidar-müxalifət mübarizəsi ölkəyə heç bir yenilik gətirmir. Yeni qüvvənin mübarizəyə qoşulmasına ehtiyac var. Hesab edirəm ki, mən bunu arzulayan seçicilərin səsini yığa bilərəm».

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə də prezidentliyə namizəd kimi, cəmiyyətin dəyişməsinə can atdığını deyir:

«Həyatımızı, sosial vəziyyətimizi, milli problemlərin həllinə münasibəti, korrupsiya və rüşvətxorluğu, hər şeyi dəyişək, yeni bir cəmiyyət quraq».

MİLLİ ŞURANIN NAMİZƏDİ

Avqustun 12-də təşəbbüs qrupunun iclasında Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyi irəli sürülüb. İclasdan sonra bildirilib ki, yaxın iki gündə Rüstəm İbrahimbəyovun sənədləri MSK-ya təqdim ediləcək.
Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
Bir gün öncə Milli Şura üzvlərinə müraciətində Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından çıxmaqla bağlı səylərini artırdığını söyləsə də, bütün ehtimalların nəzərə alınmasını istəyib:

«Vahid namizədin qeydə alınmamaq təhlükəsini nəzərə alaraq, Milli Şuraya daxil olan siyasi partiyalar, hərəkat və təşəbbüs qruplarından seçki prosesində iştirak etməyə hazır olan daha bir neçə namizədin irəli sürülməsini doğru hesab edirəm».

Onun fikrincə, belə halda qeydiyyatdan keçənlərdən hansını demokratik qüvvələrin əsas namizədi kimi dəstəkləməyə Milli Şura qərar verəcək:

«Mənə elə gəlir ki, hadisələrin bu cür inkişafı demokratik müxalifətin uğuruna imkan verəcək, ancaq bu zaman vahid namizədin irəli sürülməsi və qeydiyyatdan keçməsi məsələsində Milli Şura üzvlərinin monolitliyinin zəiflədilməməsi vacibdir. Yalnız bu halda beynəlxalq qüvvələrin dəstəyinə ümid etmək olar. Öz tərəfimdən bu məsələnin müsbət həlli üçün sarsılmaz qətiyyətlə mübarizə aparmaq niyyətindəyəm».

Azərbaycanda prezident seçkisi bu il oktyabrın 9-na təyin edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG