Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:09

«Torpağımı əlimdən alıb, «Zərifə Əliyeva parkı» tikirlər»


Arxiv foto
Arxiv foto
-

«Torpaq sahəsini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün almışam. İndi əlimdən alıb üstündə Zərifə Əliyeva adına park salmaq istəyirlər».

Qəbələ rayon sakini, məcburi köçkün Nizami Əliyev Qarabağ müharibəsi veteranıdır. «Qaynar xətt»ə şikayət edib ki, sahibi olduğu 3 sot torpaq sahəsini əlindən alıb, tikiləcək parkın ərazisinə qatmaq istəyirlər:

«O torpaq sahəsini 2005-ci ildə qonşumun adına almışam. Torpağa ilk şəhadətnamə də qonşumun adına alınıb. 2011-ci ildə torpaq sahəsini öz adıma keçirdim və yeni şəhadətnamə aldım. İndi sənədlə torpağın sahibi özüməm. Ancaq rayon icra hakimiyyəti torpaq sahəmi zəbt edib».

Qəbələ rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, qeyd olunan 3 sot torpaq sahəsi həqiqətən də Nizami Əliyevin xüsusi mülkiyyətindədir. Ancaq rayonda abadlaşma işlərinin aparılması ilə əlaqədar həmin torpaq sahəsi yeni tikiləcək Zərifə Əliyeva parkının ərazisinə düşür. Torpaq sahibinə başqa yerdə torpaq sahəsi təklif olunsa da razılaşmır.

TƏKLİF OLMAYIB...

Qəbələ
Qəbələ
Nizami Əliyev isə deyir ki, yerli icra hakimiyyəti ona torpağın park ərazisinə düşdüyünü bildirəndən sonra heç bir təklif etməyib:

«Başçı məni qəbul etdi, ona torpağa olan sənədlərimi göstərmək istəyəndə başladı məni hədələməyə. Dedi ki, «Luna Park»ın yanındakı evi hansı pulla tikdirmisən? Yoxlatdıracağam görüm, o ev-eşiyi hansı yolla əldə etdiyin pulla tikdiribsən?».

Nizami Əliyev deyir, artıq rayon prokurorluğu onun tikdirdiyi evlə bağlı belə bir yoxlamaya başlayıb. Rayon icra hakimiyyəti isə torpağı ona satmış rayon sakininə təzyiq göstərib ki, torpağa dair 2011-ci ildəki alqı-satqı müqaviləsinin ləğvi üçün məhkəməyə müraciət etsin. Qonşusu da bu iddia ilə məhkəməyə ərizə təqdim edib.

PREZİDENTƏ MÜRACİƏT EDİRƏM Kİ...

Rayon Prokurorluğundan Nizami Əliyevə məxsus yeni tikilinin sənədlərinin yoxlanılmasını təsdiqləyiblər.

Şikayətçi:

«Mən ölkə başçısı İlham Əliyevə müraciət edirəm ki, Qəbələdə onun anasının adına park salınmasının əleyhinə deyiləm. Ancaq onun təyin etdiyi icra başçısı bunu adamların xüsusi mülkiyyətində olan torpaqlara təcavüz etməklə həyata keçirməməlidir».

Qarabağ müharibəsi veteranı əlindən alınmış torpaq sahəsinin əvəzini, yaxud da kompensasiyasının ödənilməsini tələb edir.
XS
SM
MD
LG