Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:30

Diktator Hemingway-i necə senzura etdirdi?


Ernest Miller Hemingway
Ernest Miller Hemingway
-

Sən demə İspaniya diktatoru, general Francisco Franco-nun əli o qədər uzun imiş ki, Amerikada dünya şöhrətli yazıçı Ernest Hemingway-in əsərinə çəkilən filmləri senzura etdirə bilirmiş.

“El Pais” qəzeti yazır ki, onun əmri ilə ispan diplomatları 2-ci Dünya Müharibəsi zamanı Hollivudda çəkilən “Zəng kiminçün çalınır” filminin ssenarisinə düzəlişlər edilməsinə müvəffəq olmuşdular.

Məsələn, Hemingway-in frankoçular haqda işlətdiyi "falanqist”, yaxud “faşist” sözləri “millətçi” sözü ilə əvəzlənmişdi.

İspan diplomatları həmçinin “sadiq respublikaçılar” ifadəsini “qırmızılar”la əvəzlətdirə bilmişdilər.

Məqalə texaslı alim Duqlas Lapreydin (Douglas Laprade) tədqiqatlarına əsaslanır.

2-ci Dünya Müharibəsi dövründə ABŞ-da senzura qüvvədə idi və senzorlar Franco İspaniyasının ABŞ-dəki səfirliyi və konsulluğunun istəklərini nəzərə alırdılar.

Avropada ABŞ-a düşmən iki qüvvə vardı: Hiler və Mussolini. Amerika Franco-nun timsalında 3-cü bir cəbhənin də açılmasını istəmirdi.
General F.Franco
General F.Franco

Üstəlik də Franco-ya rəğbət bəsləyən də az deyildi ABŞ-da. Hollivud studiyaları da senzuranın istəklərini canla-başla yerinə yetirirdilər.

Oxumayanlara xatırladaq ki, “Zəng kiminçün çalınır” romanı 1940-cı ildə çap edilib və 30-cu illərdə İspaniyada respublikaçılarla faşistlər arasında gedən vətəndaş müharibəsindən bəhs edir.

Əsərin qəhrəmanı amerikalı gəncdir. O, beynəlmiləl qüvvələr tərkibində Franco-nun faşist qüvvələrilə savaşır.

Yazıçı həmin müharibəni jurnalist kimi işıqlandırmışdı.

Əsər Franco-nu elə qəzəbləndirmişdi ki, onilliklər boyu İspaniyada çapı qadağan edilmişdi.

Duqlas Lapreyd tədqiqatlarında onu da qeyd edir ki, oxşar düzəlişlər Hemingway-in qısa hekayəsi əsasında 1942-ci ildə çəkilmiş "Kilimancaro qarları" filmində də edilib.

Bəs Hemingway-in bu senzuraya münasibəti necəydi?

Lapreyd tədqiqatlarında qeyd edir ki, bu onu qətiyyən narahat etmirdi.

"Onun vecinə də deyildi. Çünki o qədər pul qazanmışdı ki, o qədər məşhur idi ki..."

“Zəng kiminçün çalınır” romanı Hemingway-in bütün mənalarda triumfu olmuşdu.

O cümlədən maliyyə baxımından.

Roman bir neçə ay ərzində yarım milyon tirajla satılmışdı.

Çevirdi: Namiq Hüseynli

(“Zəng kiminçün çalınır” filminin treyleri)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG